“Azərbaycan “oyalama” taktikasından əl çəkməlidir” – NATO ilə bağlı təkliflər

azerbaycan-oyalama-taktikasindan-el-cekmelidir-nato-ile-bagli-teklifler
Oxunma sayı: 674

AAŞ İdarə heyətinin üzvü Məhəmməd Talıblı “Azərbaycan – Avropa Birliyi münasibətləri: mövcud durum və inkişaf perspektivləri”, AAŞ sədrinin müavini Yaşar Cəfərli isə “Azərbaycan- NATO münasibətləri: mövcud durum və inkişaf perspektivləri” mövzularında məruzələr səsləndiriblər.

Tədbirdə millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, AAŞ İdarə Heyətinin üzvləri Elxan Şahinoğlu və Nicat Məlikov, “RLS-siz Azərbaycan” təşkilatının sədri Səxavət Əlisoy, Hərbi Analitik Tədqiqatlar Mərkəzinin direktoru İldırım Məmmədov, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Seyid Əli Musəvi Azərbaycanın NATO və Avropa Birliyi ilə əməkdaşlığının mövcud vəziyyətindən və perspektivlərindən danışıblar.

Tədbirə Rumıniyanın Azərbaycandakı səfirliyinin əməkdaşı Radu Qorinçoy, İraın Azərbaycandakı hərbi attaşesinin müavini polkovnik Əkbər Kimyayi, bir sıra QHT rəhbərləri və media nümayındələri də qatılıb.

Toplantıda şuranın təkliflər paketi qəbul olunub.

“Avro-Atlantik Şura (AAŞ) Azərbaycanın Avropa və Avroatlantik strukturlara daha sıx inteqrasiyasını istəyən və ölkəmizin təhlükəsizliyinə vətəndaş nəzarətini həyata keçirən təşkilatların Azərbaycan Respublikasının prezidentinə, hökumətinə və Milli Məclisinə ünvanladığı 12 iyun 2009-cu il tarixli müraciətini bir daha xatırladaraq və sürətlə dəyişən regional şəraiti:

regionda geopolitik və geostrateji durumun, eyni zamanda hərbi-siyasi vəziyyətin sürətlə dəyişdiyini, mürəkkəbləşdiyini və kəskinləşməkdə olduğunu;

təhlükəsizlik, eyni zamanda hərbi təhlükəsizlik risklərinin və təhdidlərinin daha da artdığını;

demokratiyanın sürətlə genişlənməkdə olduğunu, azadlıq və ədalət istəyilə xalqların yenidən tarix səhnəsinə çıxdığını və bir-birinin ardınca avtoritar və totalitar rejimləri yıxdığını;

demokratik və demokratik inkişaf yolu seçmiş ölkələrin öz qonşuluğunda qeyri-demokratik ölkələr görmək istəmədiyini, onlara təhdid mənbəyi kimi baxmağa başladığını;

yeni dünya düzəninin demokratik, açıq cəmiyyətlər üzərində qurulduğunu, eyni zamanda demokratikləşmənin strateji xarakter aldığını;

bununla bərabər, xarici təsirlərə həssas və açıq olan ölkəmizin strateji seçimilə bağlı xarici və daxili təhlükəsizlik mühitindən doğan bir sıra problemlərinin olduğunu;

bu səbəblərdən də avroatlantik məkana inteqrasiya yolunda ehtiyatla irəliləməyin anlaşılan olduğunu;

həmçinin Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında göstərildiyi kimi, ölkəmizin strateji hədəfinin məhz avroatlantik məkana inteqrasiya olduğunu da nəzərə alaraq ölkəmizin yaxın strateji inkişaf perspektivi üçün bu təklifləri irəli sürür.

Azərbaycan daha artıq zaman itirmədən NATO ilə münasibətlərində strateji və taktiki hədəflərini müəyyən etməlidi. Strateji səviyyə, uzaq perspektiv üçün bu alyansa üzvlük, taktiki səviyyə üçünsə daha sıx və sürətli inteqrasiya olmalıdı. Ölkəmiz “oyalama” taktikasından əl çəkib NATO ilə münasibətlərin növbəti mərhələsinə keçməli, ikitərəfli münasibətlər nəhayət, Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planından(İPAP) yuxarı çıxmalı və İntensiv Dialoq(İD) mərhələsinə keçməlidi. Bunun üçünsə Azərbaycan, ilk növbədə NATO-ya üzv olmaq istəyini rəsmən bəyan etməli və alyansla imzaladığı sənədlərdə(PfP, İPP, PARP, OCC və s.) nəzərdə tutulan islahatların həyata keçirilməsi prosesini sürətləndirməlidi. Yalnız bundan sonra Azərbaycan-NATO münasibətlərində yeni mərhələyə - İD mərhələsinə keçmək mümkündür.

