“Azərbaycanda İslama hörmət bütün başqa dinlərə ehtiramla tamamlanır”

azerbaycanda-islama-hormet-butun-basqa-dinlere-ehtiramla-tamamlanir-
Oxunma sayı: 916

Avqustun 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açmışdır. Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində iştirak etmişdir.

Əvvəlcə şeyxülislam Allahşükür Paşazadə yeni iqamətgahda aparılan inşaat işlərinin gedişi barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, tikintisinin gələn il başa çatdırılması nəzərdə tutulan bu iqamətgahda dindarların ibadəti və müqəddəs mərasimlərin keçirilməsi üçün hər cür şərait yaradılacaqdır.
İftar mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başladı.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi. Vurğuladı ki, dövlətimizin başçısının milli mənəvi dəyərlərimizə önəm verərək bu gün bizimlə bərabər olması həm də xalqımıza, millətimizə, dinimizə, milli ənənəmizə verdiyi böyük qiymətdir.

Azərbaycanda dini dəyərlərin qorunmasında ulu öndər Heydər Əliyevin mühüm xidmətlərini qeyd edən şeyxülislam ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin bütün dünyada nüfuz sahibi olan dövlətlərdən birinə çevrildiyini bildirdi.

Azərbaycanda dini ənənənin, tolerantlığın dünyada örnək olduğunu deyən A.Paşazadə işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına, mədəniyyət abidələrimizin bərpa ediləcəyinə əminliyini bildirdi. O qeyd etdi ki, mərasimdə bütün dinlərin nümayəndələrinin iştirakı Azərbaycanın dünyada mənəvi dəyərlərə yüksək qiymət verilən bir məkana çevrildiyini göstərir.

Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban-Udin Xristian İcmasının sədri Robert Mobili bütün dinlərə eyni səviyyədə hörmət və ehtiramın göstərildiyi Azərbaycanın beynəlxalq aləmdə dinlərarası dialoqun yüksək inkişaf etdiyi ölkə kimi tanındığını bildirdilər və təbriklərini çatdırdılar.





Mərasimdə çıxış edən Prezident İlham Əliyev müqəddəs Ramazan ayında belə görüşlərin artıq gözəl ənənəyə çevrildiyini bildirdi. Əsası ulu öndər Heydər Əliyev və şeyxülislam Allahşükür Paşazadə tərəfindən qoyulan bu ənənənin bütün sahələrdə olduğu kimi, uğurla davam etdirildiyini söylədi.

Azərbaycanda din-dövlət münasibətlərinin çox yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə bütün xalqların, dinlərin nümayəndələrinin rahat, dostluq-qardaşlıq şəraitində yaşadığını bildirdi və bunun dövlətimizin gücü olduğunu qeyd etdi.
Bu il müstəqilliyimizin 20 illik yubileyinin böyük təntənə ilə qeyd olunduğunu deyən Prezident İlham Əliyev Azərbaycanda islam dininə olan hörmətin bütün başqa dinlərə olan ehtiramla tamamlandığını, ölkəmizin dünya miqyasında dinlərarası və mədəniyyətlərarası dialoq məkanına çevrildiyini vurğuladı.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev problemin ədalətli, beynəlxalq hüquq normaları və respublikamızın ərazi bütövlüyü çərçivəsində həllini tapacağına şübhə etmədiyini söylədi.

Şeyxülislam Allahşükür Paşazadə onun fəaliyyətini yüksək qiymətləndirdiyinə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi.

Sonra iftar süfrəsi açıldı.

Azərtac