Azərbaycan dilini öldürmək istəyən

azerbaycan-dilini-oldurmek-isteyen
Oxunma sayı: 956

Yazılarını oxumasam da, bir neçə müddət idi ki, həmin zümrədən olan biri ilə bağlı dövrü mətbuatda rastlaşdığım bütün xəbərləri izləyirəm. Bu günlərdə dostlarımdan biri mənə həmin adamın qızının “Facebook”- sosial şəbəkəsində olan səhifəsini göndərdi. Cəmiyyətdə olan bütün problemlərin kökünü İslamda görən bu köklü adamın qızının səhifəsində Azərbaycan dilində bircə kəlmə belə yoxdur. Bütün məlumatlar rus dilindədir. Və əgər həmin səhifə qızının deyil, oğlunun səhifəsi olmuş olsa idi, həmin bu köklü adamın da, onun oğlunun da adını yazıb sizlərə əyani şəkildə göstərərdim…

Azərbaycanda və eləcə də bütün Şərqdə olan problemlərin kökünü İslamda görən bu köklü adama cavab vermək niyyətində deyiləm. Yalnız çox qısa bir təhlili oxucuların nəzərinə çatdırmaq istərdim.
Dünyada 47 ölkə vardır ki, əhalisinin 50%-dən çoxu müsəlmanlardır. Həmçinin, bu 47 ölkədən cəmi 7-dǝ şǝriǝt qanunları tətbiq edilir. Şəriət qanunlarının tətbiq edildiyi ölkələrin siyahısına daxil olan Malayziyada isə qeyri-müsəlman olan sakinlərə bu qanunlar şamil deyildir və onların əlahiddə hüquqları vardır. Əhalisinin 50 %-dən çoxu müsəlman olan bu 47 ölkənin nə az, nə çox 10-da hicabla bağlı kəskin problem vardır. Belə ki, hicablı qadınlar dövlət müəssisələrində işləyə bilməzlər, mənsub olduqları dövlətin olanlara verdiyi şəxsiyyət vəsiqələrində başı bağlı şəkil çəkdirmək hüququndan məhrumdurlar və s. Eyni zamanda bu 47 ölkədə ən çox xor görülən, işgəncələrə məruz qalan, dünya mətbuatının “unutduğu” təbəqə də İslam dinində buyurulduğu kimi yaşamaq istəyən müsəlman təbəqəsidir. Söylədiklərimə misal olaraq sadəcə 2003-cü ildə Özbəkistanda sıravi bir məscid imamının qaynar suda qaynadılaraq öldürülməsi hadisəsini xatırlamaq kifayət edər.

Sayı 47 olan müsəlman ölkələrinin bir çoxunda insanların hansı dinə, yaxud hansı mədəniyyətə mənsub olduqları belə seçilmir. Daha dəqiq desək, “müasirlik” adı altında müsəlmanlar, müsəlman olmaqdan çox, qeyri-müsəlman qiyafətində və düşüncəsindədirlər. İstanbulun göbəyi olan Beşiktaşda “Konrad” adlı böyük bir mehmanxana vardır (ABŞ prezidenti Obama belə İstanbula gəldikdə həmin mehmanxanada yerləşdirilir). Konrad, müsəlmanlar üzərinə edilən 19 Xaç Səfərindən üçüncüsünə sərkərdəlik etmiş adamdır. Və yaxud Bakıda Azərbaycanı və eləcə də bütün müsəlman coğrafiyasını yerlə yeksan edən Çingiz xanın adına şadlıq sarayı vardır.
Təsəvvür edin ki, müsəlmanları qılıncdan keçirən adamların şərəfinə müsəlmanlar yaşayan torpaqlarda böyük-böyük iqamətgahlar vardır. Bunun əksi olaraq isə elə bir xristian ölkəsi yoxdur ki, orada elə həmin o müsəlmanları qətliam edən xaçlıları geri püskürdən Səlahəddin Əyyubinin adına hər hansı bir nişanə olsun. Yaxud Ömər Muxtarın, Şeyx Şamilin adına hansı şəkildə isə rast gəlinsin. Müsəlman ölkələrində Marksın, Darvinin adları küçələri, qəsəbələri bəzəyərkən, Qərbdə nə mənfi və müsbət sonsuzluğu kəşf edən Əl-Cəbrin, nə antropologiya və psixologiya elminin əsasını qoyan İbn-i Sinanın, nə də sosiologiya elminin banisi İbni-Xalidunun adlarına rast gəlmək mümkündür ( ayrı-ayrı Qərb filosof və alimlərinin əsərlərində istinad etdikləri mənbələri nəzərə almıram-müəllif).

Müsəlman ölkələri sayılan bu 47 ölkənin böyük əksəriyyətinin təhsil sistemində də İslama olan düşmənçilik qeyri-müsəlman ölkələri ilə müqayisə edilməyəcək qədər hədsizdir. Darvinin vətəni olan İngiltərədə darvinizm bir nəzəriyyə olaraq tədris olunursa, əksər müsəlman ölkələrində darvinizm nəzəriyyəsi riyaziyyat qədər dəqiq elm kimi keçilir. Bununla yanaşı, əgər Böyük Britaniyanda fəaliyyət göstərən 118 universitetin 118-də də ibadət etmək üçün xüsusi yerlər vardırsa, müsəlman ölkələrinin böyük əksəriyyətində nəinki ibadət etmək üçün ibadətxanalar, hətta müəllim və tələbə heyətinin həftədə bir dəfə olan cümə namazını qılmaq üçün kiçik bir otaqları belə yoxdur.

