Azərbaycandan “Human Rights Watch”a etiraz – Rəsmi

azerbaycandan-human-rights-watcha-etiraz-resmi
Oxunma sayı: 668

“Human Rights Watch” təşkilatının insan haqlarının dünyadakı vəziyyətinə dair hesabatında Azərbaycanda etiqad azadlığı ilə bağlı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti açıqlama yayıb. Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan açıqlamada deyilir ki, Azərbaycan Respublikasının din sahəsində apardığı siyasət, cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikir və söz azadlığı, vicdan azadlığı üzərində qurulub. Eyni zamanda dövlətin din sahəsindəki siyasəti beynəlxalq hüququn prinsiplərinə və normalarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ-hüquqi aktlara əsaslanır: “Bütün müasir demokratik dövlətlər kimi, Azərbaycan Respublikası fikir və söz azadlığı, vicdan azadlığı prinsiplərini gündəlik həyatda təmin etməyə və qorumağa çalışır. Bu sahədə görülən işlər həyatın ən vacib elementlərindən biri kimi, Azərbaycan Respublikası hökumətinin diqqət mərkəzindədir və dövlətimiz ölkədə və dünyada dini azadlıqların qorunması ilə bağlı bütün səyləri dəstəkləyir. Bu baxımdan “Human Rights Watch” təşkilatının dünyada insan haqları ilə bağlı illik icmalını insan haqlarının qorunması istiqamətində göstərilən səylərdən biri kimi qiymətləndirir və bu təşəbbüsü müsbət dəyərləndiririk.

Azərbaycan Respublikası hökumətinin din sahəsində apardığı siyasət, vətəndaşların etiqad azadlığı haqqını təmin etmək sahəsində həyata keçirdiyi tədbir və qərarlar öz müsbət bəhrələrini verməkdədir. İndiki zamanda Azərbaycan Respublikasında dini etiqad azadlığı tamamilə təmin edilir, dini durum sabitdir, ölkədəki dini tolerantlığın səviyyəsi yüksəkdir, dini mövzularda beynəlxalq konfranslar və görüşlər keçirilir, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyə yol verilmir. Dövlət orqanları bütün vətəndaşların, o cümlədən dini icmaların üzvlərinin hüquqlarını qoruyur. Cəmiyyətdə müxtəlif dinlərin nümayəndələri arasında ümumi dostluq mühiti hökm sürür.

Dini fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ölkədə dini qurumların məsələlərinin həlli, dövlət-din münasibətlərinin daha da tənzimlənməsi və vicdan azadlığının tamamilə bərqərar olunması istiqamətində səylərini əsirgəmir.
Təşkilatın Hesabatında bildirilir ki, qanunlarda edilmiş əlavə və dəyişikliklərlə guya dini qurumlar üzərində daha çox məhdudiyyətlər qoyulur. Digər demokratik dünyəvi dövlətlərdə olduğu kimi, Azərbaycan Respublikasında dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri, ictimai qaydanın təmin edilməsi, sağlamlığın, mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Bu məsələ “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununda əks olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə zərurətdən yaranan düzəlişlərin edilməsi ölkədəki dini tolerantlıq mühitini qoruyub saxlamaq, dini duruma mənfi təsir göstərən halların qarşısının alınması məqsədilə edilmişdir.

Dini etiqad azadlığı üzərində məhdudiyyətlər barədə olan hissə ilə bağlı bildiririk ki, DQİDK tərəfindən hər hansı vətəndaşa və dini quruma heç bir məhdudiyyət qoyulmamışdır. Sadəcə olaraq, onlardan qanun çərçivəsində fəaliyyət göstərmələri tələb olunmuşdur.

Hesabatda bildirilir ki, 2010-cu ilin iyun ayında Gəncə şəhərində “Yehovanın şahidləri”nin toplantısının qarşısı polis tərəfindən alınmışdır. Məlumat üçün bildiririk ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci bəndinə əsasən bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyətində (DQİDK-da) dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. 2010-cu ilin iyun ayında Gəncədəki “Yehovanın şahidləri” icması Dövlət Komitəsində qeydiyyatdan keçmədən fəaliyyət göstərərək dini toplantılar təşkil etməyə cəhd etmiş, bunun qarşısı polis tərəfindən alınmışdır. Tədbirin qarşısını alarkən polis əməkdaşları İnzibati Xətalar Məcəlləsinin “Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması”nı əks etdirən 299-cu maddəni (299.0.2. dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulması) rəhbər tutmuşlar. Göründüyü kimi, Gəncə şəhərində “Yehovanın şahidləri” dini icmasına mənsub bir qrup şəxs “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsini pozmaqla inzibati xəta törətmişlər.

Əlavə olaraq bildiririk ki, dini qurumlar tərəfindən qanun pozuntusuna yol verilmirsə, onların fəaliyyətinə hökumət tərəfindən heç bir maneə və ya nəzarət olunmur.
“Yehovanın şahidləri”nin Gəncə dini icmasının qeydiyyata alınmaması həqiqəti əks etdirsə də, eyni zamanda bir sıra məsələlərə aydınlıq gətirmək üçün aşağıdakı şərhlərin verilməsini zəruri hesab edirik:

Qeydiyyat:
Qanunvericiliyə əsasən, 2009-cu ilin sentyabr ayından dini qurumların ilkin qeydiyyatı ilə yanaşı, əvvəllər qeydiyyatdan keçmiş dini qurumların yenidən qeydiyyatdan keçmə prosesi başlamışdır. Ötən iki il ərzində heç bir ayrı-seçkiliyə, ləngitmə hallarına və digər qanunsuzluqlara yol verilmədən 570 dini qurum yenidən və ya ilk dəfə dövlət qeydiyyatından keçmişdir. Onlardan 20 dini qurum qeyri-islam təmayüllüdür. 30 dini qurumun qeydiyyatına imtina sərəncamı verilmişdir, lakin onlardan 2-si imtinaya səbəb olmuş nöqsanları aradan qaldırdığından qeydiyyatdan keçmişdir. Sənədləri qanunvericiliyin tələbinə uyğunlaşdırmaq üçün 191 islam təmayüllü dini icmanın sənədi Qafqaz Müsəlmanları İdarəsinə geri qaytarılmışdır.

Qeydiyyatdan keçmə prosesi bəzi hallarda mübahisəli məsələlərin məhkəməyə çıxarılması ilə də müşahidə olunur. Lakin bütün hallarda işin məhkəmə səviyyəsində həll edilməsinin təşəbbüskarı kimi yalnız dini icmalar çıxış etmişlər. Əvvəllər qeydiyyatdan keçmiş, lakin müxtəlif səbəblərdən yenidən qeydiyyatdan keçməmiş dini icmaların köhnə şəhadətnamələri hüquqi qüvvəsini saxlamışdır və onlar hüquqi şəxs statuslarını itirməmişlər.

Qeydiyyat qaydaları çox sadədir. Bunun üçün vətəndaşdan qanunla müəyyən edilmiş minimal sayda və toplanması asan olan sənədlər tələb olunur. Dini qurumların qeydiyyatdan keçmə prosesində heç bir süründürməçiliyə yol verilmir. Əgər hansısa dini qurum qeydiyyatdan keçməyibsə, bunun qanuni əsasları olmuşdur və bu barədə həmin dini qurum məlumatlandırılmışdır. Dövlət qeydiyyatı prosesində hər hansı problemin mövcudluğu, bir qayda olaraq, DQİDK ilə deyil, dini qurumların özləri ilə bağlıdır. Dini qurumların dövlət qeydiyyatı üçün tələb olunan sənədlər lazımi qayda və formada DQİDK-ya təqdim edildiyi halda, qeydiyyat tələb olunan müddətdə həyata keçirilir və ləngiməyə yol verilmir. Qeydiyyat prosesində heç bir ayrı-seçkilik yoxdur.
DQİDK tərəfindən dini icmaların dövlət qeydiyyatına alınmasından imtina edilməsi hər bir halda qanunvericiliyin tələblərinə uyğun formada və qaydada rəsmiləşdirilmişdir.
Dini qurumların yenidən və ilkin dövlət qeydiyyatından keçmə prosesi
davam edir.

İcmalda qeyd edilən vahid məktəbli formasına keçidlə bağlı yaranmış hicab probleminə dair bildiririk ki, qadınların orta ümumtəhsil məktəblərində və universitetlərdə hicab taxmalarının qarşısının alınması Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və təhsil müəssisələrinin səlahiyyətlərinə aiddir. Bu məsələ “Təhsil haqqında” Qanunun 14.10-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, Azərbaycan Respublikasında bütün təhsil müəssisələrində təhsil alanların geyim formaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Digər məhdudlaşdırıcı qanunvericilik aktları mövcud deyildir.
Bütün demokratik dünyəvi dövlətlərdə olduğu kimi, Azərbaycan Respublikasında da vahid məktəbli formasının tətbiqi vicdan azadlığının pozulması kimi qələmə verilə bilməz.
Hesabatda qeyri-qanuni fəaliyyət göstərən Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun və digərlərinin həbsinə dair qeydlə bağlı bildiririk ki, baş vermiş hadisələr kriminal xarakter daşıyır və bunu dini etiqad azadlığının pozulması, eləcə də dini ayrı-seçkiliyə yol verilməsi kimi qələmə vermək tamamilə əsassızdır. Təbii ki, hər bir hüquq pozuntusu müvafiq hüquqi məsuliyyətə səbəb olur və qanunu pozan şəxsin cəzalandırılması labüddür. Törədilmiş hüquq pozuntusu faktı isə qanunvericiliklə müəyyən olunmuş qaydada rəsmiləşdirilir”.