“Azərbaycanı məzhəb savaşının içinə sürükləmək istəyirlər”

azerbaycani-mezheb-savasinin-icine-suruklemek-isteyirler
Oxunma sayı: 655

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu bölgədəki son hadisələr fonunda müsəlman aləmində məzhəb ayrı-seçkiliyinin artdığını və Azərbaycanı da bu qovğanın için sürükləmək cəhdlərinin olduğunu bildirib. “Qafqazinfo”nun məlumatına görə, politoloq bu işin başında İranın dayandığını deyