Azərbaycanda 3G komediyası

azerbaycanda-3g-komediyasi
Oxunma sayı: 852

Yenə korporativ maraqlar dövlət maraqlarından üstün oldu

3G xidməti üçün lisenziyanın dalana dirənməsi Azərbaycan mediasının diqqətdə saxladığı mövzulardandır. Bu mövzu ətrafında rəsmilərin dilindən səslənən açıqlamalar isə həmişə ziddiyyətli və rabitəsiz olub. Məsələn, Radiotezliklər üzrə Dövlət Komissiyası oktyabrın 3-də “Azercell”ə tezliyin ayrılması haqda rəsmi məlumat verdi. Dövlət Komissiyasının bu qərarı 4 il tezlik və lisenziya gözləyən şirkətdə ümid yaratdı. Mətbuat və ictimaiyyət məsələnin ölü nöqtədən, nəhayət, tərpəndiyini güman etdi. Hamıya məlumdur ki, Rabitə və Informasiya Texnologiyaları Nazirliyi 3G lisenziyasının verilməsindən danışarkən tezlik məsələsini qabardırdı. Birbaşa və dolayı yollarla tezliklərin özəl əllərdə olduğu deyilirdi. Bu məsələnin tezliyin sahibi ilə operatorlar arasındakı problem olduğuna işarə vurulurdu. Amma bu tezliyin kimə məxsus olduğu və ona hansı şərtlərlə verildiyi haqda məlumatlar açıqlanmırdı. Yalnız medianın araşdırmaları nəticəsində məlum oldu ki, sən demə, 3G tezlikləri “Azərfon”la eyni qrupda olan BBTV-yə məxsus imiş. “Azercell”in prezidenti Ali Ağan isə bu tezliklərdən, ümumiyyətlə, istifadə edilmədiyini bildirməklə məsələyə tam aydınlıq gətirdi. Yəni, aydınlaşdı ki, yenə korporativ maraqlar dövlət maraqlarından qat-qat üstündür. Azərbaycanın 3G-nin inkişafına görə MDB məkanında sonuncu yerdə olması, bu məsələ ilə əlaqədar 2012-ci ildə “Eurovision” müsabiqəsi zamanı ölkənin imicinə dəyəcək zərbə adıçəkilən şirkətlər qrupunu qəti maraqlandırmır.

İctimaiyyəti nə qədər aldatmaq olar?..

Tezliyin ayrıldığı haqda açıqlamanın verildiyi 3 oktyabr 2011-ci il tarixindən sonrakı məlumatları təhlil edəndə adam lap mat-məəttəl qalır. Araşdıranda o da ortaya çıxdı ki, tezliyin ayrılması ilə bağlı məlumatı Dövlət Komissiyası 3 oktyabrda elan etsə də, bu haqda qərar 27 avqustda, yəni, 36 gün əvvəl qəbul olunubmuş. Görəsən, bunu elan etmək üçün niyə bu qədər vaxt gözləyiblər?

Bundan əlavə, əgər bu tezliklər doğrudan da özəl şirkətlərə məxsusdursa, onun özəl mülkiyyət hüququnu Dövlət Komissiyası pozaraq, tezliklərin 2 ay müddətində boşaldılması haqda necə sərəncam verir?
3G lisenziyasının verilməsi haqda qərarın elan edilməsi və onun legitimliyi də olduqca müəmmalıdır. 1 noyabr 2011-ci ildə nazir müavini Iltimas Məmmədov “trend”ə bildirib ki, Azərbaycanın Rabitə və Informasiya Texnologiyaları Nazirliyi bu həftənin sonunadək “Azercell” və “Bakcell” mobil rabitə operatorlarına 3G xidmətlərinin həyata keçirilməsi üzrə lisenziyalar təqdim edəcək.ÿ Onun sözlərinə görə, məsələ nazirliyin bu həftənin (həmin həftə) sonunda keçirilməsi gözlənilən doqquz ayın yekunlarına həsr olunmuş kollegiya iclasının gündəliyinə daxil edilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov isə həmin gün “Turan”a bildirib ki, noyabrın sonuna kimi operatorlara 3G lisenziyası veriləcək. Lakin nə həftənin, nə də noyabrın sonunu gözləmək lazım oldu. Cəmi bir neçə saatdan sonra - 2 noyabrda səhər saatlarında nazirliyin kollegiya iclasında hər iki operatora 3G lisenziyasının verildiyi haqda rəsmi məlumat verildi.

