Azərbaycandakı diplomatlar Müsavatda toplaşdı

azerbaycandaki-diplomatlar-musavatda-toplasdi
Oxunma sayı: 694

Bu dəqiqələrdə "Yeni Müsavat"ın müxbiri Etibar Seyidağanın Müsavat qərargahından verdiyi məlumata görə, artıq beynəlxalq təşkilatların Bakıda yerləşən nümayəndəliklərindən və bir sıra qüdrətli, demokratik dövlətlərin ölkəmizdəki səfirliklərinin təmsilçiləri görüş yerinə gəliblər.

Reportyorumuz İctimai Palatada görüşə gələnlərin sırasında ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankoreli, Norveç və Böyük Britaniya səfirlərini, ABŞ səfriliyinin siyasət məsələləri üzrə katibini və başqa diplomatları görüb. Onlar media təmsilçilərinə heç bir açıqlama verməyərək görüş keçiriləsi otağa gediblər.

E.Seyidağanın məlumatına görə, İctimai Palata tərəfdən diplomatlarla Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, İP-in Koordinasiya Şurasının üzvləri Mehriban Vəzir, Vidadi Mirkamal və Zəfər Quliyevin görüşürlər. Görüş qapalı keçirilir. Hansı mövzuların müzakirə olunduğu barədə açıqlama verilmir.

Əməkdaşımızın verdiyi başqa bir məlumata görə, mülki formalı polis işçiləri (Onlara Binəqədi RPİ-nin 5-ci bölməsinin cinayət axtarışı şöbəsinin rəisi rəhbərlik edir) Müsavat qərargahı ilə üzbəüzdə yerləşən avtomobil təmiri sexlərinin qarşısında dayanıb müşahidə aparır, diplomatları gətirən maşınların nömrələrini qeyd edirlər.

Xatırladaq ki, bugünkü görüşlə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Bin dünən mediaya bildirib ki, İctimai Palatada diplomatlarla keçiriləcək görüşdə səfir Metyu Brayza iştirak edə bilməyəcək və onu səfirliyin siyasət şöbəsinin nümayəndəsi təmsil edəcək.

Keçirilməsi nəzərdə tutulan görüşə iqtidar düşərgəsinin münasibət mənfidir.Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin üzvü Mübariz Qurbanlı SalamNews-a deyib ki, İctimai Palatanın iyunun 10-da keçiriləcək iclasında hər hansı xarici ölkə səfirliyinin nümayəndəsi iştirak edərsə, bu, səfirlik statusuna uyğun olmayan hərəkət kimi qiymətləndiriləcək.

M.Qurbanlı deyib: “Hesab edirəm ki, səfirliklərin bu kimi məsələlərə qarışması doğru deyil. Çünki Azərbaycanda İctimai Palata adlı qeydiyyatdan keçən rəsmi qurum mövcud deyll və ictimaiyyət tərəfindən mənfi imiclə qəbul olunur. Səfirlərin bu kimi qeyri-ciddi bir qurumla görüş keçirməsi onların imicinə xələl gətirir”.

Mübariz Qurbanlı ATƏT-in Bakı ofisinin vasitəçiliyi ilə bu ay müxalifət və iqtidar arasında nəzərdə tutulan dialoqun təşkili məsələsinə də münasibət bildirib: “Dialoq üçün qapımız açıqdır. Dialoq üçün hər hansı xarici təşkilatın maraqlanmasına ehtiyac yoxdur. Çünki Azərbaycan sabit inkişaf edir və cəmiyyətdə dialoq mühiti mövcuddur”.

musavat.com