“Azərbaycan hökuməti iflic vəziyyətindədir”

azerbaycan-hokumeti-iflic-veziyyetindedir-
Oxunma sayı: 687


Müasir Müsavat Partiyası (MMP) mövqelərini sərtləşdirmək istəyir. Hətta partiya İctimai Palata ilə əməkdaşlıq etmək istiqamətində müəyyən addımlar da atmaq niyyətindədir. MMP sədri Hafiz Hacıyevlə söhbətə də bu mövzudan başladıq.


- Hazırda bizim İctimai Palata ilə münasibətlərimiz normaldır. Bu gün də İctimai Palata ilə müxtəlif istiqamətlərdə danışıqlar aparırıq. Biz Koordinasiya Şurasının üzvü Pənah bəylə müzakirələr aparmışıq və İP-nin iclasında bu məsələni qaldırıb.
Mayın 10-da Siyasi Şuranın iclasını keçirəcəyik, qurultayla bağlı qərar veriləcək. Mayın axırı, iyunun əvvəllərində qurultayımızı keçirib partiyanın hansı siyasi xətti tutacağına dair qərar verəcəyik. İctimai Palata ilə əməkdaşlığın dərinləşdirilməsi barədə qurultayda qərar verilsə, bu yöndə daha ciddi addımlar atacağıq.
Mən hər zaman inteqrasiya tərəfdarı olmuşam. Hesab edirəm ki, dövlətini, millətini sevən qüvvələr bir yerdə olmalıdırlar. Bir-iki partiyanın birləşməsi ilə ölkədə demokratikləşməyə, ciddi islahatların aparılmasına nail olmaq mümkün deyil. Ona görə də bütün demokratik qüvvələr vahid güc kimi birləşməlidir.

- Məlum olduğu kimi, İctimai Palata davamlı mitinqlərə başlayıb. MMP-nin kütləvi aksiyalarla bağlı hər hansı planı varmı?

- Bizim partiya kütləvi aksiyaların keçirilməsini zəruri sayır. MMP-də mart ayında mitinq komitəsi də yaradılıb və mitinqlərə çox ciddi hazırlıq gedir. Amma Bakı Şəhər İcra Hakimiyyəti rəhbərliyinin inadkarlığı, qanunları pozması nəticəsində özlərinin ayırdığı yerdə belə, mitinq keçirməyə icazə vermirlər. Bu, Hacıbala Abutalıbovun prezidentə qarşı tutduğu mövqenin göstəricisidir. Amma bütün bunlara baxmayaraq, bizim mitinq qərarımız qüvvədədir. Ola bilsin ki, mayın 10-da keçirəcəyimiz Siyasi Şuranın iclasında mitinqin günü və yeri müəyyənləşdirilsin.

- Məsələ ondadır ki, hətta şəhərin kənarında olsa belə, hakimiyyət mitinqlərin daha izdihamlı keçirilməsinə maneələr yaradır...

- Bu, çox yanlış siyasətdir. Bu siyasətin arxasında qorxaqlıq, acizlik dayanır. Normal haakimiyyət öz xalqından qorxmamalı, ona dayaq kimi baxmalıdır. Amma Azərbaycan hakimiyyətində təmsil olunanların əksəriyyəti bu xalqı təmsil eləmədiklərinə görə qorxurlar. Bunların əsas qorxduğu odur ki, bu günə kimi etdikləri xəyanətlərin üstü açıla bilər.
Biz partiya olaraq, həmişə prezidenti müdafiə edəcəyik. Bu gün bütöv bir komandanın əvəzində təkcə prezident işləyir. Ancaq tək bir adam bütün problemləri həll edə bilməz. Azərbaycan hökumətinin isə sadəcə adı var, özü yoxdur. Mən deyərdim ki, bu gün Azərbaycan hökuməti iflic vəziyyətindədir. Hökumətdəkilər başdan-ayağa korrupsiyaya bulaşıblar, amma oturduqları kürsünün qüdrətinə görə törətdikləri cinayətlərinin üstü açılmır. Həmin məmurlar indi yeni taktika ilə işləyirlər. Özləri problemi yaradırlar, sonra da prezidentə deyirlər ki, biz həll edərik. Yəni, bu yolla özlərini gözə soxurlar.
Açığını deyim ki, bu gün hakimiyyət daxilində müxalifətlə iş birliyində olan ciddi qüvvələr var. Rəsul Quliyevlə hərtərəfli əməkdaşlıq edən, ona həm maliyyə, həm digər məsələlərlə bağlı dəstək verən şəxslər hakimiyyətdə kifayət qədər ciddi post tuturlar. Hazırda bu istiqamətdə ciddi araşdırma aparıram. Yəqin ki, yaxın müddətdə bu barədə cənab prezidentə məlumat verəcəyəm. Əgər belə bir görüş baş tutsa, iqtidar-müxalifət münasibətlərinin normallaşması istiqamətində də müəyyən addımların atılmasına çalışacağam.

