“Azərbaycan müxalifətinə qarşı düşmən obrazı yaradıblar” – Müsahibə

azerbaycan-muxalifetine-qarsi-dusmen-obrazi-yaradiblar-musahibe
Oxunma sayı: 690


Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadənin “Qafqazinfo”ya müsahibəsi


- Mən sizi çoxdandı gözləyirəm. Niyə müsahibənin alınmasını belə geçikdirdiniz?
- Yox, sizə müsahibə vermək təşəbbüsü mənim özümdən gəlib. Mənə heç kim müraciət etməyib.

- Aydındır, amma mən bu gün sizi çox gözlədim.
- Sürücümlə Gənclikdə bir saat tıxaca qalmışıq. Gərək üzrlü hesab edəsniniz.

- Yusif bəy, səhhətinizdə müəyyən problemlər var idi. İndi necəsiniz?
- Heç bir problem yoxdur. Allahın bu gününə şükür olsun. İki övladım var, qızımın dörd, oğlumun on altı yaşı var. Yəni sağlam atayam.

- Şükürlər olsun. Yəqin AMİP-in ərafında gedən söz-söhbətdən xəbərdarsınız?
- Bu yaxşı haldır. Bir partiya haqqında söz-söhbət gedirsə deməli gündəmdədir.

- Sizin üçün gündəmdə pis və ya yaxşı qalmağın fərq yoxdur?
- Fərqi yoxdur. Əslinə baxanda siyasətin özü pisdir, siyasətdən yaxşı bir şey gözləmək düz deyil. Siyasətdə stabillik, dostluq yoxdur, müttəfiqlik var, o da müvəqqəti xarakter daşıyır.

- Gəlin bu söhbətlərdən biri haqqında danışaq. Belə bir fikir var ki, Etibar Məmmədov getdikdən sonra AMİP bitib.
- Azərbaycanda siyasi partiyalar şəxslər ətrafında birləşiblər. Əlbəttə ki, Etibar Məmmədov partiyanın yaradıcısıdır. Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycanda birinci partiyandır ki, Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, çoxpartiyalılıq sisteminin əsasını qoyub. AMİP ilk partiyadır ki, Azərbaycanın müstəqilliyinin Türkiyədə və Pakistanda tanınmasına nail olub, oraya nümayəndə heyəti göndərib. Beynəlxalq Demokrat İttifaqında Azərbaycanı təmsil edən yeganə partiya AMİP-dir. Etibar Məmmədov 2004-cü ildə istefa verərək göstərdi ki, partiyaların şəxsiyyət ətrafında birləşməsi düzgün deyil. Bildiyiniz kimi Milli İstiqlal Partiyasının Etibar Məmmədovdan sonra bir neçə sədri oldu və həmin sədrlər dayanıqlı olmadı. Hələki iki ildir mən dayanmışam, Etibar bəydən sonra bu müddətdə hələ heç kim olmayıb.

- Bu iki illik fəaliyyətiniz nədən ibarət olub?
- Siz dediniz ki, Etibar Məmmədovdan sonra partiya gündəmdə deyil.

- Bunu mən yox, hər kəs deyir. Həm də gündəmdə ola bilərsiniz, baxır necə gündəmdəsiniz.
- Mən partiyanın sədri olduqdan sonra Qurultay və konfranslar keçirdim. Uzun müddət idi ki, partiyanın Qurultayı keçirilmirdi. 2008-ci ildə prezident seçkilərində AMİP öz namizədi ilə iştirak etmədi, seçkilərə qatılmadı. Bu da o deməkdir ki, partiya seçkilərdən kənarda qaldı. Mən sədr olduqdan sonra isə Milli İstiqlal Partiyası 2010-cu ildəki parlament seçkilərinə qatıldı və bizim 70 namizədimiz var idi. Bu YAP-dan sonra ən böyük siyahı idi.

