Azərbaycandan Həmədaniyə rəsmi cavab

azerbaycandan-hemedaniye-resmi-cavab
Oxunma sayı: 636

“Qafqazinfo”nun məlumatına görə, Ə.Zülfiqarov Ayətullah Nuri Həmədaninin Azərbaycanda dini durumla bağlı səsləndirdiyi fikirləri əsassız və qərəzli adlandırıb: “Bu şəxsin və onun kimilərin həqiqəti məqsədli şəkildə təhrif edərək, ölkəmizlə bağlı böhtanlar söyləməsi və dindarları dövlətə qarşı qoymaq cəhdləri ilk dəfə baş vermir. Buna görə də din xadimi adına yaraşmayan belə açıqlamaların altında hansı “niyyətlərin” yatdığı göz qabağındadır.

Bu sayaq yalan və böhtanlar bir daha göstərir ki, Azərbaycan dövlətinin dinlərarası münasibətlərdə tutduğu yol – dini etiqad azadlığının tam təmin olunması, tolerant prinsiplərin prioritetliyi, dinlərüstü və məzhəblərüstü siyasət yürütmək - totalitar düşüncə sahibi ayətullahları bərk narahat edir və pat vəziyyətindən çıxmaq üçün zaman-zaman azərbaycanlı dindarları dövlətə qarşı qoymağa cəhd göstərirlər. Görəsən, Həmədani və digər bu tipli ayətullahlar dini şəxsi məqsədlərinin alətinə çevirərək, obyektivlikdən uzaq formada Azərbaycan dövlətinin dindarlarla üz-üzə dayandığını iddia etməklə İslamda ən böyük günahlardan olan böhtana əl atdıqlarını niyə “unudurlar”? Yoxsa, bu “unutqanlıq” “ümumi məqsəd”dən irəli gəlir?”

O, bəyanatlarında “cihad”, “şəhadət” kimi sözlərdən istifadə etmələrini dini və siyasi səbatsızlıqlarının göstəricisi hesab edib: “Görünür, Azərbaycan üçün nəzərdə tutduqları “planların” iflasa uğraması din adından danışan bəzi şəxsləri xeyli qıcıqlandırıb. Hər kəs bilməli, birdəfəlik qəbul etməlidir ki, Azərbaycan müstəqil, dünyəvi dövlətdir və başqa ölkələrin dövlət-din münasibətləri sistemini buraya ixrac etmək fikrinə düşmək hərdəmxəyallıqdır”.

Xatırladaq ki, ayətullah Həmədani Azərbaycandan getmiş din xadimləri ilə görüşmüşdü. Görüşdə iranlı ayətullaha müsəlmanları birliyə və ayıq-sayıqlığa çağırıb. O, İslamda şəhidliyi və cihadın mühümlüyünü də ön plana çıxarıb. Ayətullah Azərbaycan prezidentinə müraciətlə bildirib ki, insanları məyus edən sistem məğlubiyyətə məhkumdur. O, İslam aləminin missiyasının mühümlüyü haqda danışıb və deyib ki, belələri həmişə insanların sığınacaq yeri olublar.