Azərbaycan “Eurovizion” təhlükəsizliyi ilə bağlı Rusiya təcrübəsini öyrənir

azerbaycan-eurovizion-tehlukesizliyi-ile-bagli-rusiya-tecrubesini-oyrenir
Oxunma sayı: 726





Gələn ilin mayında Bakıda keçiriləcək “Eurovizon” musiqi yarıması ilə bağlı Azərbaycanda bütün sahələrdə ciddi hazırlıqlar davam etdirilir. “Qafqazinfo”nun məlumatına görə, hazırda yarışmanın keçiriləcəyi arena, Dövlət Bayraq Meydanının yaxınlığında sürətlə tikilməkdədir. Bir neçə gün əvvəl “Qafqazinfo”da həmin arenanın maketinin şəkillərini də yaymışdıq. Həmin fotolardan da görünür ki, Bakıda tikiləcək arena bir neçə xüsusiyyətlərinə görə seçiləcək. Hər şeydən əvvəl bu arenaya dənizdən giriş və çıxış mümkün olacaq. İzləyicilər yarışmanın keçiriləcəyi salona gəmi ilə yaxınlaşa biləcəklər.

Daha bir maraqlı və zəruri məqam yarışmanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. Bu istiqamətdə görülən xüsusi hazırlıqlar da diqqət çəkən şəkildə hiss olunur. Artıq bir neçə min xüsusi seçilmiş polis əməkdaşları kurslara cəlb edilib. Onlara “Kaspi”dil kurslarında müntəzəm şəkildə ingilis, fransız və digər əcnəbi dillər öyrədilir. Bundan başqa, “Eurovizion”un təhlükəsizliyini qoruyacaq polis əməkdaşlarına davranış qaydaları ilə bağlı xüsusi təlimlər də keçirilir. Hətta təhlükəsizlik qaydaları ilə bağlı xarici təcrübə də öyrənilir. Belə ki, bu yaxınlarda Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, general-mayor Cavanşir Məmmədovla, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, paytaxtın ictimai təhlükəsizliyinə cavabdeh olan Səhlab Bağırov Rusiyaya ezam edilib. Azərbaycan Rusiyada bir neçə il əvvəl “Eurovizion” yarışmasının keçirilməsini nəzərə alaraq Moskvanın təhlükəsizlik tədbirlərini öyrənmək niyyətindədir. Rusiya saytlarının yazdığına görə, Azərbaycandan gələn nümayəndə heyəti bu ölkədə yarışmanın keçildiyi arenaya baş çəkib, orada təhlillər aparıblar.

Məlumatlara görə, “Eurovizion” təlimlərinin yaxın vaxtlarda otel əməkdaşlarına da keçirilməsinə başlanacaq. Belə ki, hazırda Bakıda sürətlə təmir edilən otellərdə iş başa çatandan sonra işçi personalın üzərində çalışılacaq.