Azərbaycan politoloqu Bəşər Əsədə yol göstərdi

azerbaycan-politoloqu-beser-esede-yol-gosterdi-
Oxunma sayı: 639

Liviyada da Fransanın analoji addımından sonra inqilabi proseslər sürətlənmişdi. Fransanın bu addımı atması Bəşər Əl-Əsədin sonunun çox yaxında olduğunu xəbər verir. Rusiya və Çin Liviyada buraxdıqları səhvləri Suriyada təkrar etmək istəməyəcəklər. Əks halda, onların Suriyadakı sərmayələri təhlükə ilə üzləşə bilər. Suriya artıq batan gəmidir. Onu xilas etmək nə Rusiyanın, nə də Çinin imkanındadır. Buna görə də, Rusiya və Çin Suriyanın arxasından çəkiləcək” – bunu AXCP sədrinin müavini Razi Nurullayev “Yeni Müsavat” qəzetinə açıqlamasında bildirib.

O qeyd edib ki, “Ərəb ölkələrində baş qaldıran inqilabların fonunda dünyanın diqqəti Suriyaya yönəlib. Suriya diktatoru Bəşər Əsədin hakimiyyəti qorumaq üçün günahsız insanlara qarşı odlu silahlardan istifadə etməsi beynəlxalq ictimaiyyəti ona qarşı sərt addımlar atmağa vadar edir. Artıq Ərəb ölkələri Liqası da Suriyanın bu qurumda üzvlüyünü dayandırıb. Amma, Bəşər Əl-Əsəd sona qədər gedəcəyini vurğulayır. O, da, əfsuslar olsun ki, Müəmmar Qəddafi kimi batan gəmidə olduğunu dərk etmir və ya etmək istəmir. Yaxşı olardı ki, o, həmkarı Yəmən prezidenti Abdullah Salehdən ibrət götürərək, hakimiyyətdən çəkilsin. Bu yolla, ən azından ailəsinin həyatını təhlükədən qoruya bilər. Amma, özünün hüquqdan yayınması artıq mümkün deyil. Suriya xalqı onu mühakimə edəcək”.

R.Nurullayevin sözlərinə görə Suriyada diktatura rejimi heç də baş verən proseslərə ciddi təsir göstərmək iqtidarında deyil. “Artıq ordu iki yerə bölünüb. Ordunun zaman-zaman müxalifətin tərəfinə keçməsi sürətlənəcək. Liviyadakı hadisələrdən ordu və təhlükəsizlik qüvvələrinin də rəhbərləri dərs almaqdadırlar. Ordunun iki yerə bölünməsi Bəşər Əsədin faktiki olaraq məğlub olmasıdır”.

Politoloq deyib ki, “Suriyada mübarizə yeni bir mərhələyə keçib. Hadisələrin gedişi onu göstərir ki, Liviya variantı Suriyada da təkrar olunacaq. İqtidarla müxalifət arasında qarşıdurma silahlı müstəvidə cərəyan edir. Müxalifət Bəəz Partiyasının qərargahlarını atəşə tutur. Bu faktın özü sprut kimi Suriyanı ağuşunda boğan Bəəz partiyasına, onun ideologiyasına və nüfuzuna zərbədir. İstənilən halda, Suriyanın taleyi BMT TŞ-da həll olunacaq. BMT TŞ-da Suriya xalqının Bəşər Əsəd rejimindən qorunması üçün qərar qəbul oluna bilər. Bu Rusiya və Çinin Suriya diktatorunun xilas edilməsinin mümkünsüzlüyünü, çox yaxın zamanda, dərk edəndən sonra mümkün olacaq. Bəşər Əl-Əsədin iki yolu var. Ya yaxında istefa vermək, ya da mübarizəni davam etdirmək. O, hələ ki, ikinci yolu seçib və bu o deməkdir ki, vətəndaş müharibəsi sürətlənəcək. Mülki vətəndaşları qorumaq üçün isə, NATO Suriyaya hava zərbələri endirməyə vadar olacaq. Bu artıq qaçılmaz bir fakt kimi görünməkdədir”.