Azərbaycanda süd möcüzəsi - Fotosessiya

azerbaycanda-sud-mocuzesi-fotosessiya
Oxunma sayı: 3412

Jurnalistləri zavodun idarə heyətinin sədri Elşad Rəsulov, onun ortağı Mülhazil Balakişiyev və baş müdiri Cem Kurt qarşılayaraq mətbuat konfransı keçiriblər və sonra zavodla, süd toplama məntəqəsi ilə tanış ediblər.

İstehsalçılar bildiriblər ki, mətbuatla görüşlərinin əsas məqsədi, alıcılara qeyd-şərtsiz etibar edə biləcəkləri təmiz və faydalı məhsulu tanıtdırmaqdır.

E. Rəsulov bildirib ki, “Atena” istehlakçıların etibar edə biləcəyiniz süd məhsuludur: “Baxmayaraq ki, müasir ərzaq bazarı geniş çeşidlər təklif edir, təklif olunan məhsulların əksəriyyəti bəzən insan sağlamlığına zərər verən müxtəlif qida əlavələri ilə boldur, ekoloji təmiz məhsullar isə qızıl dəyərindədir. Bizim zavod isə istehsal etdiyi məhsulları bütün respublikada, ondan kənarda da tanıtmağa və alıcı məmnunluğu qazanmağa qərarlıdır”.

“Atena”da məhsul necə istehsal olunur

Baş müdir C. Kurtun sözlərinə görə, “Atena” zavodunda yerli fermerlərdən alınan ən təzə və ən yağlı süddən istifadə olunur: “Fermerlərə xüsusi gigiyenik qablar paylanır və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən akkreditə edilmiş 4 laboratoriyada hər süd qəbulu zamanı əldə edilən məhsulun ətraflı kimyəvi və bioloji təhlili həyata keçirilir. Zavodda süd məhsullarının istehsalı zamanı Extended Shelf Life (ESL) adlı yeni emal texnologiyası istifadə olunur. Bu texnologiyadan ABŞ, Avropa və digər bütün qabaqcıl süd fabrikləri istifadə edir. Azərbaycanda isə o ilk dəfə tətbiq olunur. Bu texnologiyanın əsas üstünlükləri ondan ibarətdir ki, sterilləşdirilmiş süddən fərqli olaraq, “Atena” zavodunun istehsal etdiyi süd özündə təzə südün bütün faydalı xassələrini saxlayır.

Südün toplanma anından rəflərə yerləşdirildiyi ana qədər bütün süd məhsulları 100 növ təhlildən keçir ki, bu təhlillərin 98-i südün üzərində aparılır. Zavodun işçilərinə hər gün fabrikdə təchiz olunmuş xüsusi duşlarda çimmək tapşırılır, xüsusi geyim hər gün dəyişdirilir, işçilərin əlləri və ayaqqabıları isə xüsusi dezinfeksiyaedici vasitələrlə təmizlənir. Hətta hava, zavoda girməzdən əvvəl damdakı (4 səviyyəli) xüsusi filtrdən (süzücüdən, süzgəcdən) keçir. Hər binanın öz fərdi filtri var. Xüsusi təzyiq sistemi sayəsində, “yoxlanılmamış” hava qapı açıldıqda belə içər keçə bilmir.
Bütün istehsalat prosesinin avtomatlaşdırılması və bir insan tərəfindən idarə olunması təqdirəlayiqdir”.

Çeşidlər

E. Rəsulov “Atena” süd zavodunda istehsal olunan çeşidlərdən də söz açıb. Qeyd edib ki, burada süd, ayran, qatıq, pendir, homogenləşdirilmiş (qaymağı içində) qatıq kimi bir sıra ekoloji cəhətdən təmiz məhsullar istehsal edir. Yaxın zamanlarda istehsalçılar xama, kəsmik, kərə yağı, yoqurtlar, “brınza”, “holland”, “mosarella”, əridilmiş pendir kimi müxtəlif pendir növləri istehsal etməyi planlaşdırırlar: ““Atena” süd zavodunun məhsullarının əsas üstünlüyü ondadır ki, onlar təbii, ekoloji cəhətdən təmiz xammaldan hazırlanır. Proses zamanı heç bir konservantlardan, aşqarlardan və əlavə qatqılardan istifadə olunmur. Bundan əlavə, istehsalat zamanı bir neçə təmizləmə mərhələsindən keçmiş tamamilə təmiz sudan istifadə edilir. “Atena” süd zavodunun fəaliyyəti İSO 22000 (menecment və gigiyena üzrə beynəlxalq standart) və BRC (British Retail Council) standartlarına tam cavab verir” – deyə E. Rəsulov əlavə edib.

Yaxın gələcək üçün planlar

Səfər zamanı istehsalçılardan onu da öyrəndik ki, cari ilin sonunadək kənd təsərrüfatına dəstək dövlət proqramı sayəsində “Atena” süd zavodu, zavodu yüksək keyfiyyətli südlə təmin etmək üçün 3000 baş mal-qaralıq özəl ferma açmağı planlaşdırır. “Atena” süd zavodunun işinə hal-hazırda 18 kənddən 1000 fermer cəlb olunub, zavod 80-150 arası insanı iş yeri ilə təmin edir. Zavod 3 növbədə işləyərək sutka ərzində 400 ton süd istehsal edir. “Danone” şirkətinin mütəxəssisləri ilə daim məsləhətləşən “Atena” süd zavodunda, növbəti aylarda “Danone” məhsulları da istehsal ediləcək.

“Atena” süd zavodu Azərbaycanda sahibkarlığın inkişafına dövlət dəstəyinin açıq-aşkar sübutudur. “Atena” süd zavodunun açılışında iştirak edən prezident İlham Əliyev də qeyd edib ki, bura çox gözəl, böyük süd kompleksidir: “Azərbaycanda son illər ərzində qeyri-neft sektorunda yaradılmış müəssisələrin sırasında bu kompleksin öz yeri var. Mən çox şadam ki, Azərbaycanda özəl sektor inkişaf edir. Bu kompleks bölgədə, nəinki Cənubi Qafqazda, qonşu ölkələrdə tikilmiş komplekslərin arasında həm müasirliyi, həm də istehsal gücü ilə fərqlənir. Mən çox şadam ki, Azərbaycanda məhz müasir sənaye müəssisələri yaradılır”.

Qeyd edək ki, 40 mln. manata başa gələn “Atena”nın ümumi sahəsi 220 000 kv/m, üstü bağlı sahəsi isə 14 000 kv/m-dir. 21 kənddə isə süd alma məntəqəsi fəaliyyət göstərir. Burada 100-yaxın işçi çalışır ki, onlardan 14-ü Türkiyə vətəndaşıdır. Zavodun yaxınlığında tikilən ikimərtəbəli, müasir şəraiti olan mənzillər də həmin vətəndaşlar üçün nəzərdə tutulub. Digər işçilər isə yerli sakinlərdir. E. Rəsulov onu da bildirdi ki, türk işçilər müqavilə əsasında zavodda işləyirlər. Lakin onların hər birinin yanında yerli mütəxəssislərimiz də çalışırlar və zavodda qurulan müasir texnologiyaların sirlərini onlara da öyrədirik ki, öz mütəxəssislərimiz yetişsin.

Sonda onu da demək yerinə düşərdi ki, səfər nəticəsində belə qənaətə gəldik ki, “Atena” süd zavodunun “canlı”, ekoloji cəhətdən təmiz məhsulları, südün ən yüksək səviyyədə emalı, istehsalın hər bir mərhələsində daimi laborator nəzarəti deməkdir.

Nigar Məmmədli