Azərbaycan insanlarının birləşmək problemi

azerbaycan-insanlarinin-birlesmek-problemi-
Oxunma sayı: 1144

Ölkəmizdə milli azadlıq hərəkatı başlayan vaxtlarda uca kürsülərdən bu çağırış tez-tez təkrarlanırdı: “Gəlin birləşək!” O vaxt milyonlarla insanı eyni amalla birləşdirən totalitar rejimdən qurtulmaq, milli hökumət qurmaq istəyi idi. Elə ki, bu istəyə çatdıq, məlum oldu ki, biz yalnız ümummilli maraqlar naminə belə kütləvi şəkildə birləşə, vahid mövqedən çıxış edə bilərik, başqa məsələlərdə isə aramızda fərqli yanaşmalar, kəskin fikir ayrılığı var. Üstəlik əsas azadlıqlarımız elə bu böyük birlik formatında- milli dövlətin sərhədləri çərçivəsində də pozula bilərmiş. Belədə “böyük birlik”dən qopmalar yarandı, “qəlpələnmə” o qədər sürətlə getdi ki, fərdin istəyi ilə ictimai maraqlar toqquşmağa başladı (“Akimova Azərbaycana qarşı” işdə olduğu kimi).

Hələ eramızdan əvvəl Aristotel dövlətin zəruriliyini önəmli hesab edərkən cəmiyyətin plüralist quruluşa malik olmağını inkar etmirdi. O, insanların “uca birlik”- dövlət yaratmaları ilə yanaşı, kiçik qrup halında birləşmələrini də qəbul edirdi. Əslində bu kiçik birliklərin yaranması “vahid birliyə” qarşı deyil və onu gücdən salmır, əksinə, hər kəsə ortaya öz gücünü qoymaq imkanı və həvəsi verir ki, bu da dövləti gücləndirir. Vətəndaşların birləşmək hüququndan yaranan belə birlikləri “vətəndaş cəmiyyəti təşkilatları” adlandırırlar. Vətəndaş cəmiyyəti olan ölkələrdə belə təşkilatlar ictimai həyatda fəal iştirak edir, dövlət siyasətinin müəyyən olunmasında təsir imkanına malikdir, dövləti idarə edən hakimiyyət aparatının “şər qüvvə”yə çevrilməsinin qarşısını alır və onu ictimai rəylə hesablaşmağa məcbur edir. “ABŞ Konstitusiyasının və “İnsan hüquqları haqqında bill”in atası” hesab olunan Ceyms Medison “vətəndaş cəmiyyəti”ni dövlət özbaşınalığına qarşı qoyur, çoxlu sayda müxalifətyönlü qrupların mövcudluğunu tiraniyanın qarşısını almaq üçün qarantiya hesab edirdi.

Beynəlxalq və milli qanunvericilik


“Bəşər nəslinin bütün üzvlərinə məxsus olan ləyaqətin və onların bərabər və ayrılmaz hüquqlarının tanınmasının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu, insan hüquqlarına qarşı bəşəriyyətin vicdanını hiddətləndirən hörmətsizlik və həqarətin barbarlıq hərəkətlərinə gətirib çıxardığını, adamların söz və əqidə azadlığına malik, qorxu və ehtiyacdan azad olacağı bir dünya qurulmasının insanların yüksək amalı elan olunduğunu, insanın istibdad və zülm əleyhinə son mübarizə vasitəsi kimi üsyana əl atmağa məcbur olmaması üçün insan hüquqlarının qanunun gücü ilə təmin edilməsini... nəzərə alaraq” Beynəlxalq Millətlər Təşkilatı (BMT) 1948-ci ilin dekabrın 10-da “İnsan hüquqları haqqında ümumi bəyənnamə”ni qəbul etdi. Həmin sənədin 20-ci maddəsi birləşmək azadlığı hüququ ilə bağlıdır: “Hər bir insanın azad şəkildə dinc yığıncaqlar keçirmək, assosiasiyalar yaratmaq hüququ var.” 16 dekabr 1966-cı ildə qəbul edilən “İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakt” “insan hüquqları haqqında ümumi bəyannaməyə uyğun olaraq, qorxu və ehtiyacdan azad insan şəxsiyyəti idealının yalnız hər kəsin öz iqtisadi, sosial və mədəni, eləcə də mülki və siyasi hüquqlarından istifadə edə bilməsi üçün şərait yaradıldığı təqdirdə həyata keçirilə biləcəyinin etirafı” idi. Həmin sənədin 8-ci maddəsi ilə hər kəsin həmkarlar ittifaqı yaratmaq və ya özünün seçdiyi belə ittifaqlara qoşulmaq, ölkənin qanunlarına uyğun keçirilmək şərtilə tətil hüququ tanınıb. BMT-nin 18 dekabr 1966-cı il tarixli qətnaməsi ilə qəbul edilən “Mülki və siyasi hüquqlara dair beynəlxalq pakt”ın bu müqaviləyə qoşulan hər bir dövlət qarşısında ərazisi hüdudlarında və yurisdiksiyasında olan bütün şəxslərin bu Paktda elan olunan hüquqlarına heç bir cəhətdən fərq qoyulmadan hörmət etməyi və onların təmin olunması öhdəliyi qoyub. Sənədin 22-ci maddəsində göstərilir ki, hər bir insan öz mənafelərini müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və belə ittifaqlara girmək hüququ da daxil olmaqla, başqaları ilə birgə assosiasiyalar yaratmaq hüququna malikdir. “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” (1979), “Uşaq hüquqlarına dair” (1989) beynəlxalq sənədlərdə də qadınların və uşaqların birləşmək hüququ ayrıca olaraq təminat altına alınıb. “Mühacirlərin hüquqi statusuna dair Konvensiya” (1951) eyni hüquqdan mühacirlərin də istifadə etməsi imkanı yaradılıb.

BMT-nin qəbul etdiyi bu sənədlər çox qısa müddətdə ayrı-ayrı qitələrin aparıcı təşkilatları tərəfindən də qəbul edilməsinə və üzv dövlətlərdən öhdəliklərə əməl etmələri vəziyyətinin öyrənilməsi, hüquqları pozulan şəxslərin yuridiskasında olduğu dövlətlərə qarşı şikayətlərinə baxılması üçün müvafiq qurumların və məhkəmə orqanlarının yaradılmasına səbəb oldu. “Vahid səylərlə hərəkət edən və siyasi ənənələrin, idealların, azadlığın və hüququn aliliyinin ümumi irsinə malik olan Avropa ölkələrinin hökumətləri kimi Ümumi Bəyannamədə təsbit olunmuş bəzi hüquqların kollektiv həyata keçirilməsinin təmin edilməsi yolunda ilk addımlar atmaq üçün” Avropa Şurası 4 noyabr 1950-ci ildə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nı qəbul etdi. Həmin sənədin “Yığıncaqlar və birləşmək azadlığı” adlanan 11-ci maddəsində göstərilir:
“1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla başqaları ilə birləşmək azadlığı hüququ var.
2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur.”

Sonrakı vaxtlarda qeyri-hökumət təşkilatlarının (QHT), yaradıldığı ölkələrin hüdudlarından kənarda, regional səviyyədə fəaliyyətləri üçün hüquqi əsasları müəyyən etmək zərurəti ortaya çıxdı və bu, Avropa Şurası tərəfindən 24 aprel 1986-cı ildə ayrıca konvensiyanın qəbulu ilə öz həllini tapdı.

BMT-nin və Avropa Şurasının üzvü olduğundan və qeyd olunan konvensiyalara qoşulduğundan, Azərbaycan Respublikasının, yuridiskası altında olan insanların birləşmək hüququnu qorumaqla bağlı öhdəliyi var. İnsan hüquq və azadlıqlarının qorunmasını dövlətin ali məqsədi olduğunu bəyan edən Konstitusiyamızın 58-ci maddəsində göstərilir ki, hər kəsin başqaları ilə birləşmək, istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququ var, bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir. Qeyd edək ki, Konstitusiyanın qəbulunadək ölkəmizdə “Siyasi partiyalar haqqında” (1992), “Dini etiqad azadlığı haqqında” (1992), “Həmkarlar ittifaqları haqqında” (1994) qanunlar qəbul edilmişdi. 13 iyun 2000-ci ildə isə “Qeyri-hökumət təkilatları haqqında” ayrıca qanunun qəbulu siyasi partiya, həmkarlar ittifaqı olmayan digər QHT-lərin təsisi üçün imkan yaratdı.