- Hakimiyyət nümayəndələri dialoqa hazır olduqlarını bildirsələr də, hələ də bir masa arxasına keçə bilməmisiniz. Bunu nə ilə əlaqələndirirsiniz?

- Hakimiyyətdəki kommunist təfəkkürlü adamlar elə bilirlər ki, hamını özlərindən uzaq tutmaqla irəli gedə biləcəklər. Əksinə, YAP nümayəndələrinin atmacalı sözləri siyasi mühitdəki vəziyyəti daha da pisləşdirir. Bu cür münasibətlər sistemi axıra qədər davam eləsə, ölkədə çox pis proseslər başlaya bilər.
Qarşıdan prezident seçkiləri gəlir, seçkiöncəsi həssas situasiya yaranır, hər hansı bir gərginlik yaransa, qarşısını ala bilməyəcəklər. Yaxşı olar ki, YAP-dakı yoldaşlar tikanlı sözlərindən əl çəksinlər və iqtidarla müxalifətin dialoqunun baş tutmasına nail olsunlar. Əks təqdirdə daha ciddi problemlərlə üzləşəcəklər. Hakimiyyət isə bir papkası, bir sədri olan "cırtdan" partiyaları maliyyələşdirmək istəyir. Amma həmin partiya rəhbərlərindən biri qadın alveri ilə məşğuldur.

- Kimi nəzərdə tutursunuz?

- Mən ad çəkmək istəmirəm. Hamı yaxşı bilir ki, qadın alveri edən deputat kimdir. Hakimiyyət belə adamları parlamentə buraxır, sonra da onların rəhbəri olduğu "cırtdan" qurumu siyasi partiya hesab edərək maliyyələşdirmək qərarına gəlir. Söz sahibi olan AXCP, Müsavat, MMP, ADP, KXCP kimi partiyalar isə maliyyələşmədən kənarda qalır, amma cinayətə bulaşmış adamların bir papkadan ibarət partiyaları dövlət tərəfindən maliyyələşdirilir. Hesab edirəm ki, bu yanaşma yalnız hakimiyyətdəki köhnə təfəkkürlü qruplaşmanın məhsuludur. Ona görə də prezident tezliklə köklü islahatlara başlamalıdır.

- Sizcə, islahatlara hansı sahədən başlamaq lazımdır?

- Azərbaycanda bütün sahələr bərbad vəziyyətdədir. Bir-iki nazirliyi, komitəni çıxmaq şərtiylə qalan dövlət qurumlarında rüşvət və korrupsiya baş alıb gedir. Son dövrlər nə qədər sosial təminat məmuru həbs edilib? Nə qədər təhsil işçisi rüşvət üstündə tutulub? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri, məktəb direktorları tutulursa, deməli, rüşvət tapşırığı onlara daha yuxarı dairələrdən verilir.

- Yəni, Füzuli Ələkbərovla, Misir Mərdanov da məsuliyyətə cəlb olunmalıdır?

- Ad çəkmək istəmirəm. Demirəm ki, Misir Mərdanovun, Füzuli Ələkbərovun orda günahı nə qədərdir. Amma Füzuli Ələkbərovun işçisi rüşvət üstündə tutulursa, buna kim cavabdehdir?
Tutulanların hamısı deyir ki, mən rüşvəti alıb yuxarı verirəm. Ya bu adamlar rüşvəti alıb Füzuli Ələkbərovun özünə verir, ya da onun müavininə. Burda ikinci variant yoxdur. Yəni, hər hansı bir nazirlikdə rüşvət və korrupsiya varsa, ya nazir də o işin içindədir, ya da məsuliyyətsiz və səriştəsizdir deyə, rəhbəri olduğu quruma nəzarət edə bilmir.