- Bəs neçə nəfər seçildi?
- Heç kim seçilmədi. Əfsuslar olsun ki, seçki saxta keçirildi, hökumət səhv olaraq heç bir ənənəvi siyasi-müxalifət partiyanın parlamentdə təmsil olunmasına imkan vermədi. Bu çox pis haldır və indi peşmançılq hiss olunur. Məqsəd də Azərbaycandakı siyasi-müxalifət partiyalarını ictimai təşkilat səviyyəsinə salmaq idi. Bu baş tutmadı. Beynəlxalq təşkilatların, ATƏT-in Dövlət Departamentinin seçki ilə bağlı bəyanatlarında seçki tanınmadı, beynəlxalq standartlara uyğun olmadığı bildirildi. Rusiyada olan seçkilərdə gördünüzmü, faktiki olaraq Rusiya Federasiyasının prezidenti həm parlamentdə təmsil olunan qeydiyyatdan keçmiş siyasi partiyalarla, həm də ümumiyyətlə qeydiyyatdan keçməmiş siyasi partiyalarla görüşlər keçirdi. Yusif Bağırzadə iki ildir hökumətə dialoq aparılmalı olduğunu deyir. Hakim partiyanın rəhbəri, sədri prezidentdir. Prezident nə üçün siyasi partiyalarla dialoqa getmir, münasibət yaratmır? Prezident jurnalistlərlə təmas qurmur. Amma rəhmətlik Heydər Əliyev jurnalistlərlə təmas qururdu. Bu ənənə nəyə görə davam etdirilmir? Söhbət kiminsə oğlu, kiminsə atası olmaqdan getmir. Siyasi müxalifət düşmən deyil, başqa alternativ fikrin daşıyıcısıdır. Bundan qorxmaq lazım deyil. Onların fikirlərini də eşitmək lazımdır. Həyasız, səviyyəsiz, tərbiyəsiz müxalifətin yox, normal müxalifətin fikirlərini eşitmək lazımdır. Bu gün parlamentdə başqa fikirləri, düşüncələri olan siyasi xadim var? Açığı mən onları görmürəm. Bu da o deməkdir ki, Azərbaycanda birpartiyalılıq sistemidir. Nəyə görə, Beynəlxalq Demokrat İttifaqına heç bir partiyamızı qəbul etmirlər? Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycanda yeganə siyasi partiyadır ki, birinci dəfə nümayəndə heyəti kimi Avropa Parlamentinə dəvət olunub. Bu bizim iki illik fəaliyyətimizin göstəricisidir.

- Azərbaycan müxalifəti sanki iki yerə bölünüb, konstruktiv və radikal müxalifət. Siz isə indiyə kimi qəti mövqeyinizi bəyan etməmisiz. Sizi hansı müxalifətə aid etmək olar?
- Biz müxalifətik. Mən bu terminləri qəbul etmirəm. Müxalifət nə konstruktiv ola bilməz, nə də radikal ola bilməz. Elə bil siz deyirsiniz ki, hökumət və radikal hökumət yönümlü partiyalar, bu əmələ gələrmi? Əlbəttə ki, yox. Biz əgər parlamentdə təmsil olunmuruqsa, 20 ildir ki, söz, demokratiya, insan haqları uğrunda mübarizə aparırıqsa və bizi yaxına buraxmırlarsa deməli biz müxalifətik. Amma müxalifət söyüşdən ibarət deyil, hərəkətdən ibarətdir.

- Yəni müxalifət yalnız aksiyalardan, mitinqlərdən ibarət deyil?
- Əlbəttə ondan ibarət deyil. Narazılıq əlamət olaraq onlarda mübarizə, etiraz növüdür. Bu yaxınlarda biz bir tədbir keçirdik və tədbirimizdə Avropa Parlamentinin deputatları da iştirak etdi. Daha sonra biz qadın və uşaq problemləri ilə bağlı tədbir keçirdik və bu tədbirimizə də İsveç parlamentindən nümayəndələr qatıldı. Biz ildə dörd gənci beynəlxalq təşkilatların hesabına xaricdə oxumağa göndəririk, biz Avropa xalqlarının qurultaylarına çağırılırıq və s. Demək istədiyim budur ki, hərəkət etmək lazımdır.

