Azərbaycan BMT-yə təqdim etdiyi qətnamə layihəsini niyə geri götürdü?- Dörd səbəb

azerbaycan-bmt-ye-teqdim-etdiyi-qetname-layihesini-niye-geri-goturdu-dord-sebeb
Oxunma sayı: 686

Bu məsələyə münasibət bildirən AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev “Qafqazinfo”ya açıqlamasında BMT Baş Assambleyasının gündəliyinə salınmış "İşğal olunmuş Azərbaycan ərazilərində vəziyyət" adlı qətnamə layihəsinin səsverməsi Azərbaycanın öz təşəbbüsü ilə qeyri-müəyyən müddətə təxirə salınmasını bir neçə faktorla izah edib:
“Birincisi, Azərbaycanın siyasi və humanitar həyatında gələn ilin yanvarın birindən yeni dövr başlayır. Bu dövr BMT-nin Təhlükəsizlik Şurasına Qeyri-daimi üzv seçilməsi ilə bağlıdır. Azərbaycan 5-ci ildir ki, bu qətnaməni keçirə bilmir. İndi də heç bir əsas yoxdur ki, Azərbaycan üzvlük üçün onu dəstəkləmiş 150 ölkənin səsini ala bilsin. Ola bilər ki, bu il üçün Azərbaycan ona etimad göstərmiş dövlətlərdən ikinci dəfə xahiş etmək iqtidarında deyil.
İkincisi, Azərbaycan gələn ildən TŞ-nın bütün toplantılarında iştirak edəcək və üzv dövlətlərlə lobbiçilik fəaliyyəti aparmağa çalışacaq. Aparılan işin nəticəsindən və reallıqlardan asılı olaraq gələn ildən daha effektiv şəkildə iş qura bilər.
Üçüncüsü isə Azərbaycanın BMT-nin Baş Assambleyasının gündəliyinə bu məsələni salması, həmişə həmsədr dövlətlər olan ABŞ, Rusiya və Fransanın ciddi narazılığı ilə qarşılaşıb. Artıq gələn ildən ölkəmiz onlarla birlikdə işləməli olacaq. Bu baxımdan birgə işdən iki-üç həftə öncə onları qıcıqlandırmaq istəmir.
Dördüncüsü, ola bilər ki, həmsədr dövlətlər və Türkiyə də Azərbaycandan sənədini geri götürməyi xahiş edib. Əlavə olaraq, ola bilsin ki, BMT-nin TŞ-na qeyri-daimi üzv olması üçün səsvermədə iştirak edən bir sıra dövlətlər Azərbaycana şərtlə səs verib. Bu şərt də 5 ildir ki, gündəliyə salınan qətnamə layihəsini təzədən gündəliyə salmamaq olub. Türkiyənin Azərbaycandan bu xahişi etməsi isə onunla izah oluna bilər ki, o da bir sıra dövlətlərdən Azərabycanın namizədliyini dəstəkləmək üçün fərdi olaraq xahişlər edib. Ola bilsin ki, bəzi dövlətlər müəyyən şərtlər çərçivəsində Azərbaycanı dəstəkləyib.”