“Azərbaycanı istəməyən qüvvələr koalisiya təşkil ediblər” – Müsahibə

azerbaycani-istemeyen-quvveler-koalisiya-teskil-edibler-musahibe
Oxunma sayı: 638


- İlqar müəllim, respublikamız hazırda mühüm beynəlxalq mahnı müsabiqəsinin lap ərəfəsindədir. Amma, deyəsən, ölkədə bir gərginlik də duyulmaqdadır...

- Fikrimcə, biz buna bir qədər adi yanaşmalıyıq. Ümumiyyətlə, kütləvi beynəlxalq tədbirlərin keçirildiyi ölkələrdə o ölkənin səviyyəsindən asılı olmayaraq, hansı regionda yerləşməsindən asılı olmayaraq orada mütləq müəyyən gərginliklər müşahidə olunur. Çünki istənilə beynəlxalq tədbir müxtəlif dövlətlərin, müxtəlif xalqların, müxtəlif siyasi-iqtisadi quruluşların və ən müxtəlif maraqların kəsişdiyi bir nöqtəyə çevrilir. Əgər bu tədbir, həqiqətən də, beynəlxalq əhəmiyyət daşıya bilirsə. Tədbirin beynəlxalq çəkisindən asılı olaraq o qədər də ziddiyyətlər ortalığa çıxır. Götürək elə ""Böyük Səkkizlər"in tədbirini. Bu tədbir ən sivil ölkələrdə keçirilir. Və hər dəfə də bu tədbirə qarşı müxtəlif aksiyalar təşkil edilir və böyük iğtişaşlar alınır, siyasi fikirlər toqquşur. Biz əvvəldən bilirdik ki, "Eurovision" da belə böyük tədbirlərdən biridir. İndi növbə Bakıya çatıb və istər-istəməz Bakı bu tədbiri istəyənlərin və istəməyənlərin, o cümlədən Azərbaycanı istəyənlərin və istəməyənlərin qarşılaşa biləcəyi meydana çevrilə bilər. Bu tədbirə münasibətdə müxtəlif dünyagörüşə və quruluşa malik olan dövlətlərin mövqeləri də fərqlənir.
Azərbaycanda isə müxalifət-iqtidar gərginliyi həmişə var. Əlbəttə, bu ərəfənin özü də bir ictimai bir coşqu ərəfəsidir. Və bu məqamda müxalifətin tələbləri bir qədər də qabarıqlaşıb.

- Gəlin, söhbəti bir qədər də detallaşdıraq. MTN-in məlum Gəncə əməliyyatından sonra Səudiyyə Ərəbistanından vəhabilər bəyanat verib bildirdilər ki, "Gəncədə öldürülmüş qardaşımızın qisasını alacağıq". Onların Azərbaycanda əl-qol açmaq imkanları isə kifayət qədərdir...

- Bu bir faktdır ki, vəhabilərin nəinki Azərbaycanda, hətta Rusiyada da böyük şəbəkələri var. Buna təəccüblənməməliyik.Onların dünyanın bir çox ölkələrində şəbəkələri mövcuddur. SSRİ dağılandan sonra Azərbaycan müxtəlif dini təriqətlərin poliqonuna çevrilib. Amma Azərbaycanın dövlət təhlükəsizliyini qoruyub saxlaya biləcək qurumlar öz yerindədir.

- Yəni əməliyyat şəraiti nəzarətdədir?

- Əlbəttə ki, əməliyyat şəraiti nəzarətdədir. Yəni vəhabilərin belə bir beynəlxalq tədbir ərəfəsində fəallaşması təbiidir. Amma eyni zamanda ölkənin güc strukturlarının bir qədər də profilaktik addımları məsələsi də var. Ola bilsin ki, həmin şəbəkələrin müəyyən fəaliyyəti bizim təhlükəsizlik orqanlarına əvvəldən də məlum imiş. Amma bu vaxtlarda bir qədər sığortalanmaq üçün, bir qədər önləyici addımlar üçün o yuvaları bir-bir qurdalayıb üzə çıxardılar və onları "Eurovision" ərəfəsində zərərsizləşdirdilər.