- Siz qeyd etdiniz ki, hakimiyyətin müxalifətə qarşı aparılan siyasət düzgün deyil.
- Bəli. Nəinki, bu siyasəti, heç bir siyasəti düzgün deyil.

- İlham Əliyevin siyasətinə necə yanaşırsınız?
- İlham Əliyevin siyasi partiyalarla yürütdüyü siyasət düzgün deyil.

- Bəs ümumilikdə siyasətini necə dəyərləndirirsiniz?
- Ümumilikdə iqtisadiyyatda müsbət və mənfi hallar var. Siyasətdə mən irəliləyiş görmürəm, müxalifət düşərgəsinə olan münasibətini qeyri-məqbul hesab edirəm. İlham Əliyevin, Əli Əhmədovun və yaxud da Yusif Bağırzadənin qəbul edib-etməməsindən aslı olmayaraq Azərbaycan ictimaiyyətinin və beynəlxalq təşkilatların qəbul etdiyi ənənəvi siyasi partiyalarla, AMİP-lə, Müsavatla, AXCP-lə, KXCP-lə, ADP-lə hesablaşmalıdır. Mən yenə deyirəm müxalifətə alternativ fikir kimi baxılmalıdır, düşmən kimi yox.

- Azərbaycanda düşmən kimi baxılır.
- Bəli. Məsələn AMİP-in ofisi alınıb və verilməyib. Ümumiyyətlə siyasi partiyaların toplaşmaq üçün şərait məhdudlaşdırılıb. Tədbir keçirmək istəyəndə deyirdilər ki, gedin Baksovetdən icazə alın, sonra tədbirinizi, qurultayınızı keçirə bilərsiniz. İndi bu məsələ bir az yüngülləşdirilsə də Azərbaycan müxalifətinə qarşı düşmən obrazı yaradıblar.

- Bəlkə də müxalifətdən qorxurlar?
- Bəlkə də qorxurlar. Amma nədən qorxmalıdırlar? Biz də azərbaycanlıyıq, Azərbaycan ictimaiyyətinin bir hissəsiyik. Rusiyadakı prezident seçkilərindən biz çox şey götürməliyik. Namizədlərin hamısına sözlərini demək üçün şərait yaradıldı. Ümumiyyətlə MDB dövlətlərində, Gürcüstanda, Ukraynada olan inqilabların Rusiyaya təsiri olmasa da, Rusiyada gedən proseslərin bizlərə təsiri olacaq. Putinin hakimiyyəti daimi olmayacaq, bu mümkün deyil.

- Sizcə Rusiyada böyük inqilab gözlənilir?
- Artıq başlayıb və geniş miqyas alacaq. Hüquqi dövlətin əsasını iki şey təşkil edir: məhkəmənin müstəqilliyi və qanunun aliliyi. Rusiyada bunlar yoxdur. Rusiyada qanunların tətbiqi də düzgün deyil. Rusiya etnik respublikalardan ibarətdir. Bu respublikaların öz qanunları olmalıdır. Necə olur ki, Amerika kimi monolit dövlətdə, çox hissəsi ingilis əsilli olan dövlətin hər ştatının öz qanunu ola bilir. Amma Rusiya kimi federasiyada subyektləri etnik olduğu halda öz qanunları yoxdur. Axı belə işləməz. Rusiyada bu proseslər ona görə başladı ki, Medvedyev islahatlar etmək istəyirdi, qanunları təkmilləşdirirdi və bu qanunlar gəlib baş nazir səviyyəsində dayanırdı. Bu artıq anarxiyadır. Rusiyada partlayış gözlənilirdi. Və bu partlayış MDB ölkələrinə təsirsiz ötüşməyəcək.

