Azərbaycanda yenilik

azerbaycanda-yenilik
Oxunma sayı: 644

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu elektron xidmətlər nazirlik tərəfindən qanunvericiliyə müvafiq olaraq ümumilikdə 11 fəaliyyət növünə (telekommunikasiya və poçt xidmətləri, biometrik texnologiyaların yaradılması, fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və s.) lisenziyanın, habelə nömrə resurslarının ayrılması, təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin ölkədə yayılmasına, ixrac nəzarətinə düşən mallar üzrə və müəyyən əşyaların dövriyyəsinə xüsusi icazələr verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsini nəzərdə tutur.

Hüquqi və fizik şəxslər nazirliyin www.mincom.gov.az internet saytının “Elektron xidmətlər” bölməsinə və ya www.e-gov.az e-hökumət portalına daxil olaraq müvafiq fəaliyyət növünü seçir və həmin fəaliyyət növünə uyğun olaraq açılan müraciət formasına elektron imzaları ilə təsdiq etdikləri ərizələri və müvafiq sənədlərin skan olunmuş surətlərini əlavə edərək göndərirlər. Bundan sonra onların e-poçtlarına müraciətlərinin statusu, təqdim edilmiş sənədlərdəki çatışmazlıqlar, qəbul edilən qərarlar və s. barədə bildiriş göndərilir. Bu elektron xidmətlərlə inzibati prosedurlar elektron formada həyata keçirilir və yalnız yekunda qanunvericiliyə uyğun olaraq lisenziyalar və icazələr fiziki şəxslərə şəxsən, hüquqi şəxslərin isə səlahiyyətli nümayəndəsinə imza etdirilməklə verilir. Fərmanın tələblərindən irəli xidmətlərin göstərilməsi zamanı bəzi zəruri sənədlər müraciət edən şəxslərdən istənilmir və həmin sənədlər barədə məlumat elektron sorğular əsasında aidiyyəti dövlət orqanlarının informasiya ehtiyatından əldə edilir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq göstərilən xidmətlərin elektron formada təşkili istiqamətində zəruri tədbirlər davam etdirilir və yaxın zamanda telekommunikasiya vasitələri və qurğularına uyğunluq sertifikatının verilməsi və radiorabitə vasitələrinin qeydiyyatı ilə bağlı yeni elektron xidmətlər istifadəyə veriləcək.

Nigar Məmmədli