“Azərbaycan heç zaman erməni təcavüzü ilə barışmayacaq”

azerbaycan-hec-zaman-ermeni-tecavuzu-ile-barismayacaq-
Oxunma sayı: 691




“Fələstin mübarizəsinə dair” Tehranda keçirilən V iclasda iştirak edən Azərbaycan nümayəndə heyəti İran Prezidenti Mahmud Əhmədinejad və İran İslam Şurası Məclisinin sədri Seyid Əli Laricani ilə görüşüb. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Prezident Mahmud Əhmədinejada çatdıran Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə səmimi qonaqpərvərliyə görə İran Prezidentinə minnətdarlığını bildirib. Təcavüzkar Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin hələ də işğal altında olduğunu diqqətə çatdıran A. Paşazadə qeyd edib ki, bu, beynəlxalq hüquq normalarına ziddir və insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Azərbaycan xalqı erməni təcavüzü ilə heç zaman barışmayacaq.

Öz növbəsində səmimi salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edən İran prezidenti qeyd edib ki, Azərbaycan və İran ən yaxın qonşu və mehriban dost ölkələrdir. Prezident İlham Əliyevlə qardaşlıq münasibətində olduğunu diqqətə çatdıran M.Əhmədinejad bildirib ki, iki ölkə arasında münasibətlərin daha sürətli inkişafı üçün böyük perspektivlər mövcuddur. Tərəflər bu imkanlardan qarşılıqlı münasibətlərin genişləndirilməsi istiqamətində səmərəli istifadə edirlər.

Azərbaycan nümayəndə heyətinin İran İslam Şurası Məclisinin sədri Seyid Əli Laricani ilə görüşü də səmimi şəraitdə keçmişdir. İran parlamentinin sədri qeyd edib ki, Azərbaycana səfəri uğurlu olmuş və onun yaddaşında çoxlu xoş xatirə qalıb.

AzərTac