“Azərbaycan istəsə, İranı qarışdıra bilər”- Məqalə

azerbaycan-istese-irani-qarisdira-biler-meqale
Oxunma sayı: 637

“Azadıq” radiosunun məlumatına görə, araşdırmaçı Azərbaycanın beynəlxalq aləmlə münasibətlərinə toxunaraq yazır: “Qərb ölkələri ilə münasibətlər biznes xarakterlidir, enerji təchizatından və bu ölkənin Əfqanıstana tranzit marşrutu statusundan asılıdır. Azərbaycanlılar Vaşinqtonla çətin münasibətlərini Konqresdəki erməni lobbisinin Metyu Brayzanın Azərbaycana səfir təyinatının qarşısını almasında görür. Dövlət Departamentinin yenə Bakıda səfiri yoxdur. Amerika rəsmiləri münasibətlərin pis olmadığını, ancaq Azərbaycanın demokratiyadan uzaq durduqca münasibətlərin yaxşılaşmayacağını bildirirlər.

Azərbaycanın bütün qonşuları ilə mürəkkəb münasibətləri var. Mənzərə belədir – Ermənistanla münaqişə vəziyyəti, İran və Türkmənistanla sərin münasibətlər, Rusiya ilə bağlı daimi şübhələri pərdələyən dostluq və guya dost-qardaş saydığı Türkiyə ilə daimi anlaşılmazlıqlar. Hətta ən yaxın qonşu Gürcüstanla münasibətləri də problemsiz deyil. Gürcüstan prezidenti Mixail Saakaşvili martın əvvəlində Bakıda, Azərbaycan parlamentindəki çıxışı ev sahiblərinə başağrısı yaratdı. O, rusca çıxışında dedi ki, Moskvanın xarici siyasətinin çox adı var: “Ancaq Rusiya Federasiyasının qonşuları üçün mənası birdir: azadlıq və müstəqilliyimizin sonu, Rəsulzadənin və əcdadlarımızdan çoxunun arzusunun sonu”.

Bu çıxış bəzi Azərbaycan deputatlarını qəzəbləndirdi. Onların fikrincə, Gürcüstan prezidenti protokolu pozub, parlamentdən onların yaxşı münasibətdə olduğu ölkəyə hücum üçün istifadə edib. Saakaşvilinin tez-tez Məmməd Əmin Rəsulzadəyə istinad etməsi, onun məşhur “Bir kərə yüksələn bayraq bir daha enməz” kəlamından istifadə etməsi də pis qarşılandı. Azərbaycanın hakim elitası Rəsulzadə kimi tarixi şəxsiyyətin xatirəsini əbədiləşdirməyib, onun adını çəkməməyə üstünlük verir”.

İsrailin Azərbaycanın digər müttəfiqi olduğunu vurğulayan ekspert yazır: “Bu coğrafi mövqedə İsrailin yaxşı dostu olmaq heç də asan deyil. Azərbaycan hökuməti və İsrail mediası bu yaxınlarda belə bir informasiya sızdırıb ki, iki ölkə 1.6 milyard dollarlıq silah sazişi imzalayıb. Bu münasibət Türkiyə ilə də mübahisə yaradıb. Türkiyənin Bakıdakı səfiri ötən il gileylənib ki, azərbaycanlılar İsraillə mübahisədə Ankaranı dəstəkləməlidir. İsraillə münasibət İranın da qəzəbinə səbəb olur”.

Tomas de Vaal Azərbaycanın İranla münasibətinə toxunaraq deyir: “Hər iki ölkənin bir-birinə ağır zərbə vurmaq qabiliyyəti olduğundan hər ikisi genişmiqyaslı qarşıdurmadan çəkinir. İranın Azərbaycandakı onlarla məscid və on minlərlə islamçı üzərində nüfuzu var, onlar Azərbaycan dövlətini çalxalaya bilərlər. Azərbaycan isə istəsə, İranın azərbaycanlılar yaşayan ərazilərini qarışdıra bilər. İndi həmin fərziyyə sınaqdan çıxarılır. Yanvarda Azərbaycan hökuməti bildirdi ki, saytları hücuma məruz qalıb və İsrail əleyhinə mesajlarla doldurulub. Hökumət Bakıda bir yəhudi müəllimi və ravvinə qarşı İran sui-qəsdinin qarşısını aldığını elan etdi. Azərbaycan parlamentinin üzvü Tehranı iynələmək üçün təklif etdi ki, ölkəni “Şimali Azərbaycan” adlandırmaq lazımdır. Onun fikrincə, İranın Azərbaycan vilayətləri də “Cənubi Azərbaycan” olmalıdır”.