Azərbaycanda müstəqil alternativ ekspertizalar vacibdirmi?

azerbaycanda-musteqil-alternativ-ekspertizalar-vacibdirmi
Oxunma sayı: 952

Son dövrlər hüquq müdafiəçiləri və müstəqil mütəxəssislər tərəfindən ölkədə tərəfsiz alternativ ekspertizanın təşkilinin vacibliyi barədə fikirlər səslənir. Bu barədə müxtəlif ideyalar ortaya atılır, fikirlər irəli sürülür, bəzi inkişaflı ölkələrdə müstəqil ekspertizalar barədəki təcrübələr müqayisə kimi nümunə göstərilir.

Zamanın, günün tələbindən doğan fikirlərdir. Cəmiyyətdə yaranmış bu ehtiyac xüsusilə ekspertizanın o sahəsinə yönəlir ki, orada insan haqlarının pozulmasına aid faktların araşdırılması vacibliyi yaranır. Bu sırada isə, ilk növbədə qətllər, müəmmalı ölümlər, işgəncə və digər xarakterli bədən xəsarətləri, narkomaniya və narkotiklər barədə ekspertizalar dayanır. Burada ictimaiyyəti narahat edən hal mübahisə tərəfləri arasında həlledici vacib faktor sayılan ekspertizaların yalnız dövlət strukturları nəzdində fəaliyyət göstərməsi, həmin faktların tərəfsiz, dürüst açılıb ortaya qoyula bilməsidir.

Hüquq-mühafizə sistemində baş verən, işgəncələr kimi, ciddi qanun pozuntuları hazırda bütün sivil demokratik dünyanın diqqətində prioritet təşkil edir. Burada əsas narahatçılıq doğuran səbəb işgəncələr nəticəsində alınan xəsarətlərin fiziki nəticələrindən başqa, bu qəddar vasitələrdən istifadə edib zorla lazımi ifadələrin alınması və bunun də nəticəsi olaraq, istintaq araşdırmaları və məhkəmə mühakiməsi proseslərinin istənilən qeyri-obyektiv istiqamətə yönləndirilməsidir. Bu mənada BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq qurumlar və tanınmış hüquq müdafiə təşkilatlarında işgəncələr əleyhinə xüsusi strukturlar fəaliyyət göstərir.

İşgəncə faktlarının, işgəncə xarakterli xəsarətlərin təyin olunub, rəsmi qaydada məhkəmələr və vətəndaş cəmiyyəti qarşısına çıxarılmasını təmin edən yeganə ixtisaslı sahə məhkəmə-tibb ekspertizasıdır. Bu fəaliyyət Azərbaycanda Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi adlı idarəyə məxsusdur.

Qeyri-obyektiv ekspert rəyi orqanizmə yetirilmiş müxtəlif bədən xəsarətlərinin, xarici və daxili travmaların, işgəncə faktlarının, ölüm səbəbinin gizlədilməsində olduğu kimi, olmayan xəsarətlərin saxta fakt kimi ortaya qoyulmasında da rol oynaya bilir. Bu da vaxtaşırı hüquq-mühafizə orqanları tərəfindən günahsız vətəndaşların xəsarət yetirmiş qisimdə həbsə atılmasında istifadə olunma imkanını yaradır.

Ekspert rəyi-xüsusi bilgiyə malik mütəxəssisin hazırladığı rəsmi sənəd olmaqla, təhqiqatçı, istintaqçı, prokuror, hakim və müdafiə tərəfi üçün təkzibolunmaz və həm də demək olar ki, mübahisə olunmaz faktdır, son istinad, ümid yeridir. Bu rəsmi sənəd lazımi hüquqi-prosessual addımlar atılması üçün əsasdır və bəzi hallarda həmin orqanlar öz qeyri-qanuni hərəkətlərinin nəticələrinin məsuliyyətini həmin rəylərin üzərinə atırlar, ekspert rəyini əsas tuturlar. Xüsusilə, elə hallar olur ki, bədən xəsarətləri və orqanizmdə digər sübutverici faktların müddət keçməklə itməsi və yaxud mahiyyətinin dəyişməsi nəticəsində həmin ekspertizanın sonradan əlavə və ya təkrar keçirilməsi öz mənasını itirmiş olur. Ölüm işlərində də bu belədir.

