“Azərbaycan müxalifətinin bir arada olması aktuallaşdırıb” - Bəyanat

azerbaycan-muxalifetinin-bir-arada-olmasi-aktuallasdirib-beyanat
Oxunma sayı: 671

Bəyanatda qeyd olunur ki, Azərbaycan hakimiyyəti ölkədə bütün sahələr üzrə köklü və real islahatlar aparmaq əvəzinə, yenə də öz maraqlarına uyğun formada “dəyişiklik imitasiyası” sərgiləməkdədir:
«Bir neçə gün əvvəl Azərbaycan təhsil nazirinin üç müavininin bir sərəncamla işdən azad olunmaları da hakimiyyətin bu syasətinin tərkib hissəsi kimi dəyərləndirilir. Ölkədə ən geniş seçki şəbəkəsinin təhsil müəssisələrində formalaşdırıldığını nəzərə alsaq, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi bu kadr dəyişikliyinin təhsilin səviyyəsinin və keyfiyyətinin artırılması məqsədlərinə deyil, iqtidarın yaxın və uzaqmənzilli siyasi niyyətlərinin reallaşmasına xidmət edən addım olduğu açıq görünər».

Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyası (ALP) hesab edirlər ki, Təhsil Nazirliyində aparılan bu kadr əvəzləməsi hakimiyyətin 2013-cü ildə keçiriləcək növbəti prezident seçkilərinə “hazırlığı”nın tərkib hissəsidir. Bu baxımdan, VİP və ALP haqqında bəhs olunan kadr dəyişikliyinin məhz 2013-cü il seçkilərinin saxtalaşdırılmasına hesablandığına, hakimiyyətin növbəti prezident seçkilərini də qeyri-demokratik şəraitdə keçirmək niyyətindən qaynaqlandığına şübhə etmir.

VİP və ALP hesab edir ki, hakimiyyətin bu nümayişkaranə davranışının ilkin səbəblərindən biri də Azərbaycanın əsas müxalifət qüvvələrinin hələ də bir araya gəlməməsi və bununla da, cəmiyyətdə əksəriyyət təşkil edən narazı kəsimin təşkilatlanmamasıdır. Fikrimizcə, əgər Azərbaycan müxalifəti ölkədəki mövcud situasiyanın əsaslı şəkildə dəyişdirilməsi üçün özündən asılı olan addımları atsa idi, o zaman hakimiyyət 2013-cü il seçkilərinin saxtalaşdırılmasına indidən zəmin hazırlamazdı. Yaranmış şərait və hakimiyyətin növbəti prezident seçkilərinə vurğulanan hazırlığı Azərbaycan müxalifətinin bir arada olması və əlaqəli fəaliyyət qurması zərurətini daha da aktuallaşdırıb.

VİP və ALP qeyd olunanları əsas götürərək, ölkənin müxalifət qüvvələrini inteqrasiya proseslərini sürətləndirərək tezliklə bir araya gəlməyə və hakimiyyətin indidən reallaşdırmağa başladığı “2013-cü il planları”nın qarşısını birgə səylərlə almağa çağırır.