Azərbaycanda “Eurovision 2012” seçim turu başlayır

azerbaycanda-eurovision-2012-secim-turu-baslayir
Oxunma sayı: 660

“Qafqazinfo”nun məlumatına görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaydığı məlumata görə, milli seçim üçün sənədlər oktyabrın 15-dən 25-dək qəbul ediləcək. Məlumata görə, müsabiqə tam olaraq "Eurovision" Mahnı Müsabiqəsinin qaydalarına və tələblərinə uyğun aparılacaq. Seçim turunda şəffaflığı və obyektivliyi təmin etmək, ictimaiyyətin rəyini öyrənmək məqsədilə peşəkar münsiflər heyəti ilə yanaşı, tamaşaçıların rəyi eyni dərəcədə nəzərə alınacaq.

Yaşı 16-dan yuxarı olan, öz istedadına və peşəkarlığına güvənənləri müsabiqəyə dəvət edilir. Müsabiqə iştirakçıları gözəl səsi, rəqsetmə bacarığı və səhnə mədəniyyəti ilə fərqlənməlidirlər.

İştirak etmək istəyənlər oktyabrın 15-dən 25-dək İctimai Televiziyaya (ünvan-Şərifzadə küçəsi, 241) müraciət edə bilər.

Hər bir iştirakçı 3 ədəd müxtəlif rakursdan çəkilmiş şəkil, şəxsiyyət vəsiqəsinin surətini və xüsusi anketi təqdim etməlidir.

Qeyd edək ki, 57-ci "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyini Azərbaycan edəcək. Müsabiqənin yarımfinal mərhələləri 2012-ci il mayın 22-də və 24-də, finalı isə 26-da keçiriləcək.

Nigar Məmmədli