Lakin praktikada siyasi qüvvələrə, ictimai birliklərə və həmkarlar ittifaqlarına münasibət qanunvericilikdə nəzərdə tutulduğundan kəskin fərqlidir. Ölkədə bütün siyasi partiyalar üçün eyni şərait yaradılmayıb, əsasən dövlət sektorunda həmkarlar ittifaqları mövcuddur ki, onlar işçilərin əmək və sosial təminatla bağlı hüquqlarını qorumaq iqtidarında deyil. Elə QHT-lərə yanaşma da əvvəlkilərdən fərqli deyil. Baxmayaraq ki, son illər hökumət həm çap mətbuatının, həm də siyasi partiyaların və QHT-lərin dövlət büdcəsi hesabına maliyyələşməsi üçün müəyyən tədbirlər görüb, amma bunlar hər kəsin maraqlarını təmin etməyib, üstəlik bu sahədəki mövcud problemləri doğuran səbəblərin aradan qaldırılmasına yönəlik olmayıb. Hazırkı Azərbaycan hakimiyyəti avtoritar meyllərdən imtina edə bilmir, idarəetmədə ictimai rəylə və beynəlxalq təşkilatların tövsiyələri ilə hesablaşmır, regional və yerli səviyyədə icmalara muxtariyyət verməkdən ehtiyatlanır, vətəndaş cəmiyyəti institutlarının “dövlətin şəxsi işinə” qarışması ilə razılaşmır.

“Qeydə almıram, əl çəkin!”


Avropa İnsan Haqları Məhkəməsinin “Ramazanova və başqaları Azərbaycana qarşı” iş üzrə 1 fevral 2007-ci ildə qəbul etdiyi qərarda göstərilir ki, ərizəçilər 2001-ci ildə “Evsiz və Məzlum Bakılıların İnsan Hüquqlarının Müdafiəsinə Yardım” İctimai Birliyi yaratsalar da, onu 4 il ərzində dövlət qeydiyyatından keçirə bilməyiblər. Buna səbəb Ədliyyə Nazirliyinin hər dəfə təşkilatın nizamnaməsində yeni nöqsan tapmaqla təsis sənədlərini ardıcıl olaraq üç dəfə geri qaytarmağı, dördüncü müraciətə isə ümumiyyətlə cavab verməməyi olub. Belə olduqda ərizəçilər qeydiyyat orqanına qarşı məhkəmə davası açıblar. Birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələri onların birləşmək hüquqlarının pozulması ilə bağlı iddialarını rədd, lakin Konstitusiya Məhkəməsi təmin edib. Sonuncu qərar o vaxt qəbul olunmuşdu ki, mübahisə artıq Strasburq məhkəməsində araşdırılırdı. Yasamal Rayon Məhkəməsi iş üzrə qərar çıxaran gün “məzlum bakılıların” 5-ci müraciətinə Ədliyyə Nazirliyi tələm-tələsik müsbət cavab verib. Belə olduqda ərizəçilər əsassız gecikdirməyə görə kompensasiya tələb ediblər və bu iddia Ali Məhkəmə səviyyəsində qismən təmin edilib. Lakin Avropa Məhkəməsi ərizəçiləri “qurban” kimi tanıyıb və hökumətin üzərinə hüquqlarını pozduğu vətəndaşlarına yerli məhkəmələrin təyin etdiyindən daha artıq kompensasiya ödəmək vəzifəsi qoyub. Məhkəmə xatırladıb ki, birlik yaratmaq hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 11-ci maddəsində təsbit olunmuş yığıncaqlar və birləşmək azadlığı hüququnun ayrılmaz tərkib hissəsidir: “Belə ki, vətəndaşların ümumi maraqlar naminə birgə fəaliyyət göstərmək üçün hüquqi şəxs yaratması birləşmək hüququnun ən əsas aspektlərindən biridir və buna imkan verilməməsi, hər bir halda, bu hüququn pozulmasıdır. Milli qanunvericilikdə azadlıqların necə təsbit edilməsi və onun dövlət qurumları tərəfindən necə tətbiq olunması ölkədə demokratiyanın səviyyəsindən xəbər verir.”

Qeyd edək ki, QHT-lər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12 dekabr 2003-cü ildə qəbul edilmiş qanun əsasında qeydə alınır. Həmin Qanunun 8-ci maddəsində göstərilir: 8.1. Hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun, habelə xarici qeyri-kommersiya hüquqi şəxsinin nümayəndəlik və ya filialının dövlət qeydiyyatı, bir qayda olaraq, 40 gündən gec olmayaraq həyata keçirilməlidir.
8.2. Dövlət qeydiyyatına alınması üçün ərizə və ona əlavə edilməli olan sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılması üçün qəbul edilir və 30 gün müddətində onların Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğunluğu yoxlanılır. Müstəsna hallarda yoxlama zamanı əlavə araşdırma aparılması zərurəti yarandıqda, bu müddət daha 30 günə qədər artırıla bilər.
8.3. Təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edir. İmtinaya səbəb olmayan bütün çatışmazlıqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə təqdim edilməlidir.

