“Azərbaycan buna imkan verməməlidir”

azerbaycan-buna-imkan-vermemelidir
Oxunma sayı: 805



Laçın rayonu ərazisində seperatçı rejim tərəfindən 300 ailənin məskunlaşdırılmasını Dağlıq Qarabağın milliləşdirilməsi və etnik demoqrafiyanın ermənilərin xeyrinə dəyişdirilməsi üçün edildiyini deyən R. Nurullayev bildirib ki, müxtəlif mənbələrin söylədiklərinə görə, işğal olunmuş ərazilərə müxtəlif ölkələrdən köçürülənlərin sayı 17 mindən çoxdur: “Bu ailələr burada kök salandan sonra, onların çıxarılması yeni bir münaqişə ocağının yaradılmasına gətirib çıxaracaq. Ermənilərə də bu lazımdır. Onlar çalışır ki, əgər Azərbaycan torpaqları hansı yolla olur olsun azad etsə belə, mülki əhalinin çıxarılması ilə bağlı problemlə üzləşsin. İnanmıram ki, mülki əhalinin çıxarılması zamanı beynəlxalq aləm sükutla keçsin. Azərbaycan ciddi qınaqla üzləşəcəkdir. Yeni ailələrin Laçında və digər arəzilərdə yerləşdirilməsi gələcəkdə Azərbaycan üçün elə bir çətinlik yaradacaq ki, onun içindən asanlıqla və qansız-qadasız çıxmaq daha çətin olacaq. Buna görə də Azərbaycan buna imkan verməməlidir”.

R. Nurullayev problemin həlli üçün iki yol gördüyünü vurğulayıb. Birincisi həmsədr ölkələr vasitəsilə təzyiq göstərmək və şərt irəli sürmək ki, məskunlaşan əhali oradan çıxarılsın və ya həmsədr ölkələr öhdəlik götürsün ki, bunlar yerli yox, sonradan gətirilimiş immiqrantlardır. Münaqişənin həlli zamanı isə onlar haqqında beynəlxalq qanunlar çərçivəsində addımlar atılacaq. İkincisi isə Azərbaycan Dağlıq Qarabağla bağlı siyasətinə ciddi korrektələr etməlidir: “Hazırkı xarici siyasət gələcəkdə Dağlıq Qarabağın itirilməsi ilə nəticələnə bilər. Hesab etmirəm ki, zaman Azərbaycanın xeyrinə işləyir. Qətiyyətlə deyə bilərəm ki, zaman Ermənistanın xeyrinə, Azərbaycanın isə ziyanına işləməkdədir”.