Azərbaycan və Serbiya prezidenti bəyanatla çıxış ediblər

azerbaycan-ve-serbiya-prezidenti-beyanatla-cixis-edibler
Oxunma sayı: 650

O bildirdi ki, söhbət Dağlıq Qarabağ və Kosovo problemindən gedir. Serbiyanın Azərbaycanın hər hansı hissəyə bölünməsinin tərəfdarı olmadığını və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyən Tadiç prezident İlham Əliyevə Kosovo məsələsində tutduğu mövqeyə görə təşəkkür etdi.

Azərbaycanın bu gün böyük həcmdə neft-qaz hasil etdiyini və bu sahədə böyük nailiyyətlərə, layihələrə imza atdığını deyən Tadiç Serbiyanın AGRİ layihəsinə qoşulmaq istədiyini bəyan etdi. O bildirdi ki, Belqradda keçirilən görüşün əsas müzakirə mövzularından biri də enerji məsələsi oldu. “Avropa üçün nüvə enerjisi yox, qaz vacibdir. Bu sahədə Azərbaycan böyük addımlar atır. Bu da Azərbaycan iqtisadiyyatının inkişafına xidmət etdi” deyən prezident Boris Tadiç Azərbaycan şirkətlərinin Serbiyada infrastruktur layihələrinə sərmayə yatırmaqda maraqlı olduqlarını bildirdi.

Sonra prezident İlham Əliyev çıxış etdi. Serbiyaya dəvət edildiyinə görə Boris Tadiçə minnətdarlığını bildirən dövlət başçısı ölkələrimiz arasında münasibətlərin bütün dövrlərdə yüksək səviyyədə olduğunu vurğuladı. Prezident İlham Əliyev son bir neçə ildə bu münasibətlərin daha dinamik və səmərəli xarakter daşıdığını dedi.

Azərbaycan dövlət başçısı keçən il Serbiya prezidentinin ölkəmizə səfərini xatırladaraq, bunun ikitərəfli münasibətlərə güclü təkan verdiyini vurğuladı. “Dialoqumuz strateji xarakter daşıyır. Əlaqələrimiz çoxşaxəlidir” deyən İlham Əliyev ikitərəfli formatda bütün sahələrdə əməkdaşlığın daha da gücləndirilməsini arzuladı.

Dövlət başçısı bildirdi ki, Balkan regionunu Xəzər və Qafqaz bölgələri ilə birləşdirəcək kifayət qədər layihələr var. Prezident İlham Əliyev hər iki ölkənin separatizmdən əziyyət çəkdiyini qeyd edərək diqqətə çatdırdı ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarda Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir.

Azərbaycanın dövlət başçısı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyinə görə Serbiya hökumətinə və rəhbərliyinə minnətdarlığını bildirdi və qeyd etdi ki, hər iki ölkənin ərazi bütövlüyünün bərpa olunacağına əmindir.

Prezident İlham Əliyev ikitərəfli münasibətlərin gündəliyinin kifayət qədər geniş olduğunu dedi. AGRİ laiyhəsi barədə danışan Azərbaycan dövlətinin başçısı Serbiyanın da bu layihəyə qoşulması istəyinin Azərbaycan tərəfindən dəstəkləndiyini vurğuladı.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın kabrohidrogen ehtiyatları hazırda 7 neft və qaz kəməri vasitəsilə dünya bazarlarına çıxarılır. Dövlət başçısı Azərbaycanın enerji sahəsində də Serbiya ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd etdi.

Azərbaycan Prezidenti İlham Əliyev bu gün imzalanan sənədlərin əməkdaşlığın inkişafına yeni təkan verəcəyini vurğuladı. Dövlət başçısı Serbiya xalqına uğurlar və tərəqqi arzuladı.