Azərbaycanda riyaziyyat aliminin Afrika sayağı yeyilməsi

azerbaycanda-riyaziyyat-aliminin-afrika-sayagi-yeyilmesi-
Oxunma sayı: 1184

Müxalifət liderlərini, nazirləri, üzərində onun rəsmləri həkk olunmuş paltarları geyinməkdən imtina edən məktəbliləri, sözünə qulaq asmayan arvadını, fransalı paraşütçünü, öz yaxın qohumu olmuş sələfini, düşmənini müalicə etmiş ölkəsinin yeganə ali təhsilli həkimini, bir sözlə, qəzəbinə tutulmuş hər kəsi həzmi rabedən keçirən Bokassanı Afrika xalqı bağışlaya bilir. Amma mərkəzi afrikalılar Bokassanın ölkədəki yeganə riyaziyyat alimini nədən yediyinin səbəbini hələ də özləri üçün müəyyən etməyiblər.

Bu günlərdə Azərbaycanın dünya şöhrətli yeganə informasiya texnologiyaları və kibernetika aliminə qarşı da təqribən Bokassa sayağı münasibət olub. Doğrudur, onun ətindən Bokassanın aşpazı kimi kotlet və vetçina hazırlamayıblar. Amma ADNA-dakı vəzifəsindən çıxarıblar. Mərkəzi Afrikadakı savadsızlığın, ölkədə təhsilin ümumiyyətlə olmamasının fonunda bir riyaziyyat aliminin məhvi nə demək idisə, elə elm və təhsilin bərbad vəziyyətdə olduğu, rüşvətin, korrupsiyanın, yaltaqlığın intellekti sonuncu pilləyə sıxışdırdığı Azərbaycanda da hər cür rüşvətdən və yaltaqlıqdan uzaq, bütün şüurlu fəaliyyətini elmə və insanların savadlanmasına həsr edən Rafiq Əliyevin ADNA-dan uzaqlaşdırılması da elə o deməkdir. Rafiq Əliyev üçün elmə hörmətin olduğu dünyanın istənilən guşəsində auditoriya, iş yeri var. Onun əsərlərinə, araşdırmalarına milyonlar xərcləməyə hazır olan ağıllı və geniş düşünən, dünyanın gələcəyini görməyi bacaran insanlar var. Bu insanların fonunda R.Əliyevin Ziyalılar Forumundakı hansısa iştirakından qəzəblənib onu işdən atan insanlar kimdirlər ki? Çoxları kimi mən də o fikirdəyəm ki, R.Əliyevlə ADNA-da əmək müqaviləsinin təzələnməməsi onun üçün arı vızıltısı qədər əhəmiyyətsiz bir şeydir. Amma ADNA-nın tələbələrinə, ölkədə elmin gücünə inanan beş-on intellektə yazıq oldu.

