Azərbaycanda yol faciələri - Araşdırma

azerbaycanda-yol-facieleri-arasdirma
Oxunma sayı: 805

Son vaxtlar ölkənin yollarındakı qəzalarda bir gün ərzində həyatını itirənlərin sayı bəzən 10-u aşmaqdadır. Bu həqiqi fəlakətin, yollarımızın ölüm dərəsinə çevrilməsinin səbəbləri çoxdur: təhlükəli yollar, nəqliyyat sıxlığı, sürücü mədəniyyətsizliyi, piyada etinasızlığı və s. Kiçik bir yazıda həmin səbəblərin hamısına toxunmaq mümkünsüzdür. Bu yazıda yol-nəqliyyat hadisələrinin səbəblərindən daha çox rast gəlinən və ən ağır nəticələrə səbəb olan biri – sürət rejimini pozma barədə fikirlərimi bildirmək istərdim.

Rəsmi orqanların da mütəmadi olaraq vurğuladığı kimi, sürət həddini aşma qəzaların səbəbləri sırasında «fəxri» birinci yeri tutmaqda davam edir. DİN Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına əsasən, ölkədə baş verən yol-nəqliyyat hadisələrinin 40-50%-nin səbəbi sürət həddini aşmadır. Özü də sürət rejimini pozma ən ağır (insan ölümü ilə nəticələnən) qəzaların, bəlkə də, 90 %-dən çoxunun səbəbini təşkil edir.

İlk baxışdan hər şey sadədir: sürücü basır qaza, təhlükəli sürət həddində olan avtomobillə zəruri manevri edə bilmir və faciəli qəza baş verir. Lakin cavabı axtarılmalı olan əsas sual budur: sürət həddini niyə pozuruq?

Təkcə sürət həddini pozmanın yox, ümumiyyətlə, yollarımızdakı acınacaqlı durumun günahkarı qismində iki ünvanı göstərmək lazımdır: 1) yol hərəkətinin təhlükəsizliyini təmin etməli olan və buna nəzarət etməli olan dövlət orqanları; 2) sürücülər və başqa hərəkət iştirakçıları. Özü də nədənsə əlinə fürsət düşən hər kəs ikincilərin qabırğasına o ki var döşəsə də, günahkar qismində birincilərin adını da çəkən yoxdur. Axı hələ antik dövrün filosoflarından biri deyirdi ki, əgər Nil çayının sahilində timsah bir quzunu parçalayırsa, bunun günahkarı Misir fironudur. Müasir anlamına çevirsək, bu o deməkdir ki, cəmiyyətdə mövcud olan ictimai məzmunlu bütün çatışmazlıqların bir nömrəli təqsirkarı dövlətdir. Yol hərəkətinin təhlükəsizliyini təmin etməli və buna nəzarət etməli olan dövlət orqanlarının yollardakı faciələrdəki günahını təkcə bu ümumi məntiqi yanaşmayla yox, konkret faktlarla əsaslandırmaq istəyirəm.

Haşiyə çıxaraq bildirmək istərdim ki, ölkəmizdəki səviyyədə, hətta bundan da pis qəzalılıq dərəcəsi 1970-ci illərdə Qərbi Avropa ölkələrində mövcud olmuşdur. Onlar çox sadə üsulla və qısa müddət ərzində normal hərəkət təhlükəsizliyinə nail olmuşlar. Bu məqsədlə sadəcə olaraq bütün yollarda hazırda da qüvvədə olan, elmi cəhətdən əsaslandırılmış sürət məhdudiyyəti tətbiq olunmuş (xatırladıram ki, 70-ci illərədək dünyada avtomobil yollarında sürət məhdudiyyəti olmamışdır), sərxoş vəziyyətdə avtomobil idarə etmək qadağan olunmuş, təbliğat və maarifləndirmə nəticəsində bu məhdudiyyətlərin zəruriliyinə sürücülərdə inam yaradılmış və hərəkət mədəniyyəti formalaşmışdır.

