Azərbaycanda daha bir müdhiş qadın dələduzluğu

azerbaycanda-daha-bir-mudhis-qadin-deleduzlugu
Oxunma sayı: 1015

Redaksiyamıza dələduzluğun qurbanı olaraq pullarını və mülklərini itirən Firudin Rüstəmov, Məmməd Allahverdiyev, Rəna Hüseynova, Rəna Bayramova, Aybəniz Abdullayeva, Yaşar Süleymanov, Ətiranə Süleymanova, Könül Şahverdiyeva, Bəhruz Qədirov, Azər Quluzadə, Rafiq Səfiyev, Seidova S.M. müraciət ediblər. Onlar bildiriblər ki, dələduzluq edən Aygün Əliyeva hüquq-mühafizə orqanlarına müəyyən ödənişlər edərək hər dəfə məsuliyyətdən yayınır. “Aygün Əliyeva ilə şəxsi münasibətləri olan Abşeron rayon polis idarəsinin rəis müavini, polis polkovnik-leytenantı Famil Kərimov artıq neçə illərdir ki, onun bütün cinayətlərinə üstüörtülü şəkildə himayədarlıq edir. Aygün Əliyeva “öz himayədarı” Famil Kərimov üçün Bakı şəhəri, Moskva küçəsi 3007 məhəllədə yerləşən yeni tikilmiş “Tac Mahal” adlandırılan evin B blokunun 5-ci mərtəbəsində yerləşən 2 otaqlı 87 saylı mənzili hədiyyə alıb, təmir etdirib”.

Şikayətçilər yazıblar ki, A. Əliyeva 2006-2007-ci illərdə bir neçə insanı aldadıb və 2008-ci ilin martında Xəzər Rayon Polis İdarəsinin əməkdaşları onu tutub. Amma məlum olmayan səbəbdən 3 gündən sonra A. Əliyevanı azad ediblər. Daha sonra 15 nəfər zərərçəkənin ərizələri əsasında 2008-ci ilin iyulunda A. Əliyeva yenidən tutulub və 2008-ci ilin avqustunda Əzizbəyov rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 178.2 və 320-ci maddələri ilə ittiham olunub. “Onun vəkili Elçin adlı şəxsdir. Həmin şəxs Abşeron rayon polis şöbəsinin rəis müavini Famil Kərimovun yaxın qohumudur və işin gedişatı daimi olaraq F. Kərimovun nəzarətində olub”.

2008-ci ilin sentyabrında 7 nəfər zərərçəkmişin ərizəsi əsasında A. Əliyeva yenidən Əzizbəyov rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 178.3 və 320-ci maddələri ilə tutulub. “A. Əliyeva məhkəmənin həbs-qətimkan tədbirinin üzərindən götürülməsinə heç cür nail ola bilmədi. Lakin onun “himayədarı” Famil Kərimov əlaqələri hesabına A. Əliyevanın cinayət işini Bakı Şəhər Baş Polis İdarəsinə verdirib və Nəsimi rayon məhkəməsinin hakimi İkram Şirinovun sədrliyi ilə həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəzlətdi. A. Əliyeva hakimə 35 min manat rüşvət verdiyini deyib. Bakı Şəhər baş Polis İdarəsində cinayət işini müstəntiq Məmmədağa Əhmədov aparıb. Təhqiqat qərəzli, A. Əliyevanın maraqları dairəsində keçirilib”.

Digər iş Ağır Cinayətlərə Dair Məhkəmədə baş tutub. Şikayətçilər bildirib ki, hakimi Mirzə Xankişiyev zərərçəkmişlərin çoxu ilə ayrı-ayrılıqda şəhərdə görüşüb, bəzilərini isə kabinetinə dəvət edərək “şikayətdən əl çəkin, Aygün tutulsa, siz heç nə əldə edə bilməyəcəksiniz. O isə onsuz da tutulmayacaq, onun arxasında vəzifəli şəxslər dayanır” deyə təzyiq göstərib. “Hakim M. Xankişiyevin təzyiqi altında biz pulumuzun müəyyən hissəsini aldığımız barədə ərizə yazmağa məcbur olduq. Hakim A. Əliyevaya 1 il sınaq müddəti olmaqla 7 il 6 ay şərti cəza kəsdi. Biz artıq neçənci dəfədir ki, A. Əliyevanın hüquq-mühafizə orqanlarının müdafiəsi altında olduğuna əmin oluruq”.