Qanunun göstərişinin əksinə olaraq, Ədliyyə Nazirliyi təsis sənədlərində (daha çox QHT-lərin nizamnaməsində) imtinaya səbəb olmayan çatışmazlıqlar “aşkarlamaqla” onları qeydə almaqdan əsassız olaraq imtina etməkdədir və elə bu fakt ölkədə demokratiyanın səviyyəsi(zliyi)ni təyin etməyə imkan verir. “Hüquq və inkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov diqqəti bu məqama çəkir ki, Azərbaycan Avropa Şuarsına üzv olduqdan sonra üzərinə götürdüyü öhdəliklərindən biri də QHT-lərin qeydiyyatı sahəsində problemin aradan qaldırılması ilə bağlı olub: “2005-2006-cı illərdə bu istiqamətdə müsbət tendensiya müşahidə olunsa da, növbəti illərdən başlayaraq problem daha kəskin şəkil alıb. 30 iyun 2009-cu ildə və 30 dekabr 2011-ci ildə QHT-lər haqqında qaninvericiliyə mənfi istiqamətdə xeyli dəyişiklilər edildi. Bu dəyişikliklərlə QHT-lərə əlavə hesabatlılıq öhdəlikləri qoyuldu və inzibati sanksiyaların daiərsi genişləndirildi, inzibati cərimələrin məbləği isə onların əmlak vəziyyətlərinə münasibətdə fantastik dərəcədə artırıldı. Eyni vaxtda, xarici (beynəlxalq) QHT-lərin Azərbaycanda nümayəndəliklərinin qeydiyyatı əhəmiyyətli dərəcədə sərtləşdirildi. Bütün bunlar isə nəticə etibarı ilə ölkədə birlşəmək azadlığının reallaşırılmasına ciddi problemlər yaradır. Vətəndaşlarının birləşmək hüququnu pozduğuna görə Azərbaycanla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindın 5 qərar qəbul edib. Lakin bu qərarlar da QHT-lərin yaradılması və fəaliyyəti ilə bağlı hüquqi və praktik vəziyyətdə müsbət istiqamətdə dönüş yarada bilməyib.

Avropa Şurası Ekspert Qrupunun Azərbaycanda QHT qanunvericiliyinə 2009-cu ildə edilən əlavələrlə bağlı rəyində (3 oktyabr 2011-ci il) QHT-lərin siyasi sferada iştirakının məhdudlaşdırılması, xarici QHT-lərin qeydiyyatının çətinləşdirilməsi mənfi hal kimi qeyd edilir. Eyni zamanda, adların seçilməsinin, qeyri-aydın formulələrin QHT-lərin yaradılması və fəaliyyətinə mane ola biləcəyindən narahatlıq ifadə olunub. Ümumilikdə isə rəydə qanunvericiliyin beynəlxalq standartlarla ziddiyyət təşkil etdiyi qeyd edilib və hökumətə onların aradan qaldırılması tövsiyə olunub.”

