Son dövrlər Azərbaycanda islahatların aparılması məsələsi gündəmin əsas mövzularından birinə çevrilib. Xüsusilə də hüquqi islahatların aparılması ilə bağlı təkliflər daha çox səslənməkdədir. Beynəlxalq Hüquqşünaslar İttifaqının vitse-prezidenti, hüquq elmləri doktoru, professor İlham Rəhimov Azərbaycanda aparılan və aparılması zəruri olan hüquqi islahatlarla bağlı müsahibə verib.
- İlham müəllim, nüfuzlu və peşəkar bir hüquşünas kimi müstəqillik illərində Azərbaycanda aparılan hüquqi islahatları qısaca olaraq necə xarakterizə edərdiniz?
- Bizdə hüquqi islahatlar yeni Konstitusiya qəbul olunandan sonra başladı. Məhkəmə-hüquq sistemi haqqında qanunlar qəbul olundu, digər islahatlar həyata keçirildi. Prinsip etibarı ilə eyni proseslər MDB ölkələrinin hamısında getdi. Amma bizi maraqlandıran əsas məsələ odur ki, aparılan islahatlar nəticə verib, ya yox. Tarix baxımından aparılan islahatların həyata keçirilmə müddəti hələ azdır, demək olar ki, keçid dövründəyik. Yəni həyata keçirilən islahatları bir növ eksperment kimi yoxlayırıq. Elə islahatlar var ki, onlardan imtina eləmək lazım gəlir, ancaq elələri, müsbət nəticə verdiyi üçün saxlamaq lazımdır.
Hər şeydən öncə müəyyən eləməliyik ki, islahatlarda əsas məqsədimiz nədir, bu dəyişiklikləri nəyə görə edirik. Mənim fikrimcə, islahat apararkən əsas dəyər kimi insan amili götürülməlidir. Məhkəmə-hüquq sistemində, hüquq-mühafizə orqanlarında, ümumiyyətlə, bütün sahələrdə aparılan islahatlarda insan amili öndə olmalıdır. Bu nöqteyi-nəzərdən iddia eləmək olar ki, hüquqi islahatlar sahəsində istədiyimizə nail olmamışıq. Biz deyə bilərik ki, irəliləyişlər var, islahatlar müsbət nəticə verir, amma fakt odur ki, hələ bu sahədə qarşıda qoyulan məqsədimizə çatmamışıq. İslahat insanların həyatını yüngülləşdirirsə, yaxşıdır, məhdudiyyət qoyursa, problem yaradırsa, ona ehtiyac yoxdur.
- Necə düşünürsünüz, Azərbaycanın hazırkı qanunvericiliyi insan amilini əsas tuturmu? Yəni qanunlarımızda vətəndaşların hüquqları tam qorunurmu?
- Əgər bunu qanun toplusu kimi götürsək, qeyd etdikləriniz var. Amma faktiki olaraq, hamımız görürük bu, tam şəkildə həyata keçmir. İnsanlar qanunların verdiyi müsbət imkanları həyatlarında hiss etmirlər. İndi imkan var ki, başqa ölkələrə gedə bilirik və orda insanların qanunlardan özləri üçün necə istifadə etdiklərini görürük. Yəni qanunlar onların həyat tərzini yüngülləşdirir, ancaq bizdə bunu hələ ki, tam şəkildə görə bilmirik.
- Belə çıxır ki, bizdə qanunlar kağız üzərində qalır...
- Yəni istədiyimiz qədər effekti ala bilməmişik. Bu da onunla bağlıdır ki, cəmiyyət özü müəyyən bir prosesi keçir, yaşayır. Düşünürəm ki, bu da bir mərhələdir, cəmiyyət olaraq bunu keçməliyik. Ondan sonra bütün problemlər öz həllini tapacaq, hər şey yoluna düşəcək.
- Son illər Azərbaycanda hüquq-mühafizə orqanlarının, məhkəmə-hüquq sisteminin təkmilləşməsi və inkişafı üçün bir sıra hüquqi islahatlar aparılıb. Bu istiqamətdə aparılan işləri necə qiymətləndirirsiniz?
