Azərbaycan nazirliyi ABŞ-da təcrübə keçdi

azerbaycan-nazirliyi-abs-da-tecrube-kecdi
Oxunma sayı: 671

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, səfər əqli geriliyi olan insanlar üçün nəzərdə tutulan icma əsaslı xidmətlərin təşkili və iqtisadi əsasları, forma və növləri ilə bağlı ABŞ təcrübəsinin öyrənilməsi məqsədinə xidmət edib.

Səfər zamanı ABŞ-ın 12 milyon əhalisi olan Pensilvaniya Ştatında əqli geriliyi olan insanlara əsasən qeyri-hökumət təşkilatları tərəfindən xidmətlər göstərildiyi müşahidə olunub. Nümayəndə heyətimiz həmin ştatda 55000 nəfər əqli geriliyi olan insana müxtəlif formalarda göstərilən sosial xidmətlərlə, habelə 5700 nəfər əqli geriliyi və ruhi-əsəb xəstəliyi olan şəxslərə müxtəlif növ sosial xidmətlər göstərən, 3200 nəfər işçisi olan Keystone İnsan Xidmətləri Təşkilatının fəaliyyəti ilə yaxından tanış olub.

Bildirilib ki, illik büdcəsi 140 milyon ABŞ dollarına bərabər olan və əsas maliyyə mənbəyi müvafiq dövlət proqramlarından formalaşan bu təşkilatın əsas məqsədi dövlət müəssisələrində yaşayan insanların icma şəraitində yaşamasını təmin etmək, eləcə də əlillərin belə müəssisələrə düşməsinin qarşısını almaqdır. Təşkilatın xidmət göstərdiyi şəxslərin yaşadıqları icma əsaslı 3 evlə tanış olan nümayəndə heyətinə belə evlərdə ağır, orta və yüngül xəstəlik diaqnozları olan şəxslərin birgə yaşadıqları məlum olub.
Pensilvaniya Ştatının Dofin rayonunun Sosial müdafiə departamentinin Əqli gerilik və Erkən Müdaxilə Xidmətlərinin direktoru Dan Sausman və Ştatın senatoru xanım Pat Vance ilə keçirilən görüşdə əqli geriliyi olan vətəndaşlar üçün hökumətin xidmət paketi barədə nümayəndə heyətimizə ətraflı məlumat verilib. Qeyd olunub ki, əqli geriliyi olanlara xidmət göstərən təşkilatların profil, say və çeşidinin çox olduğu bu rayonda əlilliyi olan şəxslərə xidmətin növünün və miqyasının müəyyən olunmasına yerli icra hakimiyyəti orqanı qərar verir.

Bunun üçün əlilliyi olan şəxslərlə bağlı əhatəli şəkildə qiymətləndirmə işi aparılır və hər bir belə şəxs üçün Fərdi Dəstək Planı hazırlanır. Bu plan xidmət profili uyğun olan təşkilatlara təqdim edilir və ən münasib xidmət haqqı tələb edən təşkilatla müqavilə imzalanır. Xidmətin göstərilməsi prosesinə dövlətin daimi nəzarəti təmin olunur.
Keystone İnsan Xidmətləri Təşkilatının rəhbəri ilə keçirilən görüşdə sosial xidmətlər sahəsində birgə əməkdaşlığın həyata keçirilməsi, bu məqsədlə 2012-ci ilin birinci rübündə danışıqların davam etdirilməsi və yerli şəraitin öyrənilməsi üçün həmin təşkilatın rəhbərliyinin Azərbaycana rəsmi səfəri barədə razılıq əldə edilib.

Ölkəmizin ABŞ-dakı səfirliyində olan nümayəndə heyətimiz səfirliyin İqtisadi və siyasi məsələlər üzrə müşavirləri ilə görüşərək, səfərin məqsədi, həmçinin respublikamızda sosial xidmət sahəsində aparılan islahatlar barədə geniş məlumat veriblər. Görüşdə Azərbaycan və ABŞ-ın uyğun qurumları arasında sosial sahədə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Nigar Məmmədli