Azərbaycan bu gün qızıl qazanacaqmı?

azerbaycan-bu-gun-qizil-qazanacaqmi
Oxunma sayı: 650

Bu gün London Olimpiadasında 4 idmançımız mübarizə aparacaq.
“Qafqazinfo”nun verdiyi məlumata görə, onlardan ikisi duet şəklində çıxış edəcək.

Belə ki, kanoeçilərimiz Sergey Bezuqlıy və Maksim Prokopenko final mərhələsinə çıxacaq. 2 nəfərlik qayıqla yarışan idmançılarımızın rəqibləri Liviu Lazar-Dumitresku – Viktor Mixalaki (Rumıniya), Yaroslav Radon – Filip Dvoryak (Çexiya), Aleksey Korovaşkov – İlya Pervuxin (Rusiya), Peter Kretşmer – Kurt Kuşela (Almaniya), Maosinq Huanq – Li Kianq (Çin), Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus) və Serxuey Torres – Xose Karlos Bulnes (Kuba) tandemləri olacaq. Kanoeçilərimizin medal qazanacağına ümid böyükdür. İdmançılarımız təsnifat mərhələsində öz yarımqrupunu lider kimi tamamlayaraq finala birbaşa vəsiqə qazanmışdı.

Bədii gimnastikada isə Azərbaycanı Pekin Olimpiadasında olduğu kimi Aliyə Qarayeva təmsil edəcək. 24 yaşlı gimnastımız ardıcıl olaraq həlqə və topla qüvvəsini sınayacaq. A. Qarayeva ən böyük uğuruna 2007-ci ildə imza atıb. O, Bakıda keçirilən Avropa çempionatının qızıl medalını qazanıb.

Günün son idmançısı isə güləşçimiz Yuliya Ratkeviç olacaq. Güləş üzrə Olimpiadada sonuncu təmsilçimiz olan Ratkeviç 55 kq çəki dərəcəsində 1/8 finaldan mübarizəyə başlayacaq. 27 yaşlı idmançımızın rəqibi yunanıstanlı Mariya Prevolaraki olacaq.
Belarus əsilli güləşçimizin də medal qazanmaq ehtimalı böyükdür. O, indiyədək Dünya və Avropa çempionu, Dünya ikincisi və Avropa üçüncüsü olub.

Qeyd edək ki, London Olimpiadasına göndərilən 53 idmançıdan 42-si mübarizəyə qoşulub. Onlardan 5-i ümumilikdə 4 idman növündə mübarizəni davam etdirir. Olimpiya yığmamız geridə qalan 13 gün ərzində 2 gümüş və 2 bürünc medal qazana bilib.

9 avqust
Kanoe (1000 m), final mərhələsi
13:30. Sergey Bezuqlıy – Maksim Prokopenko dueti

Bədii gimnastika, çoxnövçülük, təsnifat mərhələsi
16:00. Aliyə Qarayeva

Qadın güləşi, 1/8 final
17:21. Yuliya Ratkeviç (55 kq)

Ceyhun Əhmədov