Yazıçı-publisist Rafiq Tağının qətli ilə bağlı mətbuatda dərc olunan məhkəmə-tibbi ekspertiza rəyi buna tutarlı misaldır. Dövlət istintaqının və ictimaiyyətin həqiqətin aydınlaşdırılmasında ciddi istinad yeri olan bu rəsmi sənəd öz qeyri-konkretliyi ilə cinayət işini araşdıran istintaqı çətin, cəmiyyəti çaşqın vəziyyətdə qoyur. Belə ki, mətbuata rəsmən bəyan edilmiş həmin rəydə baş vermiş ölümün bilavasitə səbəbini aydın etmək mümkün deyil. Müəyyən olunmur ki, yazıçının ölümü yetirilmiş bıçaq xəsarətlərinin, həkim xətalarının, yoxsa xəstəxanada törədilmiş hansısa kənar ağırlaşdırıcı təsirlərin nəticəsidir. Belə ekspert rəyi ilə nəinki ibtidai istintaq araşdırmasını obyektiv və keyfiyyətlə aparmaq, hətta, işi məhkəməyə çıxarıb konkret ittiham irəli sürmək çətinlik yarada bilər.

Yəni, ekspertiza rəyinin qeyri-müəyyən və anlaşılmaz olması bu gedişatla Rafiq Tağının gələcəkdə tutulub ittiham oluna biləcək qatili və onun vəkilinə ibtidai istintaqın özünü ittiham etməyə əsas verə bilər. Qatil iddia irəli sürə bilər ki, baş vermiş ölüm bilavasitə onun yetirdiyi xəsarətlərin nəticəsi deyil, ölüm yazıçıya yetirilən xəsarətlərdən sonrakı dövrdə digər faktorların-hərəkət və hərəkətsizliyin nəticəsidir, o yazıçıya yalnız ölüm yaratmamış bədən xəsarətləri yetirib və buna uyğun yüngül cəza almalıdır. Vəssalam.

İstintaq və mühakimənin dolğun və keyfiyyətli icra olunmasına mənfi təsir etmiş qüsurlu ekspertiza rəyləri bir sıra, mərhum jurnalist Elmar Hüseynovun qətli və digər ölüm işlərinin araşdırılmasında da müşahidə oluna bilir.

Bir sıra mübahisə doğuran hallar narkotiklər və narkomaniya ilə bağlı hadisələrin araşdırılması zamanı yaranır. Məsələn, jurnalist Eynulla Fətullayevin cəzaçəkmə müəssisəsində narkotik maddələr saxlaması və istifadəsi ittihamı ilə bağlı bir-birini təkzib edən rəsmi ekspertiza rəyləri ciddi mübahisə doğurmuşdu. Narkotik maddələrin tərkibinin, miqdarının müəyyən edilməsi, onların insan orqanizmində varlığı və miqdarı, ümumiyyətlə, vətəndaşın narkotiklərdən asılılığı səviyyəsinin müəyyən olunması xüsusi mütəxəssislər narkoloji ekspertlərin səlahiyyətindədir. Həmin ekspertlər isə, Səhiyyə Nazirliyi tabeliyindəki psixo-narkoloji qurumların işçiləridir.

Təbii ki, ölkədə ziddiyyətli proseslərin haqq-ədalətlə araşdırılmasında xüsusi rol oynayan ekspertlərin müstəqilliyinə və onların inamlı, sərbəst fəaliyyət şəraitinə böyük ehtiyac var. Bunun üçün bu unikal bilgi sahiblərinin maddi təminatı və xüsusilə, onların hüquq-mühafizə orqanlarından asılısızlığının, «mühafizəsinin» təminatı vacibdir.

Ekspertizanın vacibliyi qeyd edilərkən, onun həkim səhvi, səhlənkarlığı və cinayətlərinin araşdırılmasında oynadığı rolu qeyd etməmək mümkün deyil. Məhkəmə-tibb eksperti yeganə mütəxəssisdir ki, həkimlik fəaliyyəti xətalarını və tibb sahəsinə aid bütün nöqsanları rəsmiləşdirib hüquq-mühafizə orqanlarına və ictimaiyyətə çatdırmaq imkanındadır.