Hüquq Vasitəsilə Demokratiya Uğrunda Avropa Komissiyasının (oxu: Venesiya Komissiyasının) tövsiyələrində göstərilir ki, QHT-nin yaradılmasının avtomatik olaraq hüquqi şəxs statusunun əldə edilməsinə səbəb olmadığı hallarda, hüquqi şəxs statusunun əldə edilməsini tənzimləyən qaydalar aydın şəkildə müəyyən edilməli və müvafiq hakimiyyət orqanının səlahiyyətindən, iradəsindən asılı olmamalıdır. Hüquqi şəxs statusunun əldə edilməsi qaydaları geniş ictimaiyyətə çatdırılmalı və bu prosesin başa düşülməsi və icrası asan olmalıdır. Yaradılması avtomatik olaraq hüquqi şəxs statusunun əldə edilməsinə səbəb olmadığı hallarda, QHT-lərə hüquqi şəxs statusunun verilməsi barədə məlumatlara ictimaiyyətin maneəsiz çıxışı olmalıdır. Qanunun 11-ci maddəsində hüquqi şəxs statusu almaq istəyən qurumun, dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları konkret olaraq göstərilib. Lakin qanunvericiliyin bu tələbləri gözlənilmədən QHT-lərin qeydiyyatından ümumi əsaslarla (buna bəhanə də demək olar) imtina olunur. “Tövsiyələr”də bildirilir ki, hüquqi şəxs statusu əldə etmək üçün müraciət yalnız o halda rədd edilə bilər ki, dəqiq şəkildə göstərilmiş sənədlərin hamısı təqdim edilməsin, habelə açıq-aydın çaşdırıcı olan, yaxud müvafiq dövlətdə mövcud olan hüquqi və ya hüquqi şəxsin adından yetərincə fərqləndirilə bilməyən addan istifadə edilsin, yaxud da nizamnamədə demokratik cəmiyyətin tələblərinə açıq-aydın zidd olam məqsəd yer alsın. QHT-lər haqqında qanununun 3-ci maddəsinidə deyilir ki, QHT-nin təşkilati-hüquqi formasını və fəaliyyətinin xarakterini göstərən adı olmalıdır. Bu isə birləşmək azadlığının varlığını ciddi şəkildə zədələyir və ada görə qeydiyyatdan imtina üçün əsas verir. Üstəlik qeydiyyat orqanı qeydiyyata alınanların adlarını açıqlamadığından, minlərlə QHT qeydə alınandan sonra hansı addan istifadə edilib-edilməməsi yeni QHT təsis edən şəxslər üçün sual altında qalır. QHT-lərin qeydiyyatı üçün müəyyən edilmiş müddət də süründürməşilik üçün şərait yaradır (müqayisə üçün deyək ki, kütləvi informasiya vasitələri və kommersiya qurumları üçün bu müddət 3-5 gündür).

Tövsiyələr qulaqardına vurulur


Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə “Avropada qeyri-hökumət təşkilatlarının hüquqi statusu haqqında” 2007-ci ildə qəbul etdiyi 14 saylı tövsiyəsinin 77-ci bəndində deyilir ki, QHT-lərin statusuna, maliyyələşdirilməsinə və ya fəaliyyəti sahəsinə aidiyyatı olan əsas və yardımçı qanunvericiliyin hazırlanması zamanı QHT-lərlə məsləhətləşmələr aparılmalıdır. Lakin Azərbaycanda bu sahəyə dair qanunvericiliyə əlavə və dəyişiklər QHT-lərin iştirakı olmadan, onların fikir və rəyi öyrənilmədən apaılır.

Azərbaycan hökumətinə edilən tövsiyələrdən biri də odur ki, QHT-lərə tətbiq edilən hüquq və maliyyə normaları onların yaradılmasını və davamlı fəaliyyətini həvəsləndirməlidir. Milli Büdcə Qrupu İdarə Heyətinin üzvü Məhəmməd Talıblı bildirir ki, QHT-lər qeyri-kommersiya qurumları olduğu halda, onlar da kommersiya qurumlarında olduğu kimi əlavə dəyər vergisinə və məcburi sosial sığortaya cəlb edilib. O, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən elan edilən müsabiqələrin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin simvolik olduğuna diqqət çəkdi: “Bu vəsait 500 metr yola asfalt çəkilməsinə ayırdıqları vəsaitdən çox deyil və bu pul ölkədəki QHT-lərin fəaliyyətini canlandıra bilməz.”

Qanuna görə QHT-lər siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz. Bü müddəa Avropa Konvensiyasının 11-ci maddəsində birləşmək azadlığının məhdudlaşdırılması əsasları ilə ziddiyyət təşkil edir. Sözügedən sənəddə məhdudiyyət üçün əsaslar aşağıdakılardan ibarətdir: 1) milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə; 2) iğtişaşın və cinayətin qarşısını almaq üçün; 3) sağlamlığın və mənəviyyatın qorunması üçün; 4) digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. “Tövsiyələr”in 13-cü bəndində deylir ki, QHT-lər seçkidə və ya referendumda konkret namizədi və ya partiyanı dəstəkləməkdə azad olmalıdırlar.