Kəşfləri kosmosu fəth edir

R.Əliyevin insan mühakiməsi meyarlarına daha dürüst cavab verən Əli-1, Əli-2, Əli-3 (AL-1, 2, 3) qeyri-səlis-məntiqləri, mürəkkəb sistemlər üçün nəzərdə tutulmuş koordinasiya nəzəriyyəsi, post-modern informasiya texnologiyasının ən əsas istiqamətlərindən biri olan qeyri-səlis neyron şəbəkələrinin genetik alqoritmlərə əsaslanan öyrənmə nəzəriyyəsi, idarəetmə sistemlərinin invariantlıq şərtlərinin formalaşdırılması, paylanmış sistemlər üçün koordinasiya nəzəriyyəsi, qeyri-səlis intellektual robotların nəzəriyyəsi, qeyri-səlis ekspert sistemləri, paylanmış intellektual sistemlərin yaradılması konsepsiyası və nəzəriyyəsi, qeyri-səlis reqresiya və d. araşdırmalarının fundamental elmi nəticələri var. R.Əliyevin araşdırmalarının nəticələri ayrı-ayrı ölkələrdə tətbiq olunur. İndiyə qədər Azərbaycanda heç bir alimin bu qədər elmi nəzəriyyələri olmayıb və xaricdə əcnəbi dillərdə də bu qədər kitabı nəşr olunmayıb. Hələ 1996 və 1999-cu illərdə Rusiyalı alimlər Əli-1, Əli-2, Əli-3 məntiqlərinin digər məntiqlərdən daha səmərəli olduğunu eksperimental nəticələrlə sübuta yeriblər və kosmik aparatların diaqnostikasına və idarə olunmasına tətbiq ediblər. Alimin elmi nəticələri neftçıxarma, neft emalı, təbabət, konfliktologiya, iqtisadiyyat, təhsil, biznes sahələrində və kosmik obyektlərdə tətbiq olunur. Onun 70-ə yaxın kitabı (və 350-dək məqaləsi)Almaniyanın Zigen və Darmştad, Amerikanın Boston və Kaliforniyanın Berkli Universitetlərində, Rusiya, Türkiyə, Fransa, Avstriyanın, Kiprin universitetlərində əsas dərs vəsaiti kimi istifadə olunur. Oğlu Rəşad Əliyevlə birgə yazdığı «Soft Computing and Its Applications» kitabı bir neçə il dünya elmi-texniki kitabları içərisində bestseller olub və ikinci yerdə durub. R.Əliyevin təşəbbüsü və köməyi ilə Azərbaycanın ali məktəblərində kompüter-informasiya sistemləri, biznesin idarə olunması, menecment, biznes informatikası, mexatronika və biznes mühəndisliyi adlı 6 yeni ixtisas açılıb. Yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da onun xidmətləri böyükdür. Artıq informatika və idarəetmə sahəsində öz elmi məktəbini yaratmış alim Azərbaycan, Rusiya, Almaniya və İranda 130-dan çox elmlər namizədi və 20-dən artıq elmlər doktoru hazırlayıb. İndi onun yetirmələri ABŞ-da, Almaniyada, Rusiyada, Türkiyədə, İranda və başqa ölkələrdə uğurla çalışırlar. R.Əliyevin rəhbərliyi altında həyata keçirilən «İstehsalın səmərəliliyinin yüksəldilməsi üçün informasiya və idarəetmə sistemlərinin işlənməsi və tətbiqi işi» 1983-cü ildə SSRİ-nin dövlət mükafatına layiq görülmüşdü.

