Azərbaycanda turizm şousu - Araşdırma

azerbaycanda-turizm-sousu-arasdirma
Oxunma sayı: 757

Ölkəmizin “Eurovision-2011”-dəki qələbəsi də bu xaosda pay alıb, turizmin inkişafını sürətləndirmək üçün türklər demiş, daha hızlı tədbirlərə start verilib. Gələn il ölkəyə gələcəyi gözlənilən turistlərin sayından tutmuş, turizmdən götürülə biləcək qazanca qədər müxtəlif göstəricilər üzrə rəqəmlər səslənir, proqnozlar verilir. Ən çox müzakirə oluna(sı)n məqam isə təbii ki, yarışmanın keçiriləcəyi məkandır. Kimisi tikilməkdə olan Heydər Əliyev Mərkəzini nişan verir, kimisi Dövlət Bayrağı Meydanında yeni arenanın tikiləcəyini deyir, kimisi də Masazırda təmtəraqla təməli qoyulan stadionun eyni məqsədlə inşa edildiyini söyləyir. Rəsmilər isə hər zaman olduğu kimi susur. Hər halda müsabiqəyə, daha dəqiqi desək, özünü dünyaya təqdim etmək, barəsindəki mənfi imici az da olsa yumuşaltmaq üçün Azərbaycanın əlinə düşən qızıl şansa bir ildən də az bir müddət qalır. Deməli, hökumət səxavətini əsirgəməyəcək. Bu şansdan yararlanmaq üçün nə qədər lazımdır vəsait xərclənəcək. Vəsait demişkən, neftimizin sağlığına bu sarıdan heç də korluq çəkmirik. “Eurovision” yarışması və s. bu kimi beynəlxalq əhəmiyyətli tədbirlər, layihələr prizmasından baxdıqda buna şükür oxunmalıdır, lakin ölkə insanının güzəranı və o vəsaitləri qazandıran neftin gətirdiyi bəlaların prizmasından baxdıqda şükürlük halımızın olmadığı hamıya məlumdur. Məhz neft gəlirlərinin bəlasıdır ki, Azərbaycanda həyata keçirilən tək bir layihədə belə şəffaflıq, keyfiyyət yoxdur. Bir də təbii ki, səriştəsiz, korrupsioner məmurlar...

Turizm sahəsində reallaşdırılacaq layihələrin də bu sırada üstünlük təşkil edəcəyi şübhəsizdir. Hələ üstəlik, bunun təməli qoyulub. Götürək Bakıda tikilən otellərin sayı ilə bağlı statistikanı. “Turizm ili”nin tam yarısı arxada arxada qalıb, amma hələ də dəqiq bilmək olmur ki, Bakıda neçə yeni otel tikilir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir rəqəm deyir, ölkə başçısı bir rəqəm söyləyir, digər məmurlar başqa bir say səsləndirir, rəsmi və qeyri-rəsmi mətbuatın yazdığı rəqəmlər də müxtəlifdir. 4, 5, 6 rəqəmləri söhbət mövzusudur. Əslində nə baş verir? Bakıda neçə yeni otel tikilir? Təbii ki, yeni otel dedikdə söhbət beşulduzlu dünya şöhrətli brendlərdən gedir. Məsələ ondadır ki, paytaxtda 5 dünya şöhrətli otelin təmsilçiliyi açılır. Bura “Hilton”, “Shearaton”, “Marriott İnternational”, “Fortsizn”, “Kempinskiy” kimi adlı-sanlı brendlər daxildir. Yuxarıda da qeyd etdiyimiz kimi, ölkə başçısı son zamanlar çıxışlarında 6 oteldən söhbət açır.

“Venue” nəyi (kimi) gözləyir?

Bəs 6-cı otel hansıdır? Sual ətrafında apardığımız araşdırmalar ortaya olduqca maraqlı bir faktı çıxarıb. Məlum olur ki, haqqında söhbət gedən otel Bilgəh qəsəbəsində inşa olunan “Venue Bilgah Hotel”dir ki, bu obyekt Dubayın dünya şöhrətli lüks otel şirkəti, “Dubay Holding”in üzvü olan “Jumeirah Group” və Azərbaycanın “Azinco Holding” şirkəti arasında imzalanan müqavilə əsasında idarə olunacaq. Bu otel haqda xüsusi vurğulamağımız səbəbsiz deyil. Məsələ ondadır ki, Xəzər dənizi sahilində yerləşəcək və yeni müasir üslubda inşa olunacaq otelin açılış mərasimi 2010-cu ilin sonlarına reallaşdırılmalı imiş. Lakin müəyyən səbəblər üzündən mərasim 2011-ci ilə keçib və sonradan ilin “Turizm ili” elan olunması ilə əlaqədar olaraq ləngidilib. Bu mehmanxana Dubay şəhərində yerləşən “Jumeirah Beach” otelinin oxşar stilini əks etdirən dalğavari şəkildə inşa edilib. Otel dənizə görünüşlü 176 nömrədən, günboyu fəaliyyət göstərməklə, axırıncı mərtəbədə fəaliyyət göstərəcək restoran və barlardan, ənənəvi türk və fin hamamları ilə təchiz olunmuş 300 kv. metrlik SPA mərkəzindən, qapalı və açıq üzgüçülük hovuzlarından və 1500 kv. metrlik konfrans mərkəzindən ibarətdir. Otel kompleksinə 14 villa da daxil olacaq. Bütün bunlar təbii ki, ilk baxışdan sevindiricidir. Lakin pərdəarxası məqamları, məsələn, müqavilənin Azərbaycan tərəfdən iştirakçısı olan “Azinco Holding”in qaranlıq tarixi sevincin üzərinə kölgə salır. Bu, həmin “Azinco”dur ki, Dövlət Bayrağı Meydanını inşa edib və bu layihə ilə bağlı ortada heç də ürəkaçan nəticə yoxdur.