Hərəkət təhlükəsizliyinin təmini işi ölkənin iki rəsmi qurumuna həvalə olunmuşdur: Nəqliyyat Nazirliyinin müvafiq qurumlarına və DİN Dövlət Yol Polisinə. Bu qurumlardan birincisi yolların tikintisi və lazımi qaydada saxlanılmasından tutmuş yol nişanlarını quraşdırmağa qədər geniş işə görə məsuldur. Lakin onun fəaliyyətinə nəzər yetirdikdə belə qənaət hasil olur ki, hərəkət təhlükəsizliyinin təmini bu qurumun rəhbər tutduğu prinsiplər sırasında nəinki birincidir, bəlkə də həmin sırada belə bir şey yoxdur. Sadə misallar. Ölkənin bəzi yollarında «Maksimal sürətin məhdudlaşdırılması» nişanı ilə 120 km/saat sürət rejimi müəyyən edilmişdir. Nəqliyyat Nazirliyinin rəsmiləri belə vəziyyəti guya ki, normal hesab edərək, hətta gələcəkdə həmin yollardan sürət məhdudiyyətinin götürüləcəyi fikirlərini də səsləndirirlər. Amma unudurlar ki, yollarda sürət rejimini və ümumiyyətlə, yol hərəkəti qaydalarını «Yol hərəkəti haqqında» Konvensiya və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunu tənzimləyir. Həmin Qanunun 50-ci maddəsi ölkədə avtomagistral kateqoriyalı yollarda maksimal sürəti 110 km/saat müəyyən edir və hər hansı bir üsulla, hər hansı bir şəxs və ya qurum tərəfindən bundan yuxarı sürət həddinin müəyyən edilməsini nəzərdə tutmur. Həm də belə qanunazidd sürət rejiminin tətbiq edildiyi yollar, ümumiyyətlə, avtomagistral hesab edilməyə layiq deyil, çünki bu kateqoriyalı yol üçün nəzərdə tutulan nəinki beynəlxalq, hətta milli standartlara da cavab vermir. Şübhəsi olanlar Nazirlər Kabinetinin 7 fevral 2000-ci il tarixli, 16 saylı Qərarına baxsınlar. Orada deyilir ki, avtomagistral hesab edilən 1a kateqoriyalı yolda hərəkət zolaqlarının minimal eni 3,75 metr, qarşı hərəkət hissələrini ayıran ayırıcı zolağın minimal eni 6 metr olmalı, 3,75 metr enində yol çiyni olmalıdır (həmin yollarda yol çiyni adlı element yerli-dibli yoxdur) və s. Həmin yolları diqqətlə nəzərdən keçirdikdə onların ayrı-ayrı sahələrinin bu tələblərə uyğun olmadığını görmək olar.

Məndə olan məlumata görə belə «bərkgedən» sürət rejimini tətbiq etməkdə məqsəd yolların buraxıcılıq qabiliyyətini artırmaqdır. Lakin bu çox məntiqsiz yanaşmadır, çünki magistral xarakterli yollarda sürət həddini artırmaq hesabına yolun buraxıcılığını yüksəltmək olduqca təhlükəlidir, həm də mümkünsüzdür: onsuz da hərəkət intensivliyi yüksək olan yolda yüksək sürətlə hərəkət mümkün deyil. Belə üsul iri meqapolislərin tıxaclar səbəbindən «avtodayanacağa» çevrilən küçələrində normal hərəkəti təmin etmək üçün, özü də yolayrıclarını keçmə növbəliliyinin optimal variantlarını tətbiq etmək və başqa bu kimi vasitələrlə əldə olunur. Bunun da nəticəsində, məsələn, bəzi küçələrdə heç olmasa 40 km/saat real sürət təmin olunur.

Beləliklə, yollarda sürət rejiminin tətbiqi ilə bağlı hazırkı durumu sürücüləri sürət rejimini pozmağa təhrik edən vəziyyət hesab etmək olar. Çünki əksəriyyəti yüksək sürətin nə demək olduğunu dərk etməyən sürücülər həmin nişanları görərək çox həvəslə qaza basırlar.

Ümumiyyətlə, yollarımızda nişanların və nişanlanma xətlərinin tətbiqi vəziyyəti çox acınacaqlıdır. Bu işə məsul olan şəxslərin məsuliyyətsizliyi o həddə çatmışdır ki, hətta dövlət başçısının qırmızı lentini şəxsən kəsdiyi bəzi yeraltı və ya yerüstü piyada keçidinə də müvafiq nişanın qoyulmasını unudurlar.

