“Azərbaycan kəsişmələr məkanıdır”

azerbaycan-kesismeler-mekanidir
Oxunma sayı: 653

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, İDEA kampaniyasının təqdimatının keçirildiyi tədbiri Britaniyanın "EcoMuslim" ekoloji təşkilatının icraçı direktoru Ömər Faruk açaraq çıxış edib.

Daha sonra İDEA kampaniyasının təşəbbüskarı Leyla Əliyeva çıxış edib. Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən ətraf mühit layihələri haqqında ətraflı məlumat verib. “Biz inanırıq ki, ekoloji maarifləndirmə uşaqlıq illərindən izah və tədris edilməlidir. Təbiətə sevgi və onun mühafizəsinin əhəmiyyəti ibtidai və orta məktəblərin siniflərində mənimsənilməlidir”.

Leyla Əliyeva deyib ki, Cənubi Qafqaz dünyanın bioloji və aqro müxtəlifliklərlə zəngin regionlarından biridir. Bu regionda subtropik meşələrə, Böyük Qafqazın buzlaq və qarla örtülmüş zirvələrinə, aran zonasında çöl və yarımsəhralara rast gəlmək mümkündür. Lakin regiondakı mövcud dondurulmuş və fəal münaqişələr ekosistemə çox mənfi təsir edib. Azərbaycanın işğal olunmuş rayonlarında meşələrin qəsdən yandırılması vəhşi flora və faunanı təhlükə altında qoyub. Qafqaz bəbiri kimi nadir heyvanlar tükənmə riski ilə üzləşib.

Leyla Əliyeva bildirib ki, Ermənistanın Metsamor şəhəri yaxınlığında Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə blokunun tikilməsi regionun ətraf mühit təhlükəsizliyinə zərbədir. Azərbaycan Cənubi Qafqaz regionu ölkələri arasında UNECE-nin (BMT-nin Avropa üzrə İqtisadi Komissiyası) Su Konvensiyasını ratifikasiya etmiş yeganə dövlətdir.
Ölkəmiz barədə geniş məlumat verən Leyla Əliyeva Azərbaycanın tarixinə də nəzər salaraq deyib: "Mən Şərqdə ilk parlamentli demokratiya qurmuş, 1918-ci ildə qadınlara kişilərlə bərabər siyasi hüquqlar verən və qabaqcıl Qərb dəyərlərini mənimsəmiş ilk müsəlman ölkəsində doğulmaqdan çox qürur duyuram. Azərbaycan Şərq dünyasında ilk operanın, ilk musiqili komediyanın, ilk Qərb üslublu teatrın və ilk baletin vətənidir. Burada həm də müsəlman dünyasında ilk dəfə olaraq qadınlar üçün orta məktəb tikilmişdir. Mənim vətənim "ilklər" diyarıdır və hər zaman dözümlülüyü, dini və mədəni müxtəlifliyi, adət ənənələri ilə tanınmışdır. Azərbaycan kəsişmələr məkanıdır: Avropa və Asiya, Şərq və Qərb".