“Azərbaycanda hicab qadağan olunmayıb”

azerbaycanda-hicab-qadagan-olunmayib
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, komitə sədri görüşdə Azərbaycanın din siyasəti haqqında məlumata verib, son vaxtlar dövlət vəsaiti hesabına dini abidələrin tikildiyini vurğulayıb.

Hidayət Orucov bildirib ki, Türkiyə mətbuatında bəzən Azərbaycanın din sahəsi ilə bağlı heç bir fakta əsaslanmayan məlumatların yer almasından narahatdır: “Müəyyən qruplar iddia edirlər ki, Azərbaycanda “Türk camesi” bağlanılmışdır. Əvvəla, məscid Allahın evidir və onu “Türk camesi”, “Azərbaycan camesi” və s. kimi təsnifləndirmək doğru deyil. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra qardaş Türkiyə Azərbaycanda 23 məscid tikmişdir və onlardan 22-i bugünədək fəaliyyət göstərir. Yalnız bir məscid təmir üçün müvəqqəti olaraq qapalıdır. Yaxud bir qrup əsassız olaraq Azərbaycanda hicabın qadağan olunduğunu iddia edir. Birmənalı şəkildə bildirirəm ki, Azərbaycanda hicab qadağan olunmayıb. Bütün dünyəvi dövlətlərdə, o cümlədən Türkiyədə olduğu kimi, Azərbaycanın orta ümumtəhsil məktəblərində də qanunvericiliyə uyğun olaraq vahid məktəbli forması tətbiq edilir. Bunu isə etiqad azadlığının pozulması kimi qələmə vermək absurddur. Təbii ki, biz onların kim olduqlarını, hansı dairələr tərəfindən idarə edildiklərini yaxşı bilirik. Çox istərdim ki, həm səfər çərçivəsində, həm də Türkiyəyə qayıtdıqdan sonra Azərbaycan gerçəkliklərini dərindən öyrənərək yeri düşdükcə bu kimi əsassız fikirlərə münasibət bildirəsiniz”.

Türkiyə Dövlət Kadrlar İdarəsinin təhsil şöbəsinin başqanı Əkrəm Kuru vurğulayıb ki, bəzi dairələrin Azərbaycan əleyhinə çıxışlar etməsi Türkiyəni də narahat edir. Ancaq həmin kiçik qrupların ifadə etdiyi fikirlər ümumilikdə türk xalqının fikirləri deyildir. Belə kiçik dairələr Türkiyə ilə Azərbaycanın qardaşlığına qətiyyən xələl gətirə bilməzlər.

Fatimə Kərimli