Azərbaycan saytlarını kim dağıtdı? – Araşdırma

azerbaycan-saytlarini-kim-dagitdi-arasdirma-
Oxunma sayı: 656

Bu gün ANN.Az, eurovision.az və eurovisionaz.com saytları özlərini "Azərbaycan Fədailəri - Kiber döyüşçülər" adlandıran naməlum haker qrupunun hücumuna məruz qalıb. Əvvəlcə saytın Azərbaycan versiyası, daha sonra rus versiyasının ana səhifələri haker hücumu nəticəsində dağıdılıb və bura haker qrupu öz şüarlarının yer aldığı foto yerləşdiriblər.

Haker qrupunun "Eurovision" əleyhinə fikirlər səsləndirməsi hücumun məhz Bakıda keçirilən bu Avropa miqyaslı yarışma ilə bağlı olduğunu söyləməyə əsas verir.

Məlum olduğu kimi ANN.Az portalının nəzdində 3 dildə "Eurovision.ANN.Az" saytı da fəaliyyət göstərir. Bu saytda biz müsabiqə ilə bağlı bütün xəbərləri operativ şəkildə Azərbaycana və dünyaya yaymaqla məşğul idik. Görünür məhz bu məqam haker qrupuna portalımızı hədəf seçməyə "stimul" verib.

Daha sonra eyniadlı haker qrupunun Azərbaycanda müsabiqənin rəsmi saytını və rəsmi fan-klubunun saytını da hücuma məruz qoyduğu məlum oldu.

Özlərini "Azərbaycan Fədailəri - Kiber döyüşçülər" adlandıran bu haker qrupu kimlərdir və mənşəyi haradan qaynaqlanır?

ANN.Az-ın apardığı araşdırma nəticəsində məlum oldu ki, bu qrup hücuma bir neçə müddətdir. Bununla bağlı onlar xüsusi bloqda yaradıblarmış. ( http://cyberdoyusculari.blogspot.com). Bloqa nəzər yetirdikdə ora ilk materialın hücumdan bir gün əvvəl - 16 mayda yerləşdirildiyi görünür.

Bloqda qrup özünü "ideoloji və hərbi bir qurum" adlandırır. Bu bəyanat yetərincə suallar doğurur. Söhbət hansı ideologiyadan gedir? "Hərbi qurum" hansı anlama gəlir? Bu haqda daha sonra danışacağıq.

Bloqda hadisədən bir gün əvvəl - 16 may tarixində 3 sayta - ANN.Az, Eurovision.Az və Eurovisionaz.com saytlarına hücum ediləcəyi ilə bağlı anons yerləşdirilib.

Araşdırmalarımız nəticəsində bəlli oldu ki, bu qrupun "Facebook" şəbəkəsində də bəzi profilləri və səhifələri mövcuddur.

Bu səhifələrdən biri "Hakimiyyət və Həqiqətlər" adlanır ( https://www.facebook.com/HokumtinArxasindaNVarNlrDi ).

Qrupun idarəçilərindən biri özünə "Zeynəb Sultanova" adında uydurma profil yaradıb və profilə də internetdən götürülmüş bir hicablı qız şəkli yerləşdirilib. İstər səhifə, istərsə də profil İran meyilli yazı və fotolarla doldurulub. Profildə diqqətimizi çəkən məqamlardan biri də "haqqyolu.com" adlı bir saytın linklərinin tez-tez paylaşılması oldu. Bu saytla tanış olduqda məlum oldu ki, sayt başdan-başa anti-Azərbaycan ruhludur. Saytın yuxarı hissəsində haker hücumuna məruz qalmış saytlarımızda yerləşdirilən mətnlərin eynən- amma bu dəfə məxsusi hazırlanmış baner şəklində yerləşdirilib. Saytda yazıldığına görə, "Haqqyolu.com" saytı İranın Qum şəhərində yaşayan azərbaycanlılar tərəfindən yaradılıb. Saytla ətraflı tanış olduqda əminliklə söyləmək olar ki, haker hücumunun və bu saytın arxasında duran qüvvə eynidir - İRAN!

Deməli, yazımızın əvvəlində bizdə sual doğuran "ideoloji" məsələsinə aydınlıq gəldi. "Hərbi qurum"la bağlı suala da özlüyündə cavab tapılır. Bu halda söhbət İranın təhlükəsizlik və hərbi qurumlarından gedə bilər.

Yeri gəlmişkən yuxarıda adıçəkilən bloqda 17 mayda- haker hücumu reallaşandan sonra Azərbaycana və hakimiyyətə təhdid dolu bəyanat yerləşdirilib. Bəyanatda "Eurovision"dan imtina edilməyəcəyi təqdirdə Azərbaycanda müəyyən təxribatlar törədiləcəyi açıq mətnlə bildirilir.

Bütün bunlar göstərir ki, İran Azərbaycan əleyhinə artıq gizli deyil, açıq düşmənçiliyə başlayıb.

Zahir Əzəmət
ANN.Az portalının redaktoru