“Azərbaycan İranın hədəfindədir”- Xəbərdarlıq

azerbaycan-iranin-hedefindedir-xeberdarliq
Oxunma sayı: 658

Məqalədə deyilir ki, İranın ABŞ-a məxsus pilotsuz kəşfiyyat təyyarəsini ələ keçirməsi təhlükəsizliklə bağlı sualları yenidən nəzərdən keçirməyi qaçılmaz edir. Müəllifin fikrincə, İran boğazlara və Yaxın Şərqə nəzarət etmək üçün müasir sistemlərlə silahlanmağı qarşısına məqsəd qoyub. Bu isə ABŞ və müttəfiqləri, beynəlxaq təhlükəsizlik, Xəzər hövzəsində enerji maraqları və ən əsası Azərbaycan üçün ciddi təhdid yaradır.

“Hər bir Mərkəzi Asiya ölkəsi kimi Azərbaycan da İranın hədəfindədir. Bu ölkələr İranla çalışdıqları qədər maksimum məsafə saxlamaq niyyətindədir. Tacikistan İranın dini tədris müəssisələrində təhsil alan tələbə-gənclərini geri çağırdı. Digər Mərkəzi Asiya ölkəsi İranın Şanxay Əməkdaşlıq Təşkilatında içtirakına qarşıdır. Həmin ölkə Tehranın nüvə proqramını da dəstəkləmir. Onlar hamısı İranı potensial təhdid mənbəyi və terrorçuların himayəçisi kimi görürlər. İran həmçinin Xəzər enerjisinin işləməsində Azərbaycan, Qazaxstan və Türkmənistana ciddi maneələr yaradır”, - deyə məqalədə yazılır.

“The Washington Times” yazır ki, İran hakimiyyəti ən açıq təhdidlərini qonşusu Azərbaycanın ünvanına səsləndirir: “Rəsmi Tehran Azərbaycanı ABŞ-İsrail tandeminə yaxınlıqda ittiham edir. Tehran rejiminin iddiasına görə, Azərbaycan dünyanın super güclərinin dəstəyi ilə İran ərazisində yaşayan azərbaycanlılardan istifadə edərək bu ölkəni parçalaya bilər. Azərbaycanın şimalı ilə cənubunun birləşməsi qorxusu İran üçün sadəcə ittiham deyil. Çünki 1920-21 və 1945-46-ci illərdə Sovet hakimiyyəti buna cəhd göstərmişdi. Tehran bunlarla yanaşı onu da iddia edir ki, ABŞ və İsrail İrana qarşı bütün əməliyyatlarda Azərbaycandan plasdarm kimi istifadə edə bilər”.

Məqalədə göstərilir ki, faktiki olaraq İran Azərbaycanı uzun illərdir təhdid edir. İran Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini dəstəkləyib və indi də bu siyasətini davam etdirir. Ermənistan isə öz növbəsində BMT-nin İrana qarşı bütün sanskiyalarına qarşı çıxır. İran mütəmadi olaraq Azərbaycanı ABŞ və İsraillə yaxınlığa görə siyasi-hərbi savaşla hədələyir.

Qəzet yazır ki, İranın son bəyanatları onun ancaq Yaxın Şərq, İsrail Səudiyyə Ərəbistanı və digər Fars körfəzi ölkələri üçün təhlükə mənbəyi olmadığını göstərir. İran öz qonşuları və ümumiyyətlə, bütün dünyanın təhlükəsizliyinə ciddi təhdid mənbəyidir. ABŞ və İranın təhdid etdiyi hökumətlər bu təhlükəni diqqətə almalı və adekvat addımlar atmalıdırlar.

azadliq.info