- Bakıda olacaq tədbirə qarşı ən kəskin formada reaksiya verən tərəflərdən biri də İrandır. İran bu müsabiqəni bəhanə edib Qərblə qarşıdurmasını Azərbaycana transfer etmək cəhdləri sərgiləyir. Təbrizdəki konsulluğumuzun qarşısında keçirilən aksiya, ölkədə radikal irançıların fəallaşmaq cəhdləri bundan xəbər verir...

- İranın təkcə Azərbaycanda deyil, ümumiyyətlə, dünyanın hər hansı bir nöqtəsində nəyəsə nail olmaq imkanları çox məhduddur. Ola bilsin ki, illərlə bundan əvvəl nəyəsə nail olub. Məsələn, Suriyada, Livanda və s. Amma son dövrlərdə İranın bu imkanları xeyli məhdudlaşıb. İkincisi, İranın hansısa təxtribat imkanları olsa da, yenə də təkrar edirəm, Azərbaycan tamamilə İranın sferasına aid olmayan bir ölkədir. Düzdür, Azərbaycanla qonşuluq şansından istifadə edir, həm orada, həm də burada yaşayan soydaşlarımızın əlaqələrindən yararlanır, İslam amilindən faydalanmağa çalışır. Şəbəkələr qurmağa can atır. Bu çalışmaların müəyyən nəticələri də olub. Bunu bu yaxınlarda aydın şəkildə gördük. Amma bu addımların hamısı elə bir nəticə verə biləcək dərəcədə tutarlı ola bilməz. Ölkənin xüsusi xidmətləri bu təxribatların qabağını vaxtında ala bilir. Hələ ki uğur Azərbaycanın tərəfindədir.

- Gələk müxalifətə. Ölkə müxalifəti bu gün özünü atasını görəndə ruhlanmış döyülən uşaq kimi aparır. Yəni bu qurum da "Eurovision" şansından maksimum faydalanmağa çalışır...Onlar nəyə nail ola bilərlər?

- Belə deyək də. Azərbaycanda böyük bir beynəlxalq tədbir keçiriləcək. Bu tədbir Azərbaycanın bir güzgüsüdür, ümumazərbaycan məsələsidir.
Əlbəttə, dövlət bu tədbirə görə əlindən gələni edir, böyük işlər görülüb, qurğular qurulub, tikintilər aparılıb. Bu tədbirdə Azərbaycan ictimaiyyəti də çox maraqlıdır və istəyər ki, bu tədbir layiqli şəkildə keçsin. Burada söhbət Azərbaycan hakimiyyətindən getmir. Bu tədbiri Azərtbaycana Azərbaycan hakimiyyətinə görə layiq görməyiblər. Bunu layiq biliblər Azərbaycana görə, Azərbaycan xalqına görə, Azərbaycanın dünyada tutuduğu mövqeyə görə. Yoxsa heç bir hakimiyyət bu tədbiri istədiyi ölkəyə saldıra bilməz. Bu tədbir Avropanın tədbiridir. Ona görə də hesab edirəm ki, bu mərhələni, bu müsabiqəni yola vermək lazımdır. Belə bir vaxtda ictimai-siyasi ziddiyyətləri mümkün qədər kənara qoymaq lazımdır. Bu məqamda fürsətçiliyə cəhd etmək xoşagələn addım deyil. Amma bir məsələ də var. Söhbət vicdan məhbuslarından gedir. Ölkədə vicdan məhbusları varsa, heç bir ədalətli insan deyə bilməz ki, bu vicdan məhbusları həbsdədirsə, onlar qoy "Eurovision"un xatirinə hələ də həbsdə qalsınlar. Buna görə də hesab edirəm ki, vicdan məhbusları azad olunmalıdır. Çünki hansısa bir beynəlxalq tədbirə görə, ümumazərbaycan məsələsinə görə kimnsə bir saat, bir gün və ya on ay həbsdə qalması düzgün deyil. Mən hesab edirəm ki, hakimiyyət bu istiqamətdə müəyyən yumşaldıcı addımlar atmalıdır. Fikrimcə, çox yaxşı olardı ki, bu ərəfədə müxalifətlə iqtidar arasında bir dialoq baş tutaydı. Bu tədbir ölkədəki ab-havaya bir mülayimlik gətirə bilərdi. Bu bir şans idi. Ölkədəki gərginliyi yumşaltmaq üçün bir səbəb ola bilərdi bu addım.

