Azərbaycanda yeni telekanal açılır

azerbaycanda-yeni-telekanal-acilir
Oxunma sayı: 658

Azərbaycan diasporunun yeni televiziya kanalının açılması planlaşdırılır. Azərbaycan dilinin inkişafına dair dövlət proqramını hazırlayan işçi qrupundan cümə günü Trend-ə bildirilib ki, yeni televiziyanın açılması "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair" Dövlət Proqramının tədbirlər planında öz əksini tapıb.
Yeni televiziya kanalına dünyanın hər bir ölkəsindən baxış imkanının yaradılması planlaşdırılır.

"Beləliklə, xaricdə yaşayan bütün həmvətənlərimiz Azərbaycan haqqında bir televiziya kanalından məlumat ala biləcək, məskunlaşdığı yerdən asılı olmayaraq, digər ölkələrdəki həmvətənlərimiz barədə, onların fəaliyyətindən xəbərdar olacaqlar", - işçi qrupundan bildirilib.

Bu məsələ dövlət proqramının digər bəndi - Azərbaycan dövlətinin xarici siyasətində dillə bağlı mənafenin qorunmasının reallaşdırılmasına da təkan verəcək.

Eyni zamanda, xaricdə, azərbaycanlıların daha çox məskunlaşdığı yerlərdə Azərbaycan məktəblərinin açılması da tədbirlər planına salınıb.

İşçi qrupu dövlət proqramına, həmçinin Azərbaycandan ölkə xaricinə yayımlanan verilişlərin məzmunu və istiqamətinin dəyişdirilməsi, onların keyfiyyətinin yaxşılaşdırılması, televiziya ilə yayımlanan dərslərin təşkil olunmasını təklif edib.

Qeyd edək ki, Prezident İlham Əliyev 2012-ci il mayın 23-də "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" haqqında sərəncam imzalayıb. Dövlət proqramını hazırlayan işçi qrupu artıq tədbirlər planını yekunlaşdıraraq onu mütəxəssislərə göndərib.