Azərbaycandan Sarkoziyə ictimai müraciət - Mətn

azerbaycandan-sarkoziye-ictimai-muraciet-metn
Oxunma sayı: 680

“Atlas” Araşdırmalar Mərkəzindən “Qafqazinfo”ya daxil olan müraciətdə müəlliflər bildirirlər ki, onlar Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri olaraq Fransa Parlamentinin “erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanunun qəbul etməsi təşəbbüsündən narahatlıqlarını bildirirlər: “Bu qanun Fransa-Türkiyə münasibətləri ilə yanaşı Fransa-Azərbaycan münasibətlərinə də mənfi təsir edəcək. Biz də Türkiyə ictimaiyyəti kimi ötən əsrin əvvəllərində baş verən olaylara ilk öncə tarixçilərin qiymət verməsini, ortaq tarix komissiya qurulması ideyasını dəstəkləyirik. Ona qalsa yaxın tariximizdə baş verən soyqırımları araşdırmağa ehtiyac var. Ötən əsrin ortalarında Əlcəzairdə müstəqillik uğrunda savaşanların kütləvi şəkildə öldürülməsi və ya 1990-cı illərin əvvəllərində Ruandada baş verən qətliamın şahidləri bu gün də sağdır. 1992-ci ildə Azərbaycanın Xocalı yaşayış məntəqəsində dinc sakinlərin, yaşlıların, qadın və uşaqların kütləvi qətliamı da yaddaşlarda həkk olunub.

Adı çəkilən qanun qəbul edilərsə, bu Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllindəki vasitəçiliyinə - tərəfsizliyinə kölgə salacaq. Qanunun qəbulu halında Azərbaycanın siyasi dairələrində və ictmaiyyətində Fransanın həmsədrliyindən imtina edilməsi fikri güclənəcək. Ona görə də, Fransa-Azərbaycan münasibətlərinin soyumaması naminə Sizdən həmin qanunu müzakirəyə və səsverməyə çıxarmamağa çağırırıq”.

Müraciəti “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu, “İnam” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazı, Yazıçı, publisist Mehriban Vəzir, Jurnalist Nicat Səmədoğlu, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu və Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbər imzalayıb.