Azərbaycandan Həccə gedən şəxslərlə bağlı məsələ Məkkədə müzakirə olunur

azerbaycandan-hecce-geden-sexslerle-bagli-mesele-mekkede-muzakire-olunur-
Oxunma sayı: 651

İdarədən “Qafqazinfo”ya daxil olan məlumata görə, bu məqsədlə nümayəndə heyəti Səudiyyə Ərəbistanı rəsmiləri ilə bir sıra görüşlər keçirmişdir. Aprelin 2-də Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə krallığı Həcc nazirinin Həcc məsələləri üzrə müavini Hatim Qadi ilə görüşmüşdür. Görüşdə ötən ilin Həcc mərasimləri ilə baglı yekunlardan danışılmış, Səudiyyə tərəfinin təşkilati hazırlığı, Azərbaycan Həcc missiyasının fəaliyyətindən razılıq ifadə olunmuş, habelə zəvvarlarımızın müqəddəs məkanlara builki müqəddəs Həcc səfərinin təşkili ilə əlaqədar məsələlər müzakirə edilmişdir.
Müzakirələrdə Azərbaycanlı zəvvarların bu ilki Həcc səfəri zamanı yerləşdirilmə məkanları, nəqliyyat vasitələri ilə təmin edilmə məsələsi, ziyarətlərini daha mükəmməl şəkildə həyata keçirə bilmələri ilə baglı digər məsələlər müzakirə edilmişdir. Növbəti Həcc mövsümünə dair Azərbaycan Həcc missiyasını həyata keçirən Qafqaz Müsəlmanları İdarəsi ilə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi arasında müvafiq protokol imzalanmışdır.
Aprelin 3-də QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətini Ciddə şəhərində Səudiyyə Ərəbistanının Həcc naziri doktor Bəndər bin Məhəmməd qəbul etmişdir. Şeyxülislam Allahşükür Paşazadə cənab nazirlə keçirdiyi ilk görüşdə onu yaxınlarda bu vəzifəyə təyinat alması münasibətilə təbrik etmiş, ölkələrimiz arasında mənəvi əlaqələrin genişləndirilməsi istiqamətində qarşıdakı fəaliyyətinə uğurlar diləmişdir. Şeyxülislam A.Paşazadə Azərbaycanın dövlət başçısının salamlarını və ən xoş arzularını kral həzrətlərinə yetirməyi səudiyyəli nazirdən rica etmişdir. Nazir Bəndər bin Məhəmməd, öz növbəsində, Şeyxülislam Allahşükür Paşazadədən Səudiyyə kralının salamlarını Azərbaycanın dövlət rəhbərinə çatdirmagı xahiş etmişdir.
Səfər çərçivəsində QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə mənzil-qərargahı Ciddədə yerləşən İslam Əməkdaşlıq Təşkilatının sədri Ekmələddin İhsanoğlu ilə görüşmüşdür. Səmimi qardaşlıq şəraitində keçən görüşdə Azərbaycanla İƏT arasında mövcud yüksək əməkdaşlıq əlaqələrindən, bu əlaqələrin daha da inkişaf etdirilməsi perspektivlərindən söhbət açılmışdır. QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Ekmələddin İhsanoğlunun Azərbaycana olan səmimi münasibətindən razılıqla bəhs etmiş, Xocalı soyqırımı ilə bağlı İƏT-nin ardıcıl və ədalətli mövqeyinə görə minnətdarlığını bildirmişdir.

Görüşlərdə Azərbaycanın Səudiyyə Ərəbistanındakı Fövqəladə və Səlahiyyətli səfiri Tofiq Abdullayev iştirak etmişdir. Səfər davam edir.