Zərərçəkənlər qeyd edib ki, 2010-cu ilin 6 iyulunda A. Əliyeva Abşeron rayonunda öz həyatına qəsd cinayəti düzənləyib və bu cinayətdə Rəna Hüseynovanı günahlandırıb. Abşeron rayon prokurorluğunun baş müstəntiq Cəlil Mahmudovun apardığı istintaqın nəticəsində 23 avqust 2010-cu ildə A. Əliyeva barəsində “şər atma” faktı üzrə Cinayət Məcəlləsinin 296.2 -ci maddəsi ilə cinayət işi açılıb. “Biz hamımız bilirdik ki, A. Əliyevanı Abşeron rayonunda heç vaxt həbs etməzlər. Bu barədə Respublika Prokurorluğuna çoxsaylı məktublar ünvanlamışdıq. Şər atma işi üzrə məhkəmə araşdırmaları zamanı hakim Şəmsəddin Abbasov Rəna Hüseynovanın bir sıra vəsatətlərini nəzərdən keçirməmişdi, çünki burada şahid qismində Abşeron rayon polis rəisinin müavini Famil Kərimov çıxış etməli idi. Buna isə Şəmsəddin Abbasov heç vaxt razı ola bilməzdi, çünki onlar Abşeron rayonunda birgə işləyən dost idilər. Məhkəmə araşdırmaları nəticəsində A. Əliyevanın təqsiri tam sübuta yetirildi və prokuror ona 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası istədi. Bu zaman A. Əliyevanın vəkili qalxaraq hələ çıxışa hazır olmadığını və çıxışı gələn iclasa saxlanmasını istədi. Hakim də bununla razılaşdı. Bundan sonra A. Əliyeva aradan çıxdı və bir daha məhkəməyə gəlmədi. Nəticədə hakim qəbs-qətimkan tədbiri barədə qərar çıxardı”.

Daha sonra A. Əliyeva Xəzər rayonundan pasport qeydiyyatından çıxaraq Abşeron rayonuna qeydiyyata düşüb. Abşeron rayon məhkəməsi onun həbsinə qərar verməyib və barəsində ev həbsi qəti imkan tədbirini seçib. “A. Əliyeva Abşeron rayon məhkəməsinə 15 min manat rüşvət verdiyini deyib. O yenidən azadlıqda gəzərək Abşeron rayonunda lombard açıb və bir çox insanı aldadıb. Vətəndaşlar Abşeron rayon Polis İdarəsinə müraciət etsələr də bu bir nəticə verməyib. Polis ərizələri qəbul etməyib. O növbəti qurbanlarına özün MTN-nin mətbuat xidmətinin əməkdaşı kimi təqdim edib”.

Şikayətçilər bildiriblər ki, Xəzər rayon polis işçisi Seymur Şıxıyev zərərçəkmiş Aybəniz Abdullayevaya deyib ki, “A. Əliyevanı tapmaq bizim üçün çətin deyil”. “A. Əliyeva axtarışda olduğu müddətdə Binə qəsəbəsində çox ev satıb, orada özünə ev tikib və indi bütün Bakı, Binə qəsəbəsi ərazisində şəxsi avtomaşınında rahat hərəkət edir və onu heç kim saxlamır. Ola bilməz ki, Xəzər RPİ-nin rəisi Faiq Şabanovun rəhbərlik etdiyi polis idarəsinin əməkdaşları, sahə müvəkkili nə baş verdiyi barədə xəbərdar olmasınlar, ola bilməz ki, polisimiz bu dərəcədə zəif və yararsız olsun”.