Təbii hüquqlara qeyri-təbii yanaşma


“Mulki və siyasi huquqlar haqqında Pakt”ın 16-cı maddəsində göstərilir ki, hər kəs hər yerdə huquq subyekti kimi tanınma haqqına sahibdir. Qafqaz Universitetinin beynəlxalq hüquq kafedarsının rəhbəri, hüquq elmləri doktoru Fərhad Mehdiyev “Nəzəriyyə və təcrübədə insan hüquqları” kitabında qeyd edir ki, sənəddə bu müddəa huquqların mənbəyini gostərmək üçün yer alıb və dovlət mudaxiləsinin yolverilməzliyinin fəlsəfi təməlini gostərir. Mulki və siyasi huquqların digər adı “təbii huquqlar”dır. Onlar mahiyyət etibarilə universal huquqlardır, insan əxlaqından ayrılmazdır, davranış və ya inanclarla bağlı deyil. Dövlətin tanıyıb-tanımamasından asılı olmayaraq, özü-özünə var olan, insanın əsas, ayrılmaz və ən vacib huquqlarıdır. Və buna görə “əsas insan huquq və azadlıqları” sırasında yer alır. Bu hüquqların mahiyyəti aydındır, siyasi, ideoloji deyil, real imkanları ifadə edir, reallaşması uzun zaman, dövlətdən maliyyə tələb etmir, qorunması üçün beynəlxalq təminat sistemi nəzərdə tutulur. Dovlət muxtəlif bəhanələr gətirərək, onları təmin etməkdən boyun qaçıra bilməz. Habelə “kecid dövrü”, islahatlar, maliyyə vəsaitinin catışmamazlığı səbəblərindən bu huquqlar pozula bilməz. Tətbiqi üçün tənzimləmələr bu hüquqların məhdudlaşdırılmasına və ondan istifadənin cətinləşdirilməsinə yönəlik olmamalıdır. Avtoritar və totalitar sistemlərdə bu təbii hüquqlara hormət göstərilmədiyindən, ondan istifadə, idarə edənlərin “mərhəməti” sayəsində və xüsusi şərtlərlə mümkün olur ki, bu da həmin hüquqların mahiyyətini dəyişir və onu səmərəlilikdən məhrum edir.

Birləşmək azadlığı Konvensiyanın 11-ci maddəsində yığıncaqlar azadlığı ilə birgə yer alıb. Onları sərbəst toplaşma, ifadə azadlıqlarından kənarda da təsəvvür etmək mümkün deyil. Ölkəmizdə bütün basqı və məhdudiyyətlərin bu azadlıqların hər birinə qarşı yönəlməsi də heç təsadüfi deyil. Nədən ki, sərbəst olaraq öz müstəqil təşkilatlarını yaradan insanlar, eyni sərbəstliklə yığıncaqlar keçirmək, cəmiyyətə mesajlarını çatdırmaq istəyir. Qapalı hökumətlər narazılıqların artacağından və bunun kütləvi etiraza çevriləcəyindən ehtiyatlandığından, vəziyyəti nəzarətdə saxlamaq üçün bütün fundamental azadlıqlar üçün məhdudiyyətlər tətbiq edir, hər bir addımın “icazəli” olmağını tələb edir. Bir çox QHT rəhbərləri bildirir ki, əyalətlərdə 25 nəfərin iştirakı ilə qapalı yerdə tədbir keçirmələri mərkəzi icra hakimiyyəti orqanının “xeyir-duası” ilə mümkün olur. Bu gün Naxçıvan Muxtar Respublikasında insanların nəinki təşkilat yaratmaqla birləşməsi, hətta 3-3, 5-5 bir yerə toplaşıb söhbət etməsi belə qadağandır, yas mərasimlərində belə kütləviliyə imkan verilmir. Əgər bir dovlətdə vətəndaşın qondarma ittihamlarla həbs olunması mumkunsə, burada insan huquqlarının hər hansı birinə hormət ummaq da sadəlövhlükdür.

Hakimiyyət nədən narahatdır?


İyulun 2-də “Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu” mövzusunda keçirilən tədbirdə Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib : “QHT-ləri narahat edən problemlər, eyni zamanda dövləti, dövlət başçısını, hakimiyyət orqanlarını narahat edir”. Qəribədir, deyilmi? Cənab Həsənovun sözlərindən belə çıxır ki, indiyədək QHT-lərin qeydə alınmasında, sərbəst fəaliyyət göstərməsində, o cümlədən yığıncaqlar keçirməsində tətbiq olunan qanunsuz məhdudiyyətlər hakimiyyətin, dövlət başçısının iradəsindən kənarda olub. Elə isə bu sual açıq qalır: bizi birləşməyə kim qoymur?

Azər Əli
Bu yazı “Demokratiyanı Öyrənmə” İB tərəfindən Avropa Birliyinin dəstəyilə həyata keçirilən Vətəndaş Cəmiyyəti Layihəsi çərçivəsində elan olunmuş müsabiqəyə təqdim edilir