Yuxarıda adını çəkdiyim ikinci qurumun – DYP-nin əsas səlahiyyətləri isə nəzarət xarakteri daşıyır. Özü də DYP-yə həm yol hərəkətini təşkil etməli olan qurumların fəaliyyətinə, həm də hərəkət iştirakçılarının (sürücülərin, piyadaların və s.) yollardakı davranışına nəzarət həvalə edilmişdir. Lakin bu orqan hərəkət iştirakçılarına bir təhər nəzarət etsə də, Nəqliyyat Nazirliyinə aid qurumların fəaliyyətini nədənsə unutmuşdur. Əks təqdirdə yuxarıda göstərdiyimiz qüsurları görməzdik. Axı həmin qüsurları aşkar etmək və onların dərhal aradan qaldırılmasına nail olmaq DYP-nin birbaşa borcudur.

Obyektivlik naminə demək lazımdır ki, yollarda intizamın təmini üçün DYP nə isə etməyə çalışır. Lakin hələ də özünü bütün ictimai qaydaların fövqündə tutan sürücülərin olması, belələrinin müxtəlif üsullarla məsuliyyətdən kənarda qala bilməsi DYP-nin fəaliyyətinin qüsuru sayılmalıdır. Tək bircə nəfər ədəbsiz sürücünün yolda «at oynatması» onun keçdiyi bütün yol boyu qalan sürücülərin də əksəriyyətini qıcıqlandırır, onları kütləvi qayda pozuntularına təhrik edir. Belələrini yollardan yığışdırmaq DYP üçün sadəcə vəzifə yox, həm də şərəf məsələsi olmalıdır.

Yollarda sürət rejiminin pozulması baxımından təhlükəli perspektiv vəd edən başqa bir məqama da toxunmağı zəruri hesab edirəm. Bu yaxınlarda «Yol hərəkəti haqqında» Qanuna edilmiş dəyişiklikdə imperativ olaraq göstərilir ki, yollarda hərəkət sürətini ölçmək üçün radarlar qoyulursa, mütləq onlardan əvvəl məlumat lövhəsi və ya sürət məhdudiyyəti nişanı qoyulmalıdır. İlk baxışdan bu, yaxşı ideya kimi görünür: sürücü qabaqcadan biləcək ki, onun sürətini ölçürlər. Lakin bunun altında çox ciddi təhlükə gizlənmişdir və artıq mənə həm DYP-dən, həm də sürücülərdən gələn məlumat bu təhlükəni göstərməkdədir. Həmin qaydadan belə bir məntiqi nəticə çıxır ki, müvafiq məlumatverici nişan olmayan yerdə heç kəs hərəkət sürətini ölçə bilməz, ölçsə də, bu, qanunsuz olacaqdır. Deməli, müvafiq nişanı qarşısında görməyən sürücü tam arxayınlıqla istədiyi sürətlə gedə bilər. Bunun tamamilə məntiqsiz və təhlükəli olduğu göz qabağındadır. Həmin düzəliş bu ilin may ayının əvvəllərindən qüvvəyə minmişdir. Əminliklə bildirirəm ki, son iki ayda yollarda qəzaların artmasında bu düzəlişin önəmli «payı» var.

Nəhayət, yollarımızı ölüm dərəsinə çevirən personajların əsas hissəsini təşkil edən sürücülər barəsində də bir neçə kəlmə demək istəyirəm. Apardığım araşdırma və müşahidələr nəticəsində belə qənaətə gəlmişəm ki, sürücülərimizin əksəriyyəti yollarda mövcud olan sürət məhdudiyyəti barədə məlumatlıdırlar. Lakin həmin məhdudiyyətin hansı zərurətdən doğduğu, bunun nəyə görə labüd olduğunu dərk edənlər çox azdır. Bəzi sürücülər hətta sürət məhdudiyyətinin onların cəzalandırılmasının mümkün olması üçün müəyyən edildiyi kimi bəsit və absurd düşüncəyə sahibdirlər. Bunları nəzərə alaraq yolda sürətin nə demək olduğu barədə bəzi fikirləri bildirmək istəyirəm.