İslamda haram sayılan şərab ilə bağlı vəziyyət də acınacaqlıdır. Əlimdǝ Azərbaycanda şərabçılığa aid hər hansı bir statistik məlumat yoxdur, lakin qətiyyətlə deyə bilərəm ki, əhalisinin 50%-dən çoxu müsəlman olan Azərbaycan, əhalisinin 99.9 % -i qeyri-müsəlman olan Finlandiyadan daha artıq şərab idxal və ixrac edir.
Bu müqayisələrdən müəmmalı nəticələr əldə olunur. Madam ki, iddia edildiyi kimi Qərb dini kənarlaşdırıb dünyəvilik yolu tutduqdan sonra inkişaf etməyə başlayıbsa, deməli, dünyəvi yol tutan 40 müsəlman ölkəsi ən azı onlar qədər inkişaf etməlidir. Yaxud, şəriət qanunları arzulayan vətəndaşlarına ağır cəzalar verən bir neçə “müsəlman ölkəsi” Qərb dövlətlərindən iqtisadi və siyasi cəhətdən daha sabit olmalıdırlar. Lakin göründüyü kimi bu heç də belə deyildir.
Ən inkişaf etmiş müsəlman dövləti Malayziya olmaqla bərabər, milli gəlirə görə ilk yerləri Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirliyi, Bəhreyn, Qatar, Oman və bir neçə aydan bəri qanlı döyüşlər gedən Liviya tutur.

Yuxarıda qeyd etdiyim İslama dil uzadan həmin bu zümrə müsəlman-azərbaycanlılara zərbəni indi də onların dilini dəyişdirməklə vurur. Ən qəribəsi isə odur ki, bunu “müasirlik” və “inkişaf” adı altında edirlər. Günümüzdə “müasir” və “inkişaf etmiş” kimi tanınmaq istəyirsənsə, səyyah yerinə turist, mehmanxana yerinə otel, təqaüd yerinə pensiya, layihə yerinə proje, amma yerinə ama, idi yerinə ydi, mütəxəssis yerinə ekspert, inhisar yerinə monopoliya, qurum yerinə istablişmənt, sədr yerinə spiker, köklü surətdə yerinə total, yenilik yerinə gəlişmə, görünməmiş yerinə analoq, sərmayə yerinə investisiya, nümayiş yerinə mitinq, milli məclis yerinə parlament və s. bu kimi sözlər işlətməlisən. Həmçinin, çox acı təəssüf hissi ilə vurğulamalıyam ki, kimsə “xalqın müasirliyi və inkişafı onun həyat tərzinə yenilik gətirməklə olur, əcnəbi sözləri lüğətimizə salmaqla deyil” deyərək bu zümrəyə öz etirazını bildirmir.

Və sonda hər zaman olduğu kimi kimsə haqqında yazı yazarkən heç də niyyətim o adama təsir etmək deyil. Əksinə, niyyətim bacardığım qədər ətrafındakılara biganə qalan oxucuları məlumatlandırmaq olur.
Bu baxımdan, ey oxucu, tam əminliklə söyləmək lazımdır ki, müsəlman ölkələrinin cəhaləti elə İslamdan uzaqlaşmalarıdır. İmansızların və naqislərin cəmiyyətdə at oynatmaqları da səni aldatmasın.
İslam dinində din duyğusunun və həqiqət eşqinin insanın fitrətində olduğu göstərilir. Araf surəsinin 172-ci ayəsində: “Qiyamət günündə, biz bundan xəbərsiz idik deməyəsiniz deyə, Rabbin Adəm oğullarının bellərindən zürriyyətlərini çıxardı və onları Özünǝ şahid tutaraq soruşdu ki: “ Mən sizin Rabbiniz deyiləmmi? (Onlar da) Bəli, şahid olduq dedilər”.

İnsan, insan olaraq yaradılmağını qəbul etməklə yaradanının Rabbiliyinə şahid olmağa vəd vermişdir. İnsanın sonradan qazandıqları onun fitrətini dəyişmədiyi üçün hər insanın fitrətində, vicdanının dərinliyində bir haqq duyğusu vardır. Gizli, ya aşkar, bu duyğu vardır. Ən inadkar kafir belə sıxıntı, bəla və fəlakət ilə üzləşdikdə qəlbinin dərinliyində Rabbinə sığınmaq hissi duyar. Rum surəsi, 33-cü ayədə Allahu-Təala insanın bu halını belə təsvir edir: “İnsanların başına bir bəla gəldikdə, Rabblərinə dönərək Ona yalvararlar. Sonra Allah, qatından onlara bir rəhmət (nemət və bolluq) verdikdə, görərsiniz ki, onlardan yenə bir dəstə Allaha şərik qoşarlar”.