“Azərbaycan” Bakıdakı vəziyyətə görə cavabdehləri- yıxdı-sürüdü

azerbaycan-bakidaki-veziyyete-gore-cavabdehleri-yixdi-surudu
Oxunma sayı: 657

Qarlı havalar başlayandan bəri hər səhər yuxudan qalxanda ilk qayğımız pəncərədən bayıra baxaraq küçədəki vəziyyəti öyrənmək olur. Fevralın 2-si səhər də ürəkaçan heç nə vəd etmirdi.
Yenə də sinoptiklərin "qarlı, çovğunlu və şaxtalı hava" proqnozu özünü doğrultmuşdu!


Yenə də küçələrdə qartəmizləyən və qumsəpən maşınlar gözə dəymirdi.

Yenə də işə gedib çatmaq, vəzifə borcunu yerinə yetirmək problemi ilə qarşı-qarşıya, köməksiz vəziyyətdə qalmışdıq.
Yenə də bircə şəhər metrosu güman yerinə çevrilmişdi.
Yenə də "qarla mübarizəyə" cavabdeh olan qurumlar və texnika günortadan sonra küçələrə çıxarılacaq, televiziya üçün "gərgin çarpışma" kadrları çəkdirəcək və axşam biz dodaqaltı deyinə-deyinə həmin süjetlərə baxacağıq.

Nə vaxtadək?!

Görəsən, bu qardan və çovğundan başqa ölkələrdə olmur? Olursa, onlardakı "cavabdeh qurumlar" da günortayadək evdə oturub havanın açılmasını gözləyirlər? Əslində təbiətin "qar-çovğun" adlı adi hadisəsi ilə necə mübarizə aparılmalıdır? Və bir də nə vaxtadək Bakıya qar yağması "görünməmiş iş", "təbiətin sürprizi" kimi qiymətləndiriləcəkdir?
Birdən-birə bu qədər suala cavab tapmaq üçün yüngülvari araşdırma apardıq, şahidlərlə söhbətləşdik. Öyrəndiklərimizi müqayisəli şəkildə sizə də çatdırırıq.

Bizim daim öyrəndiyimiz və çatmaq istədiyimiz Avropa ölkələrində qar və çovğun o zaman "təbii fəlakət" hesab olunur ki, temperatur 30 dərəcə şaxtanı, qarın qalınlığı isə azı yarım metrəni keçsin!
Bizdə isə gündüz havanın temperaturu sıfır dərəcəni adlayanda və qar küləklə birlikdə yağanda (Bakının isə heç zaman küləyi əskik olmur) özümüzü itiririk.
Avropada şaxta, qar və buz bağlamış yollarla mübarizə üçün "hazır mexanizm" var, belə şəraitdə kim necə hərəkət edəcəyini bilir.
Bizdə isə hər dəfə qar və çovğun müvafiq qurumları (sinoptiklər günlərlə qabaqcadan boğazlarını cırsalar da belə) qəflətən yaxalayır, çaş-baş salır.

Avropada qar yağmağa başlayan andan yolları təmizləyən, qum və duz səpən texnika işə başlayır.
Bizdə isə qar yerə yatıb buza çevriləndən, yollar bağlanıb həyatın normal axarı pozulandan sonra adlarını çəkmək istəmədiyimiz qurumlar hərəkətə gəlirlər.
Avropada hər texnikanın "təhkim edildiyi" ərazi var və dayanmadan işləyir.

Bizdə isə 700 müvafiq texnikanın olması barədə açıqlamalar səslənsə də, əli belli qum səpənlərdən başqa xüsusi təyinatlı maşınlar nadir hallarda gözə dəyir.
Avropada ölkənin bütün magistral yolları və şəhərin küçələri təmizlənir.
Bizdə isə yalnız Ağsu aşırımı və paytaxtın bir neçə əsas küçəsi.
Avropada qışqabağı tədarük olunan qum və duz yolların buzlu olduğu dövrdə müntəzəm şəkildə səpilir.

Bizdə isə yolların qarı əriyəndən sonra qum dolu maşınlar şəhərin bir neçə yerində saxlanılaraq (qoy hamı görsün ki, qum ehtiyatı yaradılıb) xalqa nümayiş etdirildikdən sonra aparılaraq qələn qara qədər "hazır vəziyyətdə" saxlanılır.
Avropada ictimai və şəxsi nəqliyyat vasitələri "qış təkərləri" olmadan və ya sürüşməyə qarşı müvafiq qurğu tətbiq edilmədən küçə və yollara buraxılmır, əks halda cərimələnir.
Bizdə isə başlı-başını saxlasındır.
Avropada hətta küçələrdə insanların isinməsi, isti su və ya çay içməsi üçün müvafiq yerlər ayrılır, isti çadırlar qurulur.
Bizdə isə hələ o mərhələyə xeyli qalıb.

Ən nəhayət:

Avropada qar yağan kimi hamı dövlət qurumlarının köməyinə gəlir, həyətlərdə insanların sürüşmədən gedib-gəlməsi üçün cığırlar açılır, vətəndaşlar evlərinin, satıcılar mağazalarının qarşısını qardan təmizləyir.
Bizdə isə hamı dövlətin dalınca danışa-danışa özünü evə çatdırmağa, isti otaqdakı televizorun qabağında oturmağa tələsir.
Sonra da gileylənirik ki:

"Bizdən qabaqdadır avropalılar..."

Əgər Avropaya tez çatmaq, qar yağanda küçələrdə yıxılıb əzilməmək, nəqliyyatda rahat getmək, işə vaxtında çatıb normal çalışmaq istəyiriksə, hərə öz vəzifə borcunu vicdan və məsuliyyətlə, "xüsusi tapşırıq" gözləmədən yerinə yetirməlidir.
Vətəndaş isə bu yöndə çalışan dövlət işçilərinə dayaq, sınaq qarşısında olanlara arxa durmalıdır.
Əlbirlikdən başqa çətinlikdən çıxmağın yolu yoxdur!