Bir ölkədə yaşayıb başqa ölkəyə işə gedən adam

Amerikada Eynşteyn və Lütfi Zadə haqqında deyirmişlər ki, onlar öz ölkələrində yaşaya-yaşaya başqa ölkələrə işə gedirlər. Rafiq Əliyev də Azərbaycanda yaşayır, amma başqa ölkələrə işə gedib-gəlir. Nə yazıq ki, onun xaricdəki iş yerlərinə də getməsi, geniş auditoriyalar qarşısında mühazirələr söyləməsi ölkəmizdə kimlərinsə xoşuna gəlmirmiş. Çox güman ki, R.Əliyev özü ADNA-da ona qarşı atılan addımı ətrafdakılar qədər emosional qarşılamayıb və bu qərar heç onu qorxutmayıb da. Bizi bu qənaətə R.Əliyevin özü barədə dedikləri gətirir. R.Əliyev onun haqqında çəkilmiş “Alim” sənədli filmində deyir: «Elmə gəlməyimdə dominant tərəf mənəvi tərəf olub. O vaxtdan da başa düşmüşdüm ki, alimin heç vaxt pulu, maddi tərəfdən dəstəyi olmur. Tarixə nəzər salsaq görərik ki, alimin heç biri dəbdəbəli həyat sürməyib, buna vaxtı və pulu olmayıb. Məncə onların heç dəbdəbəyə ehtiyacı da olmayıb. Əvəzində həmişə müstəqil olublar. Onlar həmişə öz zəmanələrində zəmanəyə, o zəmanənin eybəcərliklərinə, çətinliklərinə müxalifətdə olublar. Elə başa düşürəm ki, elmə gəlməyimin bir səbəbi də müstəqilliyi sevməyim olub. Nə qazanmışamsa, o həmişə mənə müstəqillik verib. Elmdəki də bu xarakterimə uyğun olaraq nüfuz qarşısında qorxub-çəkinməyim də olmayıb. Klassikləri də çox oxumuşam, sevmişəm, amma onların nəticələrinə də doqma kimi baxmamışam...
Allah insanı pareto optimal yaradır. Hər şeyi bir insana verməz. Allah insana çox ağıl verər, dövlət verməz, insana yaxşı qamət verər, şəxsiyyət verməz, yaxşı sağlamlıq verər, pul verməz. Yəni Allah insanı həmişə balansda yaradır. Bu baxımdan xoşbəxtliyi də tam ölçmək mümkün deyil. Ola bilər lokal mənada mən özümü xoşbəxt sayıram. Yəni həyatda, elmdə nə isə deyə bilmişəm. Ailə qurmuşam, övladlarım var. Amma qlobal baxımda götürəndə mən özümü xoşbəxt saya bilərəmmi?! Əgər bu gün Qarabağ azad deyilsə, düşmən tapdağı altındadırsa, mən özümü xoşbəxt saya bilərəmmi?! Mən o zaman arzularımın çin olduğunu (bu da xoşbəxtliyin bir komponentidir, bir atributudur) deyərəm ki, xalqımın imzası dünya xalqlarının imzası içində olsun və işıq qələmi ilə yazılsın. Yəni bu gün dünya xalqlarının çoxu bilik iqtisadiyyatına arxalanan modellə yaşayır. İnsan indeksi çox yüksəkdir. Mən onda özümü xoşbəxt sayaram ki, mənim xalqımın, ölkəmin iqtisadi modeli belə model olsun. Mən onda özümü xoşbəxt sayaram ki, bu dünyada olan təlatümlər, kataklizmlər, ədalətsizliklər azalsın, dünyada balans, ədalət olsun... Anam mənə həmişə deyərdi ki, sən gedib kiməsə qoşulma, qoy kimsə gəlib sənə qoşulsun...».

Prezidentin “Dostluq” ordeni ilə təltif etdiyi Lütfi Zadə və onun varisi Rafiq Əliyev

Lütfi Zadə dünya elmində inqilab edən, Nyuton, Eynşteyn səviyyəli şəxsiyyətdir. Onu ən dəqiq öz elmi irsinin varisi elan etdiyi Rafiq Əliyev belə xarakterizə edib: «20 və 21-ci əsrin ən böyük elm dühasıdır Lütfi Zadə. Eynşteyn fizikada inqilab etdi. Və özünə qədər Nyuton mexanikasının hər şeyə qadir olduğu fikrini alt-üst elədi. Və onun elmə verdiyi bir şey oldu – bir sərhəd. Yəni bu sərhəddə kimi Nyuton mexanikası, klassik mexanika işləyər, ondan sonra isə yüksək sürətlər mexanikası – Eynşteyn nəzəriyyəsi işləyər. Amma Lütfi Zadə 1965-ci ildə qeyri-səlis məntiq nəzəriyyəsini təklif etməklə Aristotel məntiqinin çərçivəsini yaxşı mənada dağıtdı, genişləndirdi. Riyaziyyatı ikiləşdirdi. Bu gün dünyada iki riyaziyyat oxunur – klassik riyaziyyat və Lütfi Zadənin – qeyri-səlis riyaziyyatı. Riyaziyyat dəyişdisə, elmin dilləri dəyişdi. Onlara yanaşmalar dəyişdi. Zadə fizikanı dəyişdi, kimyanı dəyişdi, təbiət elmlərinin əksəriyyətini dəyişdi. Bir ömürdə 6-7 elmi nəzəriyyə təklif etmək və bütün dünyanı heyran qoymaq, bütün dünyanı da bu nəzəriyyələrin ətrafında işləməyə vadar etmək, təbii ki, hər adama qismət olmur. Lütfi Zadə mənim dünyanın müxtəlif ölkələrində çıxan 7 kitabıma ön söz yazıb və biryerdə 3 kitab çap etmişik. Onun ən kiçicik bir məsləhəti 5-10 ilə kifayət edən məsləhətlərdir».

