Azərbaycan hökumətindən Xədicə İsmayılova ilə bağlı – Bəyanat

azerbaycan-hokumetinden-xedice-ismayilova-ile-bagli-beyanat
Oxunma sayı: 650

Azərbaycan Prezident Administrasiyası Siyasi təhlil və informasiya şöbəsinin müdiri Elnur Aslanov jurnalist Xədicə İsmayılovanın şəxsi həyatına aid videonun yayılması ilə bağlı bəyanat verib. “Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bəyanatda deyilir: “Bir neçə gün öncə Azərbaycan internet məkanında “Azadlıq Radiosu”-nun Azərbaycan bürosunun əməkdaşı Xədicə İsmayılovanın şəxsi həyatına aid video görüntülər yayılıb.

Azərbaycan hakimiyyəti göstərdiyi siyasi mövqedən, fikir və düşüncələrindən asılı olmayaraq, istənilən jurnalistin şəxsi həyatına olan müdaxiləni yolverilməz sayır. Vətəndaşların şəxsi həyatının qorunması demokratik cəmiyyətlərdə insan hüquq və azadlıqlarının əsas elementidir. Azərbaycan Respublikasının Konstitusiyası dilindən, dinindən, etnik mənsubiyyətindən və cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının hüquq və azadlığını təmin edir, onu şəxsi və ailə həyatına olan qeyri-qanuni müdaxilələrdən qoruyur.

Biz bu video görüntünün yayılmasını Azərbaycanda stabilliyi pozmağa cəhd edən, ölkənin beynəlxalq imicinə zərər verməyə çalışan və cəmiyyətdə gərginlik və çaşqınlıq yaratmaq istəyən təxribatçı qüvvələrin təbliğat kampaniyasının bir hissəsi kimi qəbul edirik.

Məsələni hal-hazırda araşdıran Azərbaycan Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları bu çirkin əməllərin arxasında dayanan şəxslərin və qüvvələrin üzə çıxarılması və cəzalandırılması üçün əlindən gələni edəcək.

Azərbaycan hakimiyyəti Xədicə İsmayılovanın şəxsi həyatına olmuş bu müdaxiləni qəti şəkildə pisləyir və həqiqətin tezliklə üzə çıxacağına inanır».