Azərbaycanda Akademikin 100 illiyi qeyd olundu - Fotolar

azerbaycanda-akademikin-100-illiyi-qeyd-olundu-fotolar
Oxunma sayı: 689

Cəmiyyətin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdən öncə akademik Z. Xəlilovun abidəsi ziyarət olundu və abidə önünə gül dəstəsi qoyuldu. Tədbirdə 300 nəfərdən çox görkəmli elm xadimləri, incəsənət nümayəndələri, Gürcüstandan və Güney Azərbaycandan təşrif buyurmuş ziyalılar və media mənsubları iştirak edirdilər. Təntənəli tədbir Azərbaycanın Dövlət himninin ifası ilə açıq elan olundu və şəhidlərin ruhu sayğı duruşu ilə yad edildi. Daha sonra yubiley tədbiri açıq elan olundu.

Tədbiri giriş sözü ilə AMEA-nın müxbir üzvü Ramiz Məmmədov açdı. Z. Xəlilovun dünya şöhrətli alim olduğunu və alim olmaqla yanaşı çox intellegent bir şəxsiyyət olduğunu diqqətə çatdırdı. Həmçinin bu il Azərbaycan elmində Z. Xəlilov ili olduğunu vurğuladı.

Fizika və riyaziyyat elmləri doktoru, professor Əkbər Əliyevə geniş məruzə ilə çıxış edərək Z. Xəlilovun həyat və yaradıcılığıdan bəhs etdi. Əkbər Əliyevin çıxışından sonra Z. Xəlilov haqqında film nümayiş olundu.

Professor Hamlet İsaxanlı da akademik haqqında öz ürək sözlərini və xatirələrini danışaraq qeyd etdi ki, Z. Xəllilov o insanlardandır ki, onlara birincilər deyilir. Çıxışının sonunda isə “Borçalı” İctimai Cəmiyyətinə bu möhtəşəm tədbiri təşkil etdiyinə görə öz dərin minnətdarlığını bildirdi.

Akademik Cəlal Allahverdiyev xatirələrində Zahid Xəlilovun insani keyfiyyətlərindən, elmə verdiyi töhfələrdən geniş bəhs etdi. Daha sonra digər akademik və professorlar Maqsud Əliyev, Bala İsgəndərov, Əmirxan Babaşov, Məmməd Bayramoğlu, şair Abbas Abdulla, Osman Dərviş Z. Xəlilov haqqında danışdılar. Osman Dərviş Borçalılar adından hər kəsə təşəkkürünü bildirərək qeyd etdi ki, mən fəxr edirəm ki, ulu Borçalı torpağı Zahid Xəlilov kimi şəxsiyyət yetirib.

Rəyasət Heyətinin və qonaqların çıxışından sonra söz “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə verildi: “Bu gün ruhani bir tədbirdir və biz bu gün elmin işığına yığışmışıq. Elm yolunda olub əxlaqı, mənəviyyatı, mədəniyyəti, ruh və cismin vəhdəti bir cismdə təcəssüm edən bir şəxsiyyətin işığına yığışmışıq. Düşündük ki, Zahid Xəlilovun timsalında gerçək ziyalı işığına tapınmaq, onun irsini öyrənmək, onun əvəzsiz əsərlərini yenidən nəşr etdirmək, onun ruhunun himayəsinə sığınmaq, onu anmaq, onu dərk etmək nəticəsində mürəkkəb labirintdə nəinki dəryada damla, tam mənada dəryanın özü yarana bilər. Odur ki, çətin, məsuliyyətli və şərəfli bir işə imza atdıq. Z. Xəlilovun 100 illiyini yüksək səviyyədə qeyd edək, öz dəyərlərimizə sahiblənək, onu göz bəbəyi kimi qoruyaq. Gənc nəslə, sən elmlə, mənəviyyat və mədəniyyətlə tərəqqi edəcəksən, Allaha tapınma yolu budur, ona sahiblən- fikrin aşılayaq”. Sonda tədbir iştirakçılarına təşəkkürünü bildirən Zəlimxan Məmmədli, daha sonra “Borçalı” İctimai Cəmiyyətinin nəşr etdirdiyi Zahid Xəlilovun həyat və yaradıcılığından bəhs edən “İstinad nöqtəsi” kitabını təqdim etdi.

“Borçalı” Cəmiyyətinin İdarə Heyətinin qərarı ilə Azərbaycan elminin inkişafında göstərdiyi xidmətlərə görə akademik Zahid Xəlilov ölmündən sonra “Millətin Fəxri” diplomuna layiq görüldü. Diplom akademikin xalası oğlu Mövlud müəllimə təqdim olundu. Sonra “Borçalı” İctimai Cəmiyyətinin təsis etdiyi “Zahid Xəlilov mükafat” çılarının adları açıqlandı. Onu da qeyd edək ki, “Zahid Xəlilov” mükafatı ildə bir dəfə olmaqla hər ilin sonunda türk dünyasının dirçəlişi naminə misilsiz fədakarlıq göstərən 5 nəfərə təqdim olunacaq. Laureatlar Azərbaycan, Türkiyə, Güney Azərbaycan, Gürcüstan (Borçalı) və digər türk bölgələrinin hər birindən bir nəfər olmaqla müəyyənləşdiriləcək.

Akademik Zahid Xəlilov adına mükafatın simvolik olaraq ilk laureatları elan olundu:
1. Lütfi Zadə -- “Qeyri səlis məntiq nəzəriyyəsi”nin banisi (Azərbaycan )
2. Cavad Heyət – görkəmli ictimaiətçi, həkim, Güney Azərbaycanda nəşr olunan “Varliq” dərgisinin yaradıcısı (Güney Azərbaycan )
3. Turan Yazqan – Türk Dünyası Araşdırmalar Vəqfinin başqanı (Türkiyyə)
4. Oljas Suleymenov – görkəmli ictimaiətçi,yazıçı publisist (Qazaxıstan)
5. Camal Mustafayev – görkəmli filosof, el ağsaqqalı (Gürcüstan, Borçalı)

Zəlimxan Məmmədli bildirdi ki, mükafatlar öz ünvanlarına çatdırılacaq.

Rəsmi hissədən sonra tədbir bədii proqramla davam etdi. Tədbirdə xalq artisti Flora Kərimova, aşıq Cahangir, aşıq Əşrəf, Təbrizdən gəlmiş aşıq Məhbub, aşıq Çingiz və “Şuşa Birlik Cəmiyyəti”nin muğam ifaçıları çıxış edərək öz gözəl ifaları ilə tədbirə daha da rəng qatdılar.