Bu qədər də olmaz axı... Bu ictimaiyyəti nə qədər çaşdırmaq olar? Sonrası daha maraqlıdır. Indi məlum olur ki, nazirlik lisenziyanın verilməsi haqda qərarı noyabrın heç 2-də deyil, lap elə 1-də veribmiş. Yəni, Iltimas Məmmədov və Müşfiq Əmirov bu açıqlamaları verəndə artıq hər şey həll olunubmuş.

“Azercell”dən daxil olan məlumatlardan aydın oldu ki, Dövlət Komissiyası tezliyi ayırdıqdan sonra, onlar BBTV ilə danışıqlara başlayıblar. Danışıqların uğurlu başa çatacağına da inanıblar. Əslində, “Azercell”in BBTV ilə danışıqlara başlaması birincinin kobud səhvidir. Çünki şirkət rəhbərliyinin özünün də bəyan etdiyi kimi, tezlik dövlətə məxsusdur, operatorlara tezlik yalnız istifadəyə verilir. Çox güman, “Azercell” fikirləşib ki, yəqin, “ilanı Seyid Əhmədin əli ilə tuturlar”, ona görə də BBTV ilə dərhal kontakta giriblər. Hər halda, danışıqlar aparılıb və məbləğin böyük olmasına baxmayaraq, “Azercell” onu ödəməyə hazır olduğunu bildirib. Lakin tezliklərin boşaldılması üçün vaxtın bitməsinə cəmi 2 gün qalmış BBTV danışıqlardan imtina edib. Şirkət hətta məhkəməyə müraciət edərək Dövlət Komissiyasının qərarını məhkəmə yolu ilə dayandırmağa nail olub. BBTV-nin öz sözündən geri çəkilməsinin əsl səbəbini isə onların özündən eşitməyə hazırıq.

Qeyd edək ki, bu məsələdə adı BBTV ilə yanaşı çəkilən CRA şirkətinin rəhbərliyinə mövqe öyrənmək üçün müraciətimiz uğursuzluqla nəticələnib. Səbinə Babayeva ilə əlaqə saxlamaq mümkün olmayıb. Məmməd Abbasov və Cüneyt Turktan bu məsələdən, ümumiyyətlə, xəbərsiz olduqlarını bildirərək, Rabitə və Informasiya Texnologiyaları Nazirliyinə, yaxud da Dövlət Komissiyasına müraciət etməyi tövsiyə ediblər.
Dövlət Radiotezliklər Idarəsilə isə “qafqazinfo” əlaqə saxlayıb və olduqca nikbin cavab alıb: “Azercell”ə tezlik ayrılıb, lakin hazırda həmin tezlik resursu başqa şirkətə məxsus olduğundan “Azercell”ə verilməsi yubanıb. Bir ay müddətinə tezlik həmin şirkətdən alınıb “Azercell”ə veriləcək. Qərar var və icra olunacaq".

Komissiyanın cavabında tezliyin ayrıldığı vaxtın artıq ötdüyü və onun məhkəmə predmetinə çevrildiyi haqda bir kəlmə belə deyilmir.

BBTV “Azercell”i aldadıb, yoxsa...

Bəs görəsən, BBTV sonda öz qərarından niyə vaz keçib? Bu sual olduqca maraqlıdır. Böyük ehtimalla, bunun iki səbəbi ola bilər. Daha doğrusu, iki səbəbdən biri ola bilər.

Bəlkə BBTV astronomik məbləğ söyləməklə “Azercell”in onu verməyəcəyini güman edib? Və qərara alıb ki, iki ayı birtəhər yola versin. Ikinci versiya isə budur ki, “Azərfon” rəhbərliyi tələb olunan məbləği “Azercell”in bir-iki aya qazanacağını, yəni, həmin vəsaiti elə onun bazarından çıxaracağını təxmin edib və ona görə də əvvəlki razılaşmadan geri çəkilib.

Yazı ixtisarla dərc olunub.

Azadlıq.info