Gələcəyimizi turizmə etibar edə bilərik, amma...

Mütəxəssislər hesablayıblar ki, turizm sahəsi Azərbaycana neftdən daha çox gəlir gətirə bilər. Hətta tədqiqatlar göstərir ki, gələcəkdə ölkəmiz bu sahədən il ərzində 30-40 milyard manat qazanc götürə bilər. Enerji ehtiyatlarımızın getdikcə azaldığını nəzərə alsaq, bu sahənin inkişafı daha əhəmiyyətlidir. Lakin təəssüflə qeyd etməliyik ki, Azərbaycanda bu əhəmiyyəti yalnız müstəqil ekspertlər anlayır, rəsmilər bu anlayışdan uzaqdırlar. Elə olmasaydı, uzun illər imkan olmasına baxmayaraq, indiki halda turizm yalnız Qəbələ, Quba və Nabranda yekunlaşmazdı.

Turizm potensialı iqtisadiyyatının əsasını bu sahə təşkil edən ölkələr qədər yüksək olan bir ölkədə 2010-cu il ərzində mehmanxana xidmətlərinin göstərilməsi üçün cəmi 21 hüquqi və fiziki şəxsə lisenziya verilib. Hazırda Azərbaycanda 295 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Ötən il 16 mehmanxana və mehmanxana tipli obyekt dövlət qeydiyyatından keçib ki, bu da belə obyektlərin sayını 77-yə çatdırıb.
Bu məqamlara rəğmən, Azərbaycanda turizmin bütün növlərinin inkişafı üçün münbit şərait və yüksək imkanlar mövcuddur. Lakin təəssüflə qeyd etməliyik ki, bu imkanların heç yarısından da istifadə olunmur. Bunun da səbəbləri müxtəlifdir. Birincisi, ölkənin təbliğatı lazımi səviyyədə qurulmayıb. İkincisi isə turizmin inkişafı üçün normal şərait yoxdur.

Müstəqil araşdırmaların nəticəsi göstərir ki, müxtəlif dövlət orqanlarının turizm obyektlərində apardığı əsassız yoxlamalar nəticəsində qiymətlər 25-30 faiz qalxır. Turizm obyektlərinin qiymətlərinin baha olmasının birinci səbəbi də elə budur. Bu yaxınlarda Gürcüstanın iqtisadi inkişaf nazirinin müavini Bakıda açıqlama verdi ki, onun ölkəsində ayrı-ayrı turizm zonalarında investisiya qoyub turizm obyekti tikən hər bir investor 15 il müddətinə bütün vergilərdən azad olunur. Sahibkarlar hətta kommunal ödənişlərdən də azaddır. Azərbaycanda isə sahibkarlıq subyektlərinə bu cür şəraitin yaradılması dalana dirənib. Əgər yaxın vaxtlarda Azərbayca turizm obyektlərinə bu cür güzəştlər tətbiq etməsə, qonşu ölkələrə rəqabətdə uduzacaq. Dünya Turizm Təşkilatının hesablamalarına görə, turizm yaxın 15 ildə dünya iqtisadiyatının aparıcı sahəsinə çevriləcək. Azərbaycanda da bu sahəni aparıcı etmək olar. Unutmaq olmaz ki, artıq ölkəmiz rəqabət mühitində yaşayır. Qərbdə Gürcüstan, cənubda İran, şimalda Rusiya və şərqdə də həm Qazaxıstan Xəzər sahilində Kenderli azad iqtisadi turist zonası yaradıb, həm də Türkmənistan Avaza azad iqtisadi turist zonası yaradıb. Şimalda Həştərxana axın getdikcə artır. Demək turizm üzrə məsul olan dövlət qurumlarının, ictimai təşkilatların, turizm müəssisələrinin üzərinə böüyk yük düşür. Bu yük ölkəyə gələ biləcək və ölkə daxilində turizmdə maraqlı olan insanların qaçıb getməyinin qarşısını almaq və öz turist ərazilərimizə cəlb etməkdir. Azərbaycan vətəndaşları külli miqdarda vəsaiti başqa ölkələrin iqtisadiyyatına yox, Azərbaycan iqtisadiyyatına qoymalıdır. Azərbaycanın bölgələrin turizmi mövsümi xarakterli yox, daimi etmək imkanı, potensialı var.
Bir sözlə, mövcud maneələr aradan qaldırılsa, dünyada cərəyan edən turizmin inkişafının son illər güclənməsi prosesi bizə də öz təsirini göstərər. Azərbaycan üçün bu, çox önəmlidir və yanacaq-energetika sahəsinin inkişafı ilə yanaşı, qeyri-neft sektorun inkişafına da diqqət yetirməlidir. Turizm sahəsi qeyri-neft sektorunda aparıcı bir qüvvəyə çevrilə bilər. Amma ilk öncə bu sahədə hər hansı bir nəticə əldə edə bilmək üçün köklü dəyişikliklər aparılmalıdır. Zahiri görünüşlə rəqabət aparan hotellərin tikintisi, bölgələrdə 5 ulduzlu mehmanxanaların istifadəyə verilməsi təbii ki, hələ turizmin inkişafı demək deyil.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin ekspert qrupu