Azərbaycanda 16 nəfər vicdan məhbusu sayılır - “Amnesty İnternational”dan siyahı

azerbaycanda-16-nefer-vicdan-mehbusu-sayilir-amnesty-internationaldan-siyahi
Oxunma sayı: 664

“Amnesty İnternational” təşkilatı may ayında Bakıda keçiriləcək “Avroviziya” musiqi yarışması fonunda Azərbaycanda insan hüquqlarının durumunu qiymətləndirib. Hesabatda qeyd olunur ki, Azərbaycanın müasir və inkişaf etmiş ölkə kimi təqdimatına hesablanmış piar kampaniyasına milyonlar xərclənsə də, son 20 ildə vətəndaşların əsas hüquqlarının təmin olunmasında uğur qazanılmayıb. “Contact.az”ın məlumatına görə, hesabatda beynəlxalq birlik prezident Əliyevin hakimiyyəti dövründə Azərbaycanda avtoritarizmin güclənməsinə göz yummaqda günahlandırılır: “Prezidentin və hökumətin aparıcı simalarının tənqid olunması cəzalandırılır. Gözü daha çox neft dollarlarına və enerji təhlükəsizliyinə dikilimiş beynəlxalq ictimaiyyət isə bu basqılara çox da əhəmiyyət vermir”.

“Amnesty İnternational” bildirir ki, Azərbaycanda hökumət əleyhinə dinc etirazlar cinayət məsuliyyəti ilə nəticələnir: “Polis sanksiyalaşdırılmamış aksiyaların dağıdılmasında hədsiz güc tətbiq edir. Hüquq müdafiəçiləri, demokratiya və insan hüquqları sahəsində çalışan vətəndaş cəmiyyəti təsisatları təqib olunur, sıxışdırılır. Jurnalistlər döyülür, oğurlanır, qəddar rəftarla üzləşir. İnternet və sosial media da nəzarət altında saxlanır”.

“Azadlıq” radiosunun məlumatına görə, “Amnesty İnternational” 2011-ci ilin yazında həbs olunmuş 16 vicdan məhbusunu azadlığa buraxmağa çağırıb.

“Amnesty İnternational” Azərbaycanda 16 nəfəri vicdan məhbusu sayır. Bunlar 2 aprel mitinqinə görə həbs olunan Arif Hacılı, Tural Abbaslı, Ülvi Quliyev, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Elşən Həsənov, Məhəmməd Məcidli, Elnur Məcidli, Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazlı, Babək Həsənov, Elnur İsrəfilov, gənc fəal Bəxtiyar Hacıyev, AXCP üzvü Şahin Həsənli və hüquq müdafiəçisi Vidadi İsgəndərlidir.