Azərbaycandan Kürün istiqamətinin dəyişdirilməsinə - Cavab

azerbaycandan-kurun-istiqametinin-deyisdirilmesine-cavab
Oxunma sayı: 675

Qafqazinfo xəbər verir ki, Nazirliyin Ekologiya və təbiəti mühafizə şöbəsinin sektor müdiri Mütəllim Həsənov çərşənbə günü Trend-ə bildirib ki, Türkiyə öz dövlətçilik hüququndan istifadə edərək təbii su ehtiyatlarından bir hissəsini öz kənd təsərrüfatı və energetika ehtiyaclarını ödəmək üçün istifadə etmək fikrindədir.

Türkiyədə tikintisi planlaşdırılan "Beşikkaya" SES-in işləməsi üçün Kür çayının suyundan istifadə edilməsi gözlənilir.

"Bununla bağlı azərbaycanlı mütəxəssislərin iştirakı ilə Türkiyədə araşdırmalar aparılıb və Ərdahan bölgəsində həyata keçiriləcək layihənin xüsusiyyətləri müəyyən olunub. Bu bölgədə formalaşan su ildə 1 mlrd. kubmetrə yaxındır ki, bu da Gürcüstana ötürülür. Türkiyə bu həcmin yalnız 285 milyon kubmetrini öz məqsədləri üçün istifadə etmək fikrindədir", - o deyib.

Həsənovun sözlərinə görə, hazırda layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanır. Layihənin həyata keçirilməsi Türkiyə hökuməti tərəfindən dəstəklənir.

"Azərbaycana Gürcüstan sərhədindən Kür çayı vasitəsilə daxil olan sular ildə 8,7 mlrd kubmetrdir. Kür çayının ümumi illik su ehtiyatları isə 26,9 mlrd kubmetrdir. Götürüləcək 285 mln kubmetr su Gürcüstandan daxil olan ümumi suyun cəmi 3 faizini təşkil edir ki, bunun da Azərbaycanın su ehtiyatlarına, onun ekosisteminin digər sahələrinə heç bir mənfi təsiri gözlənilmir", - nazirlik nümayəndəsi deyib.