Azərbaycanda alternativ parlament yaradılır

azerbaycanda-alternativ-parlament-yaradilir
Oxunma sayı: 672

Bir sıra müxalifət partiyaları Azərbaycanda rəsmi parlamentə alternativ parlament yaratmaq üçün fəaliyyətə başlayıblar. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Qafqazinfo”ya bildirib ki, artıq nəzərdə tutulan qurumun 60-dan çox üzvü var: “Bununla bağlı artıq son işlər görülür. Xalq parlamentinin 5 nəfərdən ibarət təşəbbüs qrupu yaradılacaq. Bu parlamentdə 125 üzvün iştirakı nəzərdə tutulur. 50+1 prisipini əsas götürərək indidən biz fəaliyyətə başlaya bilərik. Sonrakı mərhələdə üzvlərin sayı 125-ə qədər artırılacaq”.

S. Cəlaloğlu deyib ki, nəzərdə tutulan qurum simvolik parlament funksiyasını həyata keçirəcək. Burada qurumun toplantıları keçiriləcək, parlament təcrübəsi öyrəniləcək. Quruma Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan şəxslər və son parlament seçkilərində namizəd olmuş insanlar üzv qəbul olunacaq: “Biz bu qurumun rəsmi fəaliyyətinə də çalışacağıq və ictimai qurum kimi Avropa Parlamentində qeydiyyatdan keçirilməsinə cəhd edəcəyik. Bu demokratiyanın inkişaf etdirilməsində mühüm addımlardan biri olacaq”.

Fatimə Kərimli