Lütfi Zadə isə R.Əliyev barəsində deyib ki, müasir dünyada o miqyasda alim tanımır. Lütfi Zadənin R.Əliyev barədə dedikləri maraqlıdır: «Mən Rafiq Əliyevi çox yaxşı tanıyaram və onunla dostluğu özümə şərəf bilirəm. O elə insandır ki, onu nə qədər yaxından tanıyırsansa, ona bir o qədər də hörmət və heyranlıq hissi bəsləyirsən. O çox mükafatlar alıb, onlardan ən önəmlisi sovet dövründə aldığı Dövlət mükafatıdır. Çünki bu mükafatı çox az adama verirdilər. Mənə ən dərin təsir bağışlayan onun dərindən düşünməsi, yaradıcı işə qeyri-adi bacarıqla yanaşması, özünü həm şifahi, həm də yazılı dildə gözəl ifadə etməsidir. Onu başqalarından fərqləndirən cəhət gözəl ideyalar verməsilə yanaşı onları həyata keçirmək bacarığıdır. O hər şeyi çox çevik həzm edəndir. Buna ən gözəl misal «Soft Kompyutinq»lə əlaqədardır. Mən bu konsepsiyanı on il əvvəl irəli sürmüşəm. O, bu məsələnin vacibliyini dərhal duyaraq bu haqda ilk kitab yazıb. Əminəm ki, bu kitab soft kompyutinqin tətbiqində mühüm əhəmiyyət təşkil edəcək. Mən Rafiq Əliyevə Azərbaycanda və onun hüdudlarından kənarda hörmət bəslənilməsinə çox şadam. O, çox böyük təsiredici qüvvəyə malik qeyri-adi insandır. Mən həqiqətən onun qədər zəkalı, yaradıcılıq qabiliyyəti olan başqa bir insan tanımıram. Həqiqətən görkəmli, dünya miqyaslı şəxsiyyətdir. Mən onun dərin pərəstişkarlarından biriyəm. Onun nüfuzu dünyada getdikcə daha da artacaq. İngiliscə «Soft kompyutinq»i isə dünyada onun nüfuzunu daha da artıracaq. (Lütfi Zadə son müsahibəsində R.Əliyevin bu əsərinin “Nobel”ə layiq görüləcəyinə inandığını deyib –m.).
Qəribə də burasıdır ki, Lütfi Zadəni “Dostluq” ordeni ilə təltif edən İlham Əliyev, onun Azərbaycandakı yeganə həmfikri və elmi irsinin varisi R.Əliyevə qarşı ADNA-da atılan addımı sükutla qarşılamaqdadır.

Amerikadan çox əzəmətli görünür, bəs Azərbaycandan?