- Azərbaycana?..
- Seçkini diqqətlə izləmisinzsə bilməlisiniz ki, iki namizəd Azərbaycanla bağlı fikirlər söylədi, Putin və Jirinovski. Putin seçkidən dörd gün öncə xarici jurnalistlərə verdiyi müsahibəsində qeyd etdi ki, biz İranın vurulmasının əleyhinəyik, ona görə ki, 20 milyon azərbaycanlının axını başlaya bilər. Amma demədi ki, o axın hara gedəcək. Sonra Jirinovski dedi ki, İran vurulacağı təqdirdə Azərbaycanın Qarabağı azad etməyə şansı olacaq və bu halda məsələyə Rusiya və Türkiyə qarışa bilər. O, düzgün qeyd etdi. Bu torpaqlarımızı qaytarmağımız üçün yeganə şansımızdır. Amma azərbaycanlıların axınının başlaması ciddi problemdir və biz buna hazır olmalıyıq. Artıq PENTAQON-un rəhbəri İrana hava zərbələrinin endiriləcəyi haqqında bəyanat verib. İranın vurulması qaçılmazdır.

- Son zamanlar Azərbaycanla İran münasibətləri də kəskin hal alıb.
- Artıq Birləşmiş Ştatlar İrana qarşı sanksiyalar tətbiq edib. Və bizdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq sanksiyalara səs verməyimiz, verməməyimiz, bitərəf olmağımız göz önündədir. Rusiya istəyirdi ki, İrana və Suriyaya qarşı olan sanksiyalara Azərbaycan qoşulmasın. Amma Azərbaycan hər iki ölkəyə qarşı verilən sanksiyalara qoşuldu. Yəni Azərbaycan İranın əleyhinə səs verdi. Çünki bizim başqa yolumuz yox idi. Bizim büdcəmizi neft satışı təşkil edir və operatorlarımızda xarici şirkətlərdir.

-Yəni siyasətimizi iqtisadi maraqlarımıza uyğun qururuq.
- Bəli. Qarabağ məsələsinin həll edilməməsinin bir səbəbkarı da İrandır. Biz İrana qarşı hər zaman yaxşı münasibətdə olsaq da, o, bizim müstəqil və böyük dövlət olmağımızı istəməyib. Bunu heç Rusiyada istəməyib. İran rejimi olan bir dövlətdir. İran bizim düşmənimiz olan Ermənistana açıq iqtisadi yardım edir. İran vurulacağı təqdirdə Ermənistan da blokadaya düşür. Bir də NABUCCO layihəsi var ki, biz artıq o layihəyə qoşuluruq. Bu layihə nəticəsində Türkmənistan, Türkiyə, Gürcüstan və Azərbaycan böyük iqtisadi-stateji müttəfiqliyi yaranacaq. Bu sonradan siyasi və hərbi müttəfiqliyə keçə bilər. Bu şəkildə Rusiyadan da, İrandan da qoruna bilərik. İran vurulmalıdır ki, Fələstin-İsrail məsələləri qaydaya qoyulsun. İran vurulsa dünyada ikinci neft ehtiyatı olan Xəzər hövzəsi birbaşa Avropaya açılır. Yəni İranın vasitəsi ilə çox ucuz kəmərlər çəkmək olar. Və bu məhsullar Avropa-Amerika bazarına çıxarılır. Bu səbəbdən Rusiya istəmir ki, İran vurulsun.

- Avropaya neft Rusiya vasitəsi ilə çıxır. NABUCCO layihəsi, İranın vurulması nəticəsində Xəzərin nefti Avropaya birbaşa çıxış əldə edəcək. Bu səbəbdən Rusiya İranın vurulmasını istəmir. Demək istədiyiniz budur?
- Bəli.

- Rusiyada prezident, İranda isə parlament seçkiləri keçirildi. Fransada da, Amerikada da prezident seçkilərinə hazırlıq gedir. Və 2013-cü ildə Azərbaycanda prezident seçkiləri keçiriləcək. Partiyanızın namizədi olacaq?
- Bəli.

