Azərbaycan müxalifətindən Türkiyəyə dəstək

azerbaycan-muxalifetinden-turkiyeye-destek
Oxunma sayı: 656

“Qafqazinfo”nun məlumatına görə, müəlliflər Türkiyə ilə İsrail arasındakı gərginliyi xalqlararası yox, dövlətlərarası gərginlik sayaraq, həllini də bu müstəvidə tapmalı olduğunu qeyd edirlər. İki dövlət arasında gərginliyə səbəb kimi keçən ilin mayında Fələstinə humanitar yardım aparan “Mavi Mərmərə” gəmisinə İsrail hərbçilərinin basqınını xatırladan müəlliflər İsraili bu basqında haqlı saymayıblar. Sənəddə 9 nəfər türk vətəndaşının ölümünə səbəb olan bu basqına haqq qazandırmağın mümkün olmaması xüsusi qeyd edilir.

Müəlliflər bu məsələdə beynəlxalq hüquq, insani və vicdani baxımdan Türkiyənin haqlı mövqedə olduğunu bəyan edirlər. Eyni zamanda, müəlliflər bu məsələnin beynəlxalq sülh və təhlükəsizlik üçün qorxulu nəticələr doğura bilməsindən narahatlıq ifadə edirlər. Bununla yanaşı, “Mavi Mərmərə” gəmisinə basqınla bağlı BMT-nin yaydığı hesabat gərginliyi aradan qaldırmaq üçün yetərli sayılmayıb. Yeni obyektiv və ədalətli rəy hazırlanması üçün BMT-yə imkanların nəzərdən keçirilməsi təklif edilib.

İP bildirib ki, iki dövlət arasında yaranan gərgin durumun Yaxın Şərq probleminin, Fələstinin dövlət müstəqilliyi məsələsinin mümkün qədər tez həll edilməsi vacibliyini ortaya qoyması qənaətindədirlər. Müəlliflər belə məsələlərin yalnız dövlətlərarası anlaşma və ədalət müstəvisində həllini tapa biləcəyi mövqeyini ifadə edirlər.