Əvvəla, sürücülər unutmamalıdırlar ki, dünyanın heç bir normal dövlətində məhdudiyyətsiz sürət rejimi mövcud deyildir (bəziləri mənə irad tuta bilər ki, axı Almaniyanın avtomagistrallarında sürət məhdudiyyəti müəyyən edilməmişdir. Belə düşünənlərin nəzərinə çatdırıram ki, dünyada ilk dəfə avtomagistral şəbəkəsini yaratmış almanlar sadəcə tarixi ənənəni qoruyaraq avtomagistrallarda yuxarı sürət həddi nəzərdə tutmamışlar. Lakin elə həmin avtomagistralların cüzi təhlükə doğura bilən yerlərində, məsələn, azacıq döngələrdə, yaşayış məntəqələrinə yaxın yerlərdə, yolun kənarları pis görünən və başqa bu kimi sahələrdə sürət məhdudiyyəti tətbiq olunur. Bundan əlavə Almaniyada avtomagistrallar üçün “tövsiyə olunan sürət həddi” deyilən termin mövcuddur və qəza törətmiş şəxsin bu həddi aşdığı müəyyən edilərsə, həmin şəxs günahkar hesab edilir. Ona görə də almanlar həmin tövsiyə olunan həddi heç vaxt aşmırlar). Məsələn, dünyanın ən intizamlı insanlarının yaşadığı və 300-350 km/saat sürətlə hərəkət edən qatarların mövcud olduğu Yaponiyada avtomagistrallar üçün maksimal sürət həddi 100 km/saat müəyyən edilmişdir. Yapon alimləri əminliklə bildirirlər ki, bundan yuxarı sürət birmənalı olaraq təhlükəli və yolverilməzdir.

Yüksək sürətin doğura biləcəyi təhlükə barədə aparılan araşdırmalar və minlərlə qəza nəticəsində əldə olunan təcrübə göstərir ki, markasından, növündən, təzə və ya köhnə olmasından asılı olmayaraq 100-120 km/saat-dan yuxarı sürətlə hərəkət edən avtomobil idarəolunmazdır, çünki onun sürətini azaltmadan bu avtomobillə elementar manevrlərin edilməsi də real qəza təhlükəsi deməkdir. Başqa bir misal: 90 km/saat və ya daha yuxarı sürətlə hərəkət edən minik avtomobili piyadanı həmin sürətlə vurduqda onu nəinki öldürər, hətta parçalaya bilər.

Çoxları bilir ki, avtomobilin dayanma məsafəsi onun sürətinin kvadratı ilə mütənasibdir. Bu, o deməkdir ki, məsələn, 60 km/saat sürətlə hərəkət edən avtomobili dayandırmaq üçün 40 metr məsafə lazımdırsa, həmin avtomobilin sürəti 120 km/saat-a qalxdıqda onu dayandırmaq üçün artıq 160 metr məsafə lazımdır.

Yüksək sürət cibimizə də ziyandır. Məsələn, avtomobil 80 km/saat sürətlə getdiyi yolu 120 km/saat sürətlə getdikdə yanacaq sərfiyyatı təqribən 40-50% artır. Bu, həm də bütün bəşəriyyətin bəlası olan ekoloji problemlər doğurur. Çünki daha çox yanacaq yandırmaq ətraf mühiti daha çox çirkləndirmək deməkdir.

Bu kimi rəqəmlərlə oxucuları yormaq istəməyərək, tam əminliklə sürücülərin diqqətinə çatdırıram ki, ölkəmizin ərazisində 90 km/saat-dan yuxarı sürətlə təhlükəsiz hərəkətə imkan verən 1 km də yol yoxdur. Unutmayın ki, yolları təhlükəli edən başlıca səbəb elə biz özümüzük – hərəkət iştirakçılarıdır. Axı heç kimə təminat verilə bilməz ki, onun qarşısına ədəbsiz və məsuliyyətsiz sürücü, qayda nə olduğunu bilməyən piyada çıxmayacaq. Odur ki, yolların hamarlığı, sürdüyünüz avtomobilin rahatlığı və gücü, özünüzün sürücülük məharətiniz sizi aldatmasın. Yollarda sürət həddini heç vaxt aşmayın. İçinizdəki aqressiyanı, eqoizmi bir kənara atın, bir-birinizin ardınca səliqə ilə və səbirlə getməyə adət edin, unutmayın ki, bəşəriyyətin yarandığı vaxtdan bu günədək bütün zamanlarda insanların riayət etməli olduğu ən müqəddəs və vazkeçilməz qaydalar ictimai davranış qaydalarıdır. Yol hərəkəti qaydaları da həmin qaydaların mühüm tərkib hissəsidir. Odur ki, hərəkət qaydalarını heç vaxt və heç bir bəhanə ilə pozmayın.


Ərşad Hüseynov
hüquqşünas