R.Əliyev barədə dünya alimlərindən yalnız müsbət fikirlər eşidirik. Məsələn, ABŞ-lı professor Ronald Yager deyi r ki, Rafiq Əliyev Amerikadan 7 min mil uzaqlıqda yerləşən Azərbaycanda yaşasa da o, Amerikadan çox əzəmətli görünür. Almaniyalı professor Karl Bonfik isə bu fikirdədir: «Onun elmi nəticələri ümumdünya səviyyəlidir. O, bütün dünyada böyük elmi avtoritet kimi tanınır və ona böyük hörmət bəslənilir. O, dünyanın İnformatika sahəsində ən nüfuzlu beş alimindən biri kimi bu elm sahəsinin perspektivlərini müzakirə etmək üçün beynəlxalq konfranslara dəvət olunur». Rusiyalı professor Aleksey Averkin isə vaxtilə bir professorun məsləhətinə əsasən qeyri-səlis məntiqin incəlikləri ilə tanış olmaq üçün Lütfi Zadə və Rafiq Əliyevin işləri ilə tanış olduğunu bildirib: “O zamanlar süni intellekt sistemlərində geniş istifadə olunan qeyri-səlis riyaziyyat üzrə başqa məktəblər də mövcud idi. Amma onların içində R.Əliyevin rəhbərlik etdiyi Bakı məktəbinin xüsusi yeri vardı. R.Əliyevin rəhbərliyi ilə keçirilən beynəlxalq konfranslarda onun və yetirmələrinin çıxışları qeyri-səlis riyaziyyat sahəsindəki ümumdünya elmi məktəbləri arasında bu elmi məktəbin artıq qəbul olunmuş xüsusi yerini göstərir».

Ölkəmizdəki Bokassa kimdir?

Əcnəbi alimlərin R.Əliyevə verdikləri dəyərin fonunda onun iş əmrini verən ADNA-nın rektoru Siyavuş Qarayevin hansı statusda olduğunu öyrənmək istədim. Onun adını on-layn sistemində axtarışa verdim. Diqqətimi çəkən ilk yazının başlığı belə idi: «Siyavuş Qarayevin qara əməlləri: ADNA rektoru ildə 50 milyondan çox pul yığır; Siyavuş Qarayevin bəd əməllərinin üstü açılır». (http://www.musavat.com/new/%C3%96lk%C9%99/92434-S%C4%B0YAVU%C5%9E_QARAYEV%C4%B0N_QARA_%C6%8FM%C6%8FLL%C6%8FR%C4%B0).
ADNA-dan qovulmuş tələbələrdən birindən eşitmişdim ki, o, təhsil naziri Misir Mərdanovla görüşərək rektorun qəzəbinə tuş gəlib qovulduğu Akademiyaya bərpa olunmasını xahiş edib. Nazir isə etiraf edib ki, S.Qarayevə sözü keçmir...Belə çıxır ki, S.Qarayev R.Əliyevlə bağlı qərarın yuxarıdan gəldiyini deyərkən təhsil naziri Misir Mərdanovu nəzərdə tutmayıb...

Qayıdaq yazının əvvəlində haqqında bəhs etdiyimiz Bokassaya. Bokassa ölkəsinin vətəndaşlarının bədbəxtliyi, aclıq və səfalət içində çırpınması hesabına 2 ton qızıldan öz heykəlini yapdırmışdı. 1977-ci ildə onun imperator tacqoyma mərasimi bədbəxt ölkəyə on milyon funt sterlinqə başa gəlmişdi ki, bu da MAR-ın illik dövlət büdcəsini ötüb keçmişdi. Yalnız bu şüurun yiyəsi olan bir adam ölkənin yeganə riyaziyyat alimini gündəlik yemək menyusuna əlavə etdirə bilərdi. Oxuculara sadəcə S.Qarayev haqqında yazılanları oxumağı məsləhət bilirik. R.Əliyev haqqında belə bir qərarı yalnız S.Qarayev təbiətli insanlar verə bilərdilər ki, veriblər də. Bəndənizi isə sadəcə bir sual düşündürür: Görəsən, R.Əliyev kimi mənəvi dəyərləri hər şeyin fövqünə qaldıran, fövqəladə biliklərinin qarşılığında pulunun olmamasını Allahın insanı pareto optimal yaratması fəlsəfəsinə bağlayan bir insan standart azərbaycanlılarla illərlə necə bir yerdə çalışıb?!

Tomris
azadmekan.org