- Bir vaxtlar İsmət Abbasovla Şahin Mustafayevin də fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndirirdiniz, deyəsən, ara vermisiniz...

- Heç nəyə ara verməmişəm, yenə də əvvəlki kimi sıfıra bərabər fəaliyyət göstərirlər. İqtisadi inkişaf naziri hansı yeni iş yeri açıb ki, o barədə müsbət nəsə deyək? Şahin Mustafayevin işçiləri axşama qədər sahibkarlıq müəssisələrindən pul yığmaqla məşğuldur, özü isə hakimiyyətdəki müəyyən klanların tapşırığını icra etməkdən başqa bir şey bilmir.
Prezident də Nazirlər Kabinetinin iclasında dedi ki, iqtisadi artım tempi azalıb. Bu gün ölkədə ortada olan iqtisadi göstərici neft sektoru ilə bağlıdır. Yəni, İqtisadi İnkişaf Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin ciddi fəaliyyəti olsaydı, Azərbaycan iqtisadiyyatı bu günə düşməzdi.
Görmüsünüzmü ki, İqtisadi İnkişaf Nazirliyi bir nəfər kənar adama kredit versin? Bu, mümkün deyil. Yalnız öz adamlarına, bir də yuxarıdan tapşırılan şəxslərə yüksək kreditlər verilir. Guya rayonlarda fermerlərə, sahibkarlara kredit verirlər? Bir adama 10 min manat verirlərsə, onun 5-6 min manatını əlindən alırlar. Azərbaycan iqtisadiyyatına məsul olan şəxslərin qabiliyyətsizliyi üzündən ölkə iqtisadiyyatı iflic vəziyyətə düşüb. Ora-bura bər-bəzək vurmaq isə inkişaf demək deyil.
Bu barədə çox demişəm. Amma ortada müsbət nəticə olmadığı üçün adam cana doyur. Bu gün Azərbaycandakı məmur korpusu qarşısına məqsəd qoyub ki, ölkədə qarışıqlıq yaransın və bundan istifadə edərək daha çox talançılıqla məşğul olsunlar. Amma arxayın olmasınlar, onlar törətdikləri hər bir cinayətə görə cavab verəcəklər. Onların Azərbaycan xalqından oğurladıqları sərvətlər xalqa qaytarılacaq. Elə bilməsinlər ki, xarici banklara qoyduqları milyardlar onlara qalacaq. Odur ki, əksər nazirlər ərizələrini üzüsulu yazıb istefa versinlər.
Bu gün Azərbaycanın hərtərəfli islahata ehtiyacı var. Əgər bunlar deyirsə ki, biz qolu zorluyuq, hamını əzərik, bunun da axırı yoxdur. Xalq bu gün ciddi dəyişikliklər istəyir və düşünürəm ki, bu tələb yüksələn xətt üzrə inkişaf edəcək.

- Necə düşünürsünüz, hakimiyyətin bu il ciddi islahatlara başlaması mümkündürmü?

- Aparılan təhlillər göstərir ki, ciddi dəyişikliklər Azərbaycan xalqının iradəsindən və birgə mübarizəsindən asılıdır. Gündüz müxalifətçi olan, gecə bəzi iqtidar mənsublarının ətrafında dolaşan müxalifət nümayəndələri ikiüzlü siyasətlərindən əl çəkməsələr, proses bir qədər də gecikəcək. Amma Azərbaycan xalqı tələbini prinsipial şəkildə davam etdirsə, 2012-ci il böyük dəyişikliklər ili olacaq.

- Amma hələlik hakimiyyət düşərgəsində islahat aparmaq əhval-ruhiyyəsi hiss olunmur...

- Əgər qısa müddətdə Azərbaycanda köklü islahatlar aparılmasa, ərəb ölkələrində baş qaldıran qarşıdurmalar burada da təkrarlanacaq. Bu sözlərimə görə kim məndən inciyir, incisin.
Hakimiyyətdəkilər yağ-bal içində yaşayır, elə bilirlər ki, hamı yaxşı yaşayır. Nazirlərimiz isə rahat kabinetdə oturub, axşama kimi katibələrinin fransız ətirlərinin qoxusunu alırlar. Amma Azərbaycan xalqının içində bir nifrət var, özündən də barıt qoxusu gəlir. Vəziyyət o qədər ağırdır ki, hər an sosial partlayış ola bilər.

Reytinq qəzeti