- Deyəsən, Nabucco layihəsi Rusiyanın təzyiqi ilə tədricən gündəlikdən çıxır...

- Buna beynəlxalq aləmdə gedən siyasi proseslərin istiqamətinin dəyişməsinin bir nəticəsi kimi yanaşmaq olar. Ümumiyyətlə, Nabucco nə deməkdir? Orta Asiyanın karbohidrogen ehtiyatlarının Avropaya nəql edilməsi üçün nəzərdə tutulan çoxlu variantlardan biridir. Bu xəttin taleyi Şərqlə Qərbin münasibətlərinin gələcəyindən asılıdır. Şərq tərəfdən Nabucconun əsas partnyoru Azərbaycan ola bilər və bu, faktiki olaraq da belədir. Çünki Azərbaycanın iştirakı və razılığı olmadan bu kəmərin reallaşmaq imkanları çox məhduddur. Çünki Türkmənistandan gələcək xammal da Azərbaycan vasitəsilə Qərbə nəql olunmalıdır. Bu məqamda bir məsələyə də diqqət yetirməliyik: son zamanlar Azərbaycanla Avropa arasında, xüsusən də Almaniya ilə bir gərginlik yaşanmaqdadır. Bu da ayrıca bir söhbətin mövzusudur. Bəziləri bunu nə iləsə izah etməyə çalışırlar. Amma fikrimcə, bu, belə deyil. Bu gərginliyin köklü səbəbləri var, bunları axtarmaq lazımdır. Güman ki, Azərbaycan hakimiyyətinin hansısa addımları, xüsusən də Putinin Rusiyada hakmiyyətə gəlməsi ərəfəsində nələrsə Qərb dövlətlərini təmin etmir. Həm də güclü şəkildə təmin etmir. Hətta o dərəcədə ki, Azərbaycan məsələsində Almaniya kimi həmişə neytral mövqe tutan bir dövlət (biz bu neytrallığı həmişə Norveçdən, İngiltərədən gözləyirdik) bizə qarşı təzyiqə başlayıb. Necə deyərlər, Almaniya Azərbaycana münasibətdə Birləşmiş Ştatları əvəz etməyə çalışır. Yenə də təkrar edirəm: burada köklü bir səbəb olmasa, Almaniya bu addımı atmaz.

- Bakıda "Eurovision-2012"-nin keçirildiyi vaxtlarda Ermənistan cəbhə xətiində bu fürsətdən istifadə etməyə çalışa bilərmi?

- Ermənistan bundan artıq istifadə etməyə başlayıb. Öz müşahidələrimə və tədqiqatlarıma görə hesab edirəm ki, "Eurovision" məsələsində bu müsabiqəni deyil, Azərbaycanı istəməyən qüvvələr bir koalisiya təşkil ediblər. Bu, elan edilməmiş bir ittifaqdır. Rəsmən elan edilməyib. Adı da Antiazərbaycan koalisiyasıdır. Bu koalisiyanın başında Ermənistan durur. Hətta bu yaxınlarda Təbrizdəki konsulluğumuzun qarşısında keçirilən aksiya da həmin koalisiyanın tərkib hissəsidir. Ona görə də Ermənistanın ölkəmizdə təxribat törətməsi ehtimalı yüksəkdir. Ermənilər belə təxribatların ustasıdırlar. Onlar tarixən belə işlərdə ustalaşıblar. Biz buna hazır olmalıyıq. Dövlətin xüsusi xidmət qurumları, hesab edirəm ki, bunlara qarşı tamamilə hazırdır. Amma bir cəmiyyət olaraq biz də diqqətli olmalıyıq.

Unikal.org