Azərbaycanda möhtəşəm şou-yarış - Fotosessiya

azerbaycanda-mohtesem-sou-yaris-fotosessiya
Oxunma sayı: 651

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birlikdə 11-12 fevral 2012-ci il tarixlərində Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçirdiyi Buzadırmanma üzrə Açıq Respublika Çempionatının I turu - çətinlik mərhələsi başa çatıb. Federasiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, çempionatda Rusiya Federasiyasının, Türkiyə və İran Respublikalarının idmançıları iştirak ediblər.

Yarışda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Bakıdan “A+A”, “Ekosport”, “Climb-club”, “Rock Stone”, “Meteor”, Bakı Dövlət Universitetinin “Extrem”, Memarlıq və İnşaat Universitetinin “Edelveys”, “Qərb Universiteti klubu”, Azərbaycan Turizm İnstitutunun “AMEAST”, Bədən Tərbiyəsi və İdman Akademiyasının “Gənclik”, “Xəzər Universiteti klubu”, “İqtisad Universiteti klubu”, Qobustandan “Tanrıdağ”, Qusardan “Salavat”, “Qusar” və “Zirvə”, İsmayıllıdan “Babadağ”, Zaqataladan “Mountain Bee”, Qaxdan “Extremal”, Yardımlıdan “Kəmərqaya” klublarının 90 nəfərə yaxın idmançısı, o cümlədən Azərbaycan Alpinizm Federasiyasının və Dağçılıq İdman klubunun idmançıları iştirak edib.

Keçən illərdən fərqli olaraq bu il yarışa qatılan idmançıların sayının çox olmasından, həmçinin yarış qaydaları Türkiyədən gəlmiş UİAA-nın beynəlxalq dərəcəli hakimi Murad Səlim Şirin tərəfindən beynəlxalq tələblər səviyyəsində qurulduğundan və hava şəraitinin sərt, şaxtalı olduğundan nəzərdə tutulan iki gün ərzində yalnız çempionatın təsnifat və I tur- çətinlik mərhələlərini tam keçirmək mümkün olub.

I tur-çətinlik mərhələsinin nəticələri aşağıdakı kimidir:
1-ci yer Məsud Zeynali (İran idmançısı)
2-ci yer Xızrıyev Rəcəb (Rusiya idmançısı), Şinqayev Şirxan (FAİREX-in idmançısı)
3-cü yer Qareyxanov Şamil (FAİREX-in idmançısı), Abdullayev Əli (DİK-in idmançısı)

Çempionatın hakimlər kollegiyasının qərarı ilə yarışın II turu- sürət mərhələsi 18-19 fevral 2012-ci il tarixlərində keçiriləcək və yarışda uğur qazanan idmançılar gələn həftə mükafatlandırılacaq.