Azərbaycan Avropa İttifaqının(Aİ) Praqa sammitində(may 2009) Avropa Qonşuluq Siyasətinin spesifik yönü kimi irəli sürdüyü, tərəfdaş ölkələrin ittifaqla siyasi assosiasiyasını və iqtisadi inteqrasiyasını nəzərdə tutan strateji və ambisiyalı Şərq Tərəfdaşlığında aktiv iştirak etməlidi. Aİ bu prosesi sürətləndirmək məqsədilə Şərq Tərəfdaşlığının Varaşava Sammitinin(29-30 sentyabr 2011-ci il) Birgə Bəyanatında göstərildiyi kimi Şərqi Avropa ölkələrində, o cümlədən Azərbaycanda aparılması nəzərdə tutulan demokratik islahatlara dəstək verməyi nəzərdə tutur. İlk dəfədir ki, bir Avropa ölkəsi hesab edilən Azərbaycan bu tarixi şansı düzgün qiymətləndirməli, Aİ-yə assosiativ üzvlüyü və iqtisadi inteqrasiyanı hədəf götürərək bu təşəbbüsün uğurla həyata keçirilməsində bütün sahələrdə yaxından iştirak etməlidir. Bu çərçivədə Azərbaycan yeni təşəbbüsdən irəli gələn demokratik islahatlar prosesini sürətləndirməli və Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı bütün süni maneələri dərhal aradan qaldırmalıdı.

Azərbaycan sürətlə dəyişməkdə davam edən regional şəraiti, Gürcüstan böhranından(08.08.2008) və “ərəb oyanışı”ndan sonra regionda yeni vəziyyətin yarandığını, əlverişsiz beynəlxalq əhatədə olduğunu, məqsədyönlü strateji inkişaf perspektivi üçün qlobal güc olan ABŞ-ın əhəmiyyətinin daha da artdığını nəzərə almalı və onunla strateji tərəfdaşlıq sazişi imzalamalıdır. Müharibə vəziyyətində olan və qonşularının artan təzyiqləri ilə üzbə-üz qalan Azərbaycanın milli təhlükəsizlik maraqlarının qorunması problemi ilə bağlı olaraq bu strateji tərəfdaşlıq sazişinin aktuallığı mövcud şəraitdə daha da artıb.

Azərbaycanın təbii müttəfiqi olan qardaş Türkkiyə Cumhuriyəti (TC) ilə gec də olsa “Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım” haqqında saziş bağlaması müsbət qiymətləndirilməklə bərabər, yeni regional durumda Türkiyənin rolunun əhəmiyyətli dərəcədə artdığı və Cənubi Qafqazda aktiv siyasət aparmağa başladığı da nəzərə alınmalı və regional hərbi-siyasi disbalansın pozitiv istiqamətdə dəyişməsi üçün ilk növbədə, bu ikitərəfli münasibətlər hərbi-siyasi ittifaq səviyyəsinə qaldırılmalıdı.

Azərbaycanın strateji inkişaf perspektivinin gücləndirilməsi üçün ölkəmizin tərfdaşları da öz növbələrində yaxın dövrdə müəyyən addımlar atmalı:
ilk növbədə, ölkəmizin strateji inkişafı qarşısındakı başlıca problemlərdən biri olan Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli prosesində ABŞ, Türkiyə, Aİ və NATO fəallığı artırmalı, Aİ Minsk qrupunun həmsədrlərindən biri kimi danışıqlar prosesinə daxil olmalı;
Aİ Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycanla əlaqələrin inkişafını stimullaşdırmaq üçün tezliklə ölkəmizlə sadələşdirilimiş viza rejiminə keçməli;
NATO üzvlük tələbləri sırasında göstərdiyi namizəd ölkənin ərazisində və qonşuları ilə münaqişələrin olmaması tələbinə və alyansın öz üzərinə tərəfdaş ölkələr üçün bir sıra təhlükəsizlik öhdəlikləri götürməsi məsələlərinə yenidən baxmalı;
ABŞ və TC isə Azərbaycanla strateji əlaqələrin gücləndirilməsi üçün konkret addımlar atmalıdı.

AAŞ, təhlükəsizliyin, eyni zamanda hərbi təhlükəsizliyin beynəlxalq təminatının kəskin aktuallaşdığı mövcud regional şəraitdə Azərbaycanın geopolitik və geostrateji durumundan narahat olaraq hesab edir ki, bu addımların atılması və onların ölkə daxilində həqiqi siyasi, hərbi, iqtisadi və hüquqi demokratik islahatlarla möhkəmləndirilməsi ölkəmizin yaxın strateji inkişaf perspektivi baxımından çox vacibdi.

İnanırıq ki, bu narahatlığı Sizlər də - ölkəmizin aparıcı siyasi partiyaları, vətəndaş cəmiyyəti qurumları - bölüşəcək və bir olan vətənimizin strateji inkişafı naminə irəli sürülən təklifləri dəstəkləyəcəksiniz”.