Zərərçəkənlər qeyd edib ki, A. Əliyeva yenə də vətəndaşları aldadır. “O, Firudin Rüstəmova hədə-qorxu gələrək, onun evini yandıracağı ilə hədələyib. 2012-ci ilin 9 martında A. Əliyeva öz əlialtılarının köməyi ilə F. Rüstəmovun evini yandırıb. Bu barədə zərərçəkən rəsmi ərizə ilə Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib. A. Əliyeva Rəna Hüseynovanı açıq-aşkar öldürəcəyi ilə təhdid edib. Mütəmadi olaraq telefonuna zəng edərək ölümlə hədələyib. Bu haqda da polisə rəsmi ərizə verilib”.
Zərərçəkmişlərdən biri də Azər Quluzadədir. Şikayətçilər bildirib ki, A. Əliyeva ondan “Porsche” minik markalı , 10 KU 100 i avtomaşınını alıb, lakin pulunu - 80 min ABŞ dollarını bu günə qədər ödəməyib. “A. Əliyeva zərərçəkənə hədə-qorxu gəlib və pulu ödəmək fikrində olmadığını deyib. O, qeyd olunan maşını Şüvəlan kənd sakini Bəhruz adlı şəxsin adına “Royal Banka” girov qoyaraq pul götürüb. Hazırda həmin avtomaşını A. Əliyeva rüşvət kimi Bakı DYP-nin əməkdaşı Anar İmanova verib. Anar İmanovun atası Vahid İmanov Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin əməkdaşıdır. O da özü növbəsində A. Əliyevanın bütün cinayətlərini ört-basdır etməkdə köməklik edir. Bu da bir daha sübut edir ki, A. Əliyeva yüksək rütbəli polis əməkdaşları ilə bilavasitə əməkdaşlıq edir”.

Müraciətdə qeyd olunub ki, A.Əliyeva barəsində Bakı Şəhər Baş Polis İdarəsində, Şirvan rayon Polis İdarəsində, Xəzər rayon Polis İdarəsində, Abşeron rayon Polis Şöbəsində cinayət işləri açılıb. “A. Əliyeva Aybəniz Allahverdiyeva və Sevda İbadovanı aldadaraq onlara külli miqdarda ziyan vurub”.
Aygün Əliyevanın məktuba əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətində onun doğum tarixi 5 fevral 1970-ci il göstərilib. Yaşayış yeri Bakı şəhəri Binə qəsəbəsi qeyd olunub. Şəxsiyyət vəsiqəsi 2007-ci ildə verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Bizim Yol” qəzetinə deyib ki, Abşeron rayon polis idarəsinin rəis müavini, polis polkovnik-leytenantı Famil Kərimovun A. Əliyeva ilə heç bir əlaqəsi olmayıb. O, qadınla bağlı heç bir məhkəmə prosesində iştirak etməyib. “Famil Kərimovun qadını himayə etməsi yalandır. Aygün Əliyeva Abşeron rayonunda qeydiyyatda olmayıb. Ola bilsin ki, həmin rayonda hansısa hadisə törətsin, amma orada qeydiyyatı yoxdur. Famil Kərimov onun axtarışı ilə birbaşa məşğuldur, demək ki, tapılmasında maraqlıdır”.
Mətbuat xidməti Bakı DYP-nin əməkdaşı Anar İmanov və onun Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində işləyən atası Vahid İmanovun A. Əliyevadan rüşvət almadıqlarını deyib. “Anar İmanova “Porsche” markalı maşının verilməsi yalandır. Bu məlumatlar polisin işgüzar nüfuzunu ləkələmək məqsədi daşıyır”.

Ədliyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səyyad Məcidov “Bizim Yol” a bildirib ki, hakimlərin rüşvət alması ilə bağlı məlumatı Məhkəmə Hüquq Şurasına göndərək. “Onlar bu məsələni araşdıracaq və həmin hakimlərlə bağlı ölçü götürəcəklər”. /bizimyol.info/