Ölkədə məhkəmə-tibb ekspertizasının Səhiyyə Nazirliyinin strukturlarından birisi olması isə, bir sıra hallarda bu istiqamətdə obyektiv araşdırma aparılıb həqiqətin üzə çıxarılmasına mane olur. Eyni bir nazirliyin ekspertiza aparan bir strukturunun müalicə aparan digər bir strukturunu obyektiv ifşa edə bilmək imkanı ən azı adminstrativ tabeçilik baxımından çətindir.

Mövzunu, ekspertizanın hüquq-mühafizə və istintaq orqanlarının fəaliyyətində, məhkəmə mühakiməsi proseslərində, ümumiyyətlə vətəndaşların taleyində və insan hüquqları və azadlığının qorunmasında önəmli yer tutması yönündə daha da genişləndirmək olardı. Ancaq biz, nəticədə bu gün hamını narahat edən vacib bir sualın üzərinə gəlməliyik.

Ölkədəki yeganə dövlət ekspertizalarının fəaliyyəti ilə bağlı bu qədər şübhələr, narazılıq və şikayətlər olması fonunda alternativ müstəqil ekspertizaların mövcudluğu vacibdirmi? Mübahisələr, ziddiyyətlər düyününün açılması ilə məşğul olan bir sahəni alternativləşdirib ikiləşdirməklə nəticədə onun özünü mübahisəli və ziddiyyətli duruma salmarıq ki? Yoxsa, bu, ölkədəki haqq-ədalətin bərpası üçün utarlı əvəzedilməz addım ola bilər?

Öncə bütün bu suallar ətrafında dərin düşünülüb, götür-qoy edilməsinə ehtiyac var. Və bununla belə, ölkədə alternativ, sərbəst, asılısız ekspertizanın təşkilinin vacibliyi haqq-ədalətin, demokratik prinsiplərin, insan hüquqlarının müdafiəsinin təminatı baxımından vətəndaş cəmiyyətinin kəskin ehtiyacı kimi qalmaqdadır.

Bir ictimaiyyətçi və aidiyyətli mütəxəssis kimi bu günkü reallığımızda məsələnin ədalətli həllinin bir neçə yolu barədə fikirlərimi çatdırmaq istərdim:

1. İlk növbədə ölkədə müxtəlif nazirliklər və idarələrin ( Ədliyyə, Səhiyyə, DİN, MTN, FHN və s.) nəzdində pərakəndə halda səpələnmiş ekspertiza strukturları ilk növbədə inzibati cəhətdən bir Komitə halında birləşdirilib Nazirlər Kabinetinin tabeliyinə verilməlidir. Bu reforma ölkədəki ekspertizanın xeyli qədər asılısız, sərbəst və sistemli fəaliyyətini təmin etməklə bərabər, istintaq-mühakimə proseslərinə dövlət nəzarəti imkanını da artırmış olardı.

2. Mübahisələrin ədalətli həllində daha demokratik variant alternativ qeyri-dövlət ekspertizalarının yaradılmasıdır. Bunun üçün isə, əsas şərt müvafiq qanunvericilik bazasının olmasıdır. Həmin hüquqi norma yaranmış alternativ müstəqil ekspertizaların fəaliyyətini tənzimləməklə bərabər həm də dövlət və qeyri-dövlət ekspertizalarının münasibətlərini tənzim edib yaranacaq ziddiyyətli, ziyanverici nəticələri qabaqlamaq üçündür.

Alternativ müstəqil ekspertizanın qanunvericilik əsasında təşkili həm də bu strukturun maddi-texniki və kadr bazasının təşkilində dövlət yardımına şərait yarada bilər. Ciddi ekspertiza strukturu isə, elmi və maddi-texniki bazanın, yüksək bilgili, təcrübəli kadrların, müasir avadanlıqlı müvafiq tədqiqat laboratoriyalarının vahid sistemi üzərində qurula bilər.

3. Daha bir variant, ekspertizaların insan hüquqları təşkilatları nəzdində ictimai əsaslarda qurulması ola bilərdi. Bu da konkret ekspertizaların keçirilib ekspert rəyi verilməsi kimi yox, zərərçəkmişlərin, xəsarətlərin, maddi sübutların, faktların və həm də dövlət ekspertlərinin verdiyi, mübahisə və narazılıq doğuran rəylərin ictimai əsaslarda ixtisaslı müşahidəsinin aparılması qismində təşkil oluna bilər. Yəni bir növ, əsl həqiqətlərin ortaya çıxarılmasında ictimai nəzarət funksiyasını təmin edə bilər.