- Bəs müxalifətin vahid namizəd təklifinə necə baxırsınız?
- Bu məsələ haqqında danışmaq tezdir. Amma mən istəyirəm ki, müxalifət vahid namizədlə seçkilərə getsin. Müxalif partiyaların platforması demək olar ki, eynidir. Bu səbəbdən biz vahid namizədlə çıxış etməliyik. Bəzən vahid namizəd problemi siyasi-müxalifət partiyaları arasında ayrılığa səbəb olur. Amma bu əksinə olmalıdır. Qələbəni ancaq vahid namizədlə əldə etmək olar.

- Sizcə vahid namizəd kim olmalıdır?
- Mən heç kimin namizədliyini irəli sürə bilmərəm. Çünki belə bir fikrim yoxdur.

- İctimai Palata ilə bağlı da aranızda anlaşılmazlıqlar var. İctimai Palatadan çıxmısınız, yoxsa?
- Hüquqi baxımdan çıxıb-girmək məsələsi yoxdur. Biz İctimai Palatada bu gün də təmsil olunuruq. Ancaq Koordinasiya Şurasında mən təmsil olunurdum və oradakı fəaliyyətimizi dayandırdıq. Koordinasiya Şurası ilə razılığa gəldi ki, İctimai Palatanı siyasi güc mərkəzinə çevirək, başqa siyasi qüvvələrində buraya gəlməsinə imkan yaradılsın. Bilirsiniz küçə yürüşləri, mitinqlər İctimai Palatanın təməlini təşkil edə bilməz. Çünki İctimai Palata Azərbaycanda yeganə təşkilatdır ki, siyasi partiyalar, QHT-lər və vətəndaş birliklərinin sintezindən əmələ gəlib. Vaxt lazım idi ki, bu qurum inteqrasiya etsin. Nizamnaməmiz, proqramımız olsun, rayonlarda təşkilatlanaq və bu partiyalar bir-birinə inteqrasiya etsin. Bunlar olmadan küçə yürüşlərinə başlamaq və kifayətlənmək düzgün deyil.

- Aprelin 8-də İctimai Palata mitinq keçirəcək. Hətta bu mitinqin xalq hərəkatı səviyyəsində olacağı deyilir.
- Təki baş tutsun.

- Bugünkü şəraitdə mümkündür?
- Mən düşünürəm ki, islahat yolu ilə nələrisə əldə etmək olar. Bu mənim şəxsi fikrimdir və bəlkə də mən səhv düşünürəm.

- Baxın, müxalifət burada ayrılır. Bəziləri islahat yolunu seçir, bəziləri isə küçələrə düşməklə nəyəsə nail olmaq istəyir.
- Müxalifətdə bəzi çatışmazlıqlar var. Sizin qeyd etdiyiniz məsələdə onlardan biridir.

- Müxalifətin prezident seçkilərində iştirakı necə olmalıdır?
- Mən AMİP-in sədri olaraq prezident seçkilərində namizədliyimi verəcəm. Kimlərinsə namizədliyini haqqında heç nə demək istəmirəm.

- Siz islahat tərəfdarısınız. Hakimiyyət islahatlar aparsa bəlkə dəyişilməsinə ehtiyac yoxdur?
- Çörçil İngiltərədə bir neçə dəfə nazir olub. Və o, İngiltərənin ən dəyərli siyasətçilərindən biri idi. Amma son seçkilərdə seçilmədi. Ondan bunun səbəbini soruşanda deyib ki, xalq Çörçilə səs verməkdən usanıb. Qısası biz yeni fikirlər eşitmək istəyirik.

- Yeni fikir istəyiriksə müxalifətin namizədləri də yeni olmalıdır.
- Mən sizin fikirinizlə razıyam. Azərbaycandakı ənənəvi müxalifət partiyaları birləşsə 2013-cü ildəki seçkilərdə qəlbə qazanacaq. Artıq hökumətin bizi küncə sıxmağından asılı olmayaraq beynəlxalq təşkilatlar bizi qəbul edir, bizim fikirlərimiz bəzi məsələlərdə əsas götürülür.

-Yəni 2013-cü ilin prezident seçkilərinə ümidiniz böyükdür?
- Çox böyükdür və qələbəmizə inanıram.

Sədan Bünyadova