“Azərbaycan terrorizmin nə olduğunu yaxşı bilir...”

azerbaycan-terrorizmin-ne-oldugunu-yaxsi-bilir
Oxunma sayı: 634

Məhəmməd Peyğəmbəri təhqir edən filmin internetdə yayılmasından sonra İslam ölkələrində baş verən iğtişaşlara şeyxülislam Hacı Allahşükür Paşazadə münasibətini açıqlayıb. O, bəyan edib ki, İslam Peyğəmbəri haqqında anti-islam filmi çəkən şəxslər beynəlxalq sülhü şübhə altına almış olurlar. Şeyx qeyd edib ki, onların qarşısı tez bir zamanda vətəndaşları olduqları dövlətlərin rəsmi strukturları tərəfindən alınmalıdır. Bununla yanaşı, Hacı Allahşükür Paşazadə hesab edir ki, İslamı terrorla eyniləşdirmək cəhdlərinə də yol vermək olmaz. Birləşmiş Ştatların Liviyadakı səfirinin öldürülməsi ilə nəticələnən iğtişaşları pisləyən Şeyx dünya müsəlmanlarını təxribatlara uymamağa çağırıb.

“İslam Peyğəmbərinin təhqir olunması yolverilməzdir! Bunu törədən şəxslər dinlərarası dostluğa və mehriban əməkdaşlığa böyük zərbə vururlar. Azərbaycan və bütün dindarlar Misirdə, Benqazidə baş verən hadisələrə, ümumilikdə terrorizmə qarşı çıxır. Azərbaycan xalqı terrorizmin nə olduğunu yaxşı bilir və onun bütün növlərinə etiraz edir”, - deyə, Şeyxülislam vurğulayıb.

Qafqazın şeyxi belə hadisələrdə din xadimlərinin üzərinə böyük bir məsuliyyətin düşdüyünü xatırladıb və yaranmış vəziyyətlə əlaqədar dünyanın aparıcı dövlətlərinin iştirakı ilə dünya din xadimlərinin təcili toplantısının çağırılmasına ehtiyac yarandığını bəyan edib: “Dünya din xadimləri bu məsələnin aydınlaşması üçün konfrans çağırmalı, siyasi xadimlər isə məsələyə dair öz sözlərini deməlidir”. /ANS/

Qeyd edək ki, Liviyada səfirin öldürülməsi və iğtişaşlara Səm Bassi tərəfindən çəkilən anti-islam filmi səbəb olub.