Azərbaycanda vaxt geriyə işlədi

azerbaycanda-vaxt-geriye-isledi
Oxunma sayı: 762

1981-ci ildən dünyanın 76 ölkəsində yay vaxtından istifadə edilir, hər il saatlar irəli çəkilir. Yay vaxtının müasir sistemini 1895-ci ildə Yeni Zelandiya entomoloqu C.V.Hadson təklif edib. İngiltərədə ilk dəfə isə saatlar 1908-ci ildə çəkilib. Azərbaycanın daxil olduğu Rusiya İmperiyasında isə ilk dəfə "yay vaxtına" keçid 1917-ci il iyulun 1-də Müvəqqəti Hökumət tərəfindən tətbiq edilib. Həmin il dekabrın 27-də isə yenidən qış vaxtına dönülüb. Sovet dövrünün ilk 10 ilində, yəni 1930-cu ilə qədər vəziyyətin necə olduğu qaranlıqdır. Amma 1930-cu ildə saatların əqrəbinin sabit saxlamı barədə sərəncəm verilib. Bu praktika SSRİ-də 1981-ci ilin aprel ayının 1-dən bərpa edilib və bu, 1991-ci ilə kimi davam edib. 1991-ci il fevralın 4-də SSRİ Nazirlər Kabinetinin xüsusi əmri ilə yay vaxtına keçid ləğv edilib, Müstəqil Azərbaycanda ilk dəfə 1995-ci ilin noyabrında “qış vaxtı”na keçid tətbiq edilib. Daha sonra Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli qərarına əsasən, respublika ərazisində hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçid tətbiq edilməyə başlayıb. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi gerçəkləşdirir.

Lakin bu prosesin baş vermədiyi ölkələr də var. Bir çox elmi-tədqiqatlar yay vaxtina keçidin insan sağlamlığına mənfi təsir etdiyini nümayiş etdirir. Rusiyada aparılan araşdırmalara və statistikaya əsasən, yay vaxtına keçidin ilk beş günündə, infarkt səbəbindən ölüm halları 75 faiz, digər səbəblərdən ölüm halları 12 faiz artır. Aparılan sorğunun nəticələrinə əsasən müəyyən olunub ki, saat əqrəblərinin çəkilməsi daha çox uşaqlara və xəstələrə mənfi təsir göstərir. Rusiyanın Tibb Elmləri Akademiyasının alimlərinin apardığı elmi araşdırmaya əsasən, qışdan sonra insanın orqanizmi zəifləyir, ona görə də saatlara müdaxilə edilməsi, onların irəli-geri çəkilməsi məsləhət görülmür. Alimlərin fikrincə, bu zaman daha çox xroniki xəstəlikləri olan insanlar əziyyət çəkir. Keçid dövrü - yəni yay və qış vaxtına keçilməsi insan səhhətinə mənfi təsir göstərir. Statistikaya əsasən, saat əqrəblərinin çəkilməsi aşağıdakı hallara səbəb olur: infarktların sayı 1,5 dəfə, intiharların sayı 0,66% artır; təcili yardıma müraciətlər çoxalır.

Tövsiyyə: Mütəxəssislərin sözlərinə görə, saat çəkiləndən sonra insan orqanizminin ona uyğunlaşması 2 həftəyə yaxın vaxt alır. Bu müddət ərzində həm evdə, həm də işdə fiziki və mənəvi yükü azaltmağa çalışmaq lazımdır. Əgər imkan varsa, ağır olan işləri təxirə salın. Orqanizmə daha çox yatmağa imkan verir. Əvvəlki vaxtla yatmağa, yeni vaxtla isə yuxudan durmağa çalışın. Yuxu vaxtını ən azı 1 saat artırın. Nəhayət ən önəmli amillərdən biri olan qidaya diqqət edilməlidir. Daha çox vitamin, xüsusilə C vitamini qəbul etməyə çalışın.