“Azərbaycan rəsmiləri öz əməllərinə görə cavabdeh olmalidir”- Etiraz

azerbaycan-resmileri-oz-emellerine-gore-cavabdeh-olmalidir-etiraz
Oxunma sayı: 646

“Media forum” saytının məlumatına görə, Zülfüqari deyib ki, insidentə Azərbaycan Respublikasının bir qrup sərhədçisinin İran İslam Respublikası ərazisinə daxil olması səbəb olub: “Bunun açıq-aşkar qanun pozuntusu olduğunu hər iki ölkənin ekspertləri təsdiqləyib. Azərbaycan Respublikasının rəsmiləri üzrxahlıq əvəzinə belə bir əsassız iddia ortaya atıblar ki, guya bu hadisə Azərbaycan Respublikasının ərazisində baş verib. Halbuki hər iki ölkənin mütəxəssisləri bu olayın İran ərazisində baş verdiyini təsdiqləyib.

Azərbaycan Respublikasının sərhədçiləri iranlı əsgəri 14 güllə ilə öldürüblər. Bu isə sərhəd qanunlarına zidd addımdır. Biz hadisə ilə bağlı Azərbaycan Respublikasının hüquq mühafizə və məhkəmə rəsmilərinin cavabını gözləyirik. Azərbaycan Respublikasının rəsmiləri qanuna əsasən öz əməllərinə görə cavabdeh olmalıdır”.

Azərbaycan tərəfinin yaydığı məlumata görə, oktyabrın 19-u saat 14 radələrində Biləsuvar rayonunda Azərbaycan-İran sərhədinin pozulması müşahidə edilib. Əraziyə əlavə sərhəd naryadı çıxarılıb və axtarış təşkil olunub. Dövlət sərhədindən 1200 metr məsafədə Azərbaycan ərazisinə irəliləyən hərbi geyimli sərhəd pozucusu aşkarlanıb, sərhəd naryadına hücum etdikdə ona qarşı silah tətbiq olunub. O, aldığı güllə yarasından xəstəxanada ölüb.

Oktyabrın 20-də Azərbaycanın İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov İranın Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Azərbaycan-İran sərhədindəki silahlı insidentlə bağlı rəsmi etiraz notası təqdim olunub. Etiraz notasında Azərbaycanın sərhəd qüvvələrinin beynəlxalq qaydalara, iki ölkə arasındakı qarşılıqlı razılaşmalara və dinc yanaşı yaşamaq üsuluna zidd davrandığı bildirilib və Azərbaycan Respublikası hökumətindən iranlı əsgərin öldürülməsində təqsirli bilinənlərin cəzalandırılması istənilib.