Azərbaycan müxalifətçiləri Moskvadakı mitinqə qatılacaq

azerbaycan-muxalifetcileri-moskvadaki-mitinqe-qatilacaq
Oxunma sayı: 683

Bu barədə dünən İctimai Palatadakı mənbələrdən məlumat almışıq. Mənbənin dediyinə görə, nümayəndə heyətinin və ya lider statusunda olanlardan bir nəfər təmsilçinin Rusiya paytaxtına gedib İctimai Palatanın Rusiya demokratik qüvvələri ilə həmrəyliyini ifadə etməsi məsələsi qurumun rəhbərliyində müzakirə olunmaqdadır.

Müzakirələr müsbət qərarla nəticələnsə çox böyük ehtimalla Müsavat Partiyasının başqanı İsa Qəmbər İctimai Palatanın təmsilçisi olaraq Moskvaya gedəcək. Məlumdur ki, AXCP sədri Əli Kərimliyə hələ də ümumvətəndaşlıq pasportu verilmədiyi üçün onun ölkə xaricinə çıxması mümkün deyil. Müsavat başqanı ilə bir heyətin də Rusiya paytaxtına getməsi istisna deyil.
Mənbənin verdiyi başqa bir məlumata görə, İctimai Palata daxilində bəzi qüvvələr 24 dekabrda Bakıda Rusiya demokratik qüvvələrinə dəstək və Azərbaycanda Milli Məclisə yeni seçkilər şüarı ilə mitinqin keçirilməsini daha məqsədəuyğun sayırlar. Bu təklifin də müzakirəsi gedir. Xatırladaq ki, 10 dekabrda Rusiyada mitinq günü İctimai Palata bu ölkədə seçki saxtakarlığına qarşı Moskva mitinqini dəstəklədiyi barədə bəyanat vermişdi. Azərbaycan müxalifətinin əsas güc mərkəzinin bu dəstəyi Rusiyanın kütləvi informasiya vasitələrində işıqlandırıldı. Rusiya müxalifətinin liderləri açıqlamalarında Azərbaycanın demokratik qüvvələrindən verilən dəstəyi yüksək qiymətləndirdiklərini bildiriblər və bəyan ediblər ki, regionda demokratikləşmə üçün bütün demokratik qüvvələrin birliyi, əməkdaşlığı zəruridir.
Ümumiyyətlə, Azərbaycanda və digər postsovet respublikalarında siyasi proseslərin yalnız Rusiyada cərəyan edəcək hadisələrdən sonra intensivləşəcəyi və aktuallaşacağı haqqında deyilənlər özünü doğruldur. Odur ki, Azərbaycan müxalifətinin fəallaşmaq istiqamətində atmaq istədiyi addımlar gözləniləndir. Eyni zamanda Azərbaycan cəmiyyətində də bu proseslərə birmənalı münasibətin olmadığını da qeyd etmək lazımdır. Nəzərə alınmalıdır ki, hazırda Rusiyada Putinə qarşı çıxış edən qüvvələrin şüarlarının bizə məlum olan hissəsi xüsusən Azərbaycanın demokratik qüvvələrində simpatiya doğursa da Rusiyadakı mitinqlərdə millətçilərin iştirakı və anti-Qafqaz şüarlarının səslənməsi də faktdır. Rusiyada marağı olan bəzi dairələr proseslərin hansı istiqamətdə gedəcəyindən narahatlıq ifadə etməyə başlayıblar. Eyni zamanda yaddan çıxarmaq olmaz ki, ötən əsrin 80-ci illərinin sonu-90-cı illərin əvvəllərində Rusiyadakı Azərbaycan diasporu Rusiyanın demokratikləşməsi proseslərində fəal iştirak etmişdi. Məsələn, 1991-ci ilin avqust və 1993- cü ilin oktyabr hadisələri vaxtı Rusiyada demokratikləşmə şüarları ilə çıxış edən qüvvələrin sıralarında Azərbaycan diasporunun nümayəndələri əsasən demokratik qüvvələrin yanında olmuşdu. Ayrı-ayrı narahatlıqlara baxmayaraq Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinin Rusiyada başlanan müxalif prosesə dəstək verəcəyi gözləniləndir. Mümkündür ki, Azərbaycan müxalifətinin yuxarıda qeyd elədiyimiz addımları da bu təcrübə ilə şərtlənir. Prinsip etibarilə bu hadisələrin hələ yeni başlandığını və 2012-ci ilin martında keçiriləcək prezident seçkilərinə qədər daha da intensiv şəkildə davam edəcəyini gözləsək Azərbaycan müxalifətinin, o cümlədən iqtidarının öz mövqelərini qəti şəkildə müəyyənləşdirməsinin nə qədər mühüm olduğu barədə danışmaq olar.
Azərbaycan müxalifətinin Rusiyada yaşayıb çalışan, böyük əksəriyyəti 1980-90-cı illərin milli demokratik hərəkatının iştirakçıları, yaxud təəssübkeşləri olan və sayı milyonlarla ölçülən azərbaycanlıların da demokratik dəyişikliklərdə maraqlı olduğu da əldə etdiyimiz məlumatlar sırasındadır. Potensial olaraq həmin kütlə Azərbaycan demokratik müxalifətinin elektoratı, tabanı hesab olunur və istənilən halda Rusiyada olan proseslər həmin təbəqəni yenidən Azərbaycanın siyasi həyatının fəal subyektlərindən birinə çevirə bilər. Özlərinin və ailələrinin həyatını təmin etmək üçün Rusiyaya getməyə məcbur olan bu təbəqə hazırda Azərbaycan cəmiyyətinin orta təbəqəsinin mühüm bir hissəsini təşkil edir və onlar çoxdandır öz vətənində normal iş və yaşam şəraiti tələb edirlər. İctimai Palatanın təmsilçisinin Moskvaya getməsi təşəbbüsünün müəllifləri hesab edir ki, Moskvaya gedən təmsilçi Rusiyada yaşayan soydaşlarımızı bu ölkədə cərəyan edən proseslərdə aktiv iştiraka çağırmalıdır. Rusiyadakı ayrı-ayrı iş adamlarının da həm bu ölkədə, həm də Azərbaycanda demokratik dəyişikliklərdə maraqlı olduğunu nəzərə alsaq, bu istiqamətdə hərəkətliliyin artacağı ehtimalı çox böyükdür.
Qeyd edək ki, İ.Qəmbər Ukraynadakı narıncı inqilab zamanı Kiyevin Maydan meydanında keçirilən mitinqdə iştirak və çıxış edib.

musavat.com