- Əvvəlcə onu qeyd edim ki, 1992-93-cü illərdə "Məhkəmə Hüquq İslahatları Konsepsiyası", 1994-cü ildə "Cinayətkarlığa qarşı mübarizənin dövlət proqramı" və 1996-cı ildə "Korrupsiyaya qarşı mübarizə haqqında" qanun layihələri mənim müəllifi olduğum sənədlərdir. Mən sənədləri dövlət orqanlarına təqdim etsəm də, təəssüflər olsun ki, o qədər də əhəmiyyət vermədilər. Sonradan həmin konsepsiyanı Rusiyaya göndərdim. 1994-cü ildə Rusiyada həmin konsepsiyalar qəbul olundu. İndi də müəyyən dəyişikliklər edilərək islahatları aparırlar. Bilirsiniz, islahat hər zaman müsbət qəbul olunmur. Çünki islahat həmişə insanın başını ağrıdır. İslahat aparmaq üçün hansısa idarədə, nazirlikdə dəyişikliklər eləməlisən. Bu da kiminsə xoşuna gəlir, kiminsə yox, kiminsə də marağına toxunur. Ona görə də, əksər məmurlar islahatları xoşlamırlar. Amma tarix göstərir ki, hansısa dövlət məmuru bir il işləyir, amma elə islahatlar aparır ki, tarixdə qalır. Ancaq eləsi də var ki, 20 il nazir işləyir, heç bir yerdə adı çəkilmir. İslahat aparmaq üçün gərək cəsarətli olasan, heç nədən çəkinməyəsən. Elə islahatlar var ki, onu zamanında etməlisən. Məsələn, 1992-ci ildə Azərbaycan birinci respublika idi ki, cəzaçəkmə müəssisələri Daxili İşlər Ќazirliyindən alınaraq Ədliyyə Ќazirliyinə verildi. O vaxt Ədliyyə Ќazirliyində işləyirdim, bu təşəbbüs mənim tərəfimdən irəli sürülsə də, nazir İ.İsmayılov tərəfindən dəstəkləndi və həyata keçirildi. Amma həmin islahatları edərkən dəyişiklik etməyin nə qədər çətin olduğunu gördüm. Xüsusilə də, islahatları DİN qəbul etmək istəmirdi, çünki səlahiyyətlərinin bir qismi əlindən alınırdı. Amma buna baxmayaraq, biz bu islahatlara getdik. Yəni dediyim budur ki, islahatları zamanı gələn kimi etmək lazımdır, gecikmək olmaz.
- Bəs indi hansı islahatların zamanıdır?
- Bu gün bizim daxili işlər sistemində tam islahatlar həyata keçirilməyib. Gəlin öncə müəyyənləşdirək ki, polis sisteminin funksiyası nədir, bu sistem nədən ötrü yaradılıb. Araşdıranda görəcəyik ki, burda elə qurumlar var ki, ümumiyyətlə, polis sisteminə aidiyyatı yoxdur. Məsələn, anadan olanda doğum şəhadətnaməsini Ədliyyə Ќazirliyi verir, şəxsiyyət vəsiqəsini isə polis idarəsi. Mən başa düşə bilmirəm ki, nəyə görə, polis orqanları şəxsiyyət vəsiqəsini, pasportu verməlidir, miqrasiya işləri ilə məşğul olmalıdır? Əslində, bunun səbəbi köhnədən qalmış streotiplərdir, bəlkə də bu, o dövr üçün keçərli idi, insanların hətta ölkə daxilində hara gedib-gəlməsinə nəzarət edilirdi. Amma indiki demokratik cəmiyyətdə bu cür lüzumsuz prosedurlar lazımdırmı, yox. Əslinə qalsa, şəxsiyyət vəsiqəsi, pasport və bu kimi sənədləri yerli icra orqanları verməlidir. Bu sənədləri Ədliyyə Ќazirliyi də verə bilər, necə ki, doğum haqqında şəhadətnaməni verir. Polis sisteminin funksiyası tamamiylə başqadır: cinayətkarlığın qarşısını almaq, profilaktiki tədbirlər həyata keçirmək, cinayəti törədəni axtarıb tapmaqdır. Qalan funksiyaların isə Daxili İşlər Ќazirliyinə aidiyyatı yoxdur. Hesab edirəm ki, həmin funksiyalar DİN-dən alınmalıdır. Ќəyə görə istintaqı Daxili İşlər Ќazirliyi aparmalıdır? İstintaq aparmaq DİN-in qarşısında duran məqsədə uyğun olan funksiya deyil axı. Yəni istintaqın aparılması, şəxsiyyət vəsiqəsi və pasportların verilməsi səlahiyyətləri DİN-dən alınmalıdır. Hələ ki, bu baş vermədiyi üçün daxili işlər orqanlarında islahatların tam baş verdiyini iddia etmək olmaz.
- Məhkəmə-hüquq sistemində aparılan islahatları qaneedici sayırsınız, bu sahədə başqa hansı islahatlara ehtiyac var?
- Dəyişikliklər olub və dediyim kimi, bütün bu dəyişikliklərin məqsədi insanların hüquqdan irəli gələn problemlərinin asan yolla həll olunmasıdır. İnsanlar problemlərinin ədalətli həllini məhkəmədə tapmalıdır. Məhkəmə sistemində apardığımız islahatlar qanunvericilik baxımından çox normaldır, amma həyat göstərir ki, bu islahatlar ədalətli və effektli həyata keçməyib. Bu gün insanların məhkəməyə inamı azalıb. Ona görə də, Azərbaycan vətəndaşları haqq-ədaləti dövlət başçısında axtarmaqda görürlər. Kimin problemi olursa, dövlət başçısına müraciət edir. Halbuki, həmin problemləri prezident həll etməli deyil. Problemin kökündə o dayanır ki, bu gün Azərbaycan vətəndaşı öz haqqını məhkəmədə tapa bilmir. Halbuki, Avropa ölkələrində vətəndaşlar öz hüquqlarını məhkəmədə arayırlar, çünki haqq-ədaləti orda tapırlar. Ona görə də, Avropa ölkələrində heç kim bizdəki kimi hər hansı xırda problemə görə prezidentə müraciət etmir. Əgər bir ölkədə ki, insanlar hüquqları pozulanda məhkəməyə yox, başqa instansiyaya müraciət edirsə, bu o deməkdir ki, həmin ölkənin məhkəmə sistemində ciddi problemlər yaşanır.
- Bəs prokurorluq sistemində necə, bu kimi ciddi islahatlara ehtiyac var?
- Əlbəttə ki, var. Düzdür, prokurorluq sistemində də bir sıra islahatlar həyata keçirilib. Amma bu sistemdə də istintaq aparılır. Mənsə hesab edirəm ki, bütün bunların əvəzinə, istintaq orqanı kimi müstəqil bir qurum formalaşdırmaq olar, məsələn, Rusiyada fəaliyyət göstərən İstintaq Komitəsi kimi. Əvvəlcə prokurorluğun nəzdində olan bu qurumu tam ayırdılar, indi müstəqil bir qurumdur. Azərbaycanda da belə bir qurum yaradıla bilər. Praktika göstərir ki, qeyd etdiyim sistemin effekti var. Hazırda Rusiyada bu istiqamətdə islahatlar davam edir. Daxili İşlər Nazirliyindəki istintaqı da, Federal Təhlükəsizlik Xidmətindəki istintaqı da həmin Komitədə birləşdirəcəklər. Yəni Rusiyada yeganə istintaq orqanı İstintaq Komitəsi olacaq.
Bizim prokurorluq sistemində isə islahatlar tam nəticəsini tapmasa da, islahat aparmaq üçün imkanlar tam tükənməyib. Onsuz da, biz buna gedəcəyik, sadəcə, geci-tezi var.
- Daha hansı dövlətlər haqqında danışdığınız İstintaq Komitəsi təcrübəsinə istinad edib?
- Bu sistem Avropa ölkələrinin əksəriyyətində və Amerikanın özündə də var. Hansı dövlətdə istintaqı müxtəlif təşkilatlar aparırsa, orda qanun pozuntuları çox olur. İstintaq insanın taleyini həll edən bir mərhələdir. Hesab edirəm ki, istintaqı aparan orqan bir olmalıdır ki, qanun pozuntularına yol verilməsin. Ayrı-ayrı yerlərdə istintaq aparılanda nəzarət etmək də çətin olur. Belə bir nəzarəti həyata keçirmək çox çətindir. Mənim o vaxt təqdim etdiyim konsepsiyada bu məsələ də nəzərdə tutulmuşdu, amma təəssüf ki, nəzərə alınmadı.
- İlham müəllim, Sizin bu təklifləriniz DİN və prokurorluq orqanları rəhbərlərinin xoşuna gəlməyəcək, çünki onların əllərindən bəzi səlahiyyətlərinin alınmasını istəyirsiniz...
- Aydın məsələdir ki, hər təşkilatın özünün marağı, imici var. Bir təşkilatdan bir funksiyanı alıb başqa təşkilata verəndə elə hesab olunur ki, o təşkilatın hörməti yoxdur, yaxud həmin təşkilatın rəhbərinin nüfuzu aşağıdır. Amma biz belə xırda məsələlərdən yuxarıda dayanmalıyıq. Söhbət dövlətin maraqlarından, insan taleyindən gedir. Əgər biz istəyiriksə, normal hüquq sistemi quraq, ciddi islahatlara getməliyik.
- Ancaq bir məsələ də var ki, qeyd etdiyiniz dəyişikliklərin, islahatların həyata keçirilməsi üçün ortada siyasi iradə olmalıdır. Sizcə, bu iradə varmı?
- Var, mən cənab prezidentin çox çıxışlarını izləmişəm, əksər çıxışlarında islahatlardan söz açır. Prezident ümumiyyətlə deyir ki, hər bir sahədə islahatlar getməlidir. Həmin sözlər hüquq-mühafizə orqanlarının rəhbərlərinə də aiddir. İndi onlar fikirləşib hansısa effektiv yol tapmalıdırlar, islahatlara yol açmalıdırlar. Əvvəllər konfranslar təşkil edərdilər, alimləri yığıb müzakirələr aparardılar. Amma indi heç kim bununla məşğul olmur. Mən deyərdim ki, Azərbaycan hüquq sahəsində "zastoy" vəziyyətindədir.
- Hazırda Azərbaycandakı hüquqşünasların peşəkarlıq səviyyəsi Sizi qane edirmi? Ölkədə hüquq təhsili verən müəssisələrin fəaliyyətini necə qiymətləndirisiniz?
- Mən özüm də bir müddət hüquq fakültəsində dərs demişəm. Bu mənada bizim tələbə olduğumuz dövrlə, indiki dövrü müqayisə edə bilərəm. Elə hesab edirəm ki, bu gün Azərbaycanda hüquq təhsili çox pis vəziyyətdədir. Kim istəyir ki, yaxşı hüquqşünas olsun, özü çalışmalıdır, yəni həmin təhsil müəssisələrində onu ala bilməyəcək. Əvvəlki səviyyədə dərslər keçirilmir. Müəllim həmkarlarım inciməsinlər, nə tələbinin oxumağa, nə də müəllimin öz üzərində işləyib yaxşı dərs keçməyə marağı var.
- Bildiyiniz kimi, bu ilin əvvəlindən ölkədə yüksək səviyyədə korrupsiyaya qarşı mübarizə elan edilib. Bu mübarizənin effektivliyi və nəticə verəcəyi barədə nə deyə bilərsiniz?
- 1994-cü ildə hazırladığım konsepsiyada korrupsiyaya qarşı mübarizə də yer almışdı. Mən cəmiyyətimizi qınamıram, onlar terminləri bilməyə bilərlər. Bizdə korrupsiya ilə rüşvəti qarışdırırlar. Korrupsiya mürəkkəb məsələdir, həm də cəmiyyətə daha ciddi zərbə vurur. Əgər rüşvət hansısa bir konkret faktdırsa, bir nəfərin kimdənsə rüşvət almasıdırsa, korrupsiya aşağıdan yuxarıya şəbəkələşmiş bir formadır. Yəni aşağıdakı cinayətkarlarla yuxarıda hansısa məmurun bağlılığıdır. Hansısa həkimin, müəllimin rüşvət üstündə tutulmasını korrupsiyaya qarşı mübarizə kimi qiymətləndirmək olmaz. Bir də ki, korrupsiyaya qarşı mübarizədə ictimaiyyətin də iştirakını təmin etmək lazımdır. İnsanları məlumatlandırmaq lazımdır ki, korrupsiya nədir, ona qarşı mübarizə necə aparmalıdır, vətəndaşın üzərinə düşən vəzifə nədir. Yəni korrupsiyaya qarşı mübarizəyə kompleks halında yanaşılmalıdır.
Bir statistikanı diqqətinizə çatdırmaq istəyirəm. 1997-ci ildə rüşvətlə bağlı 68 cinayət işi qeydə alınıb. 2007-ci ildə bu rəqəm cəmi 8, 2010-cu ildə 4 olub. Statistika elə şeydir ki, onunla oynamaq olar. Hüquq mühafizə orqanları deyə bilər ki, elə mübarizə aparırıq ki, 1997-də 68, 2007-də 8, 2010-cu ildə rüşvətlə bağlı 4 cinayət işi qeydə alınıb. Ola bilsin ki, başlanan yeni kampaniyadan sonra bu rəqəmlər artacaq. Bilirsiniz, rüşvətxorluq elə şeydir ki, buna qarşı cəmiyyət özü mübarizə aparmasa, kökünü kəsmək mümkün olmayacaq, ona qarşı mübarizə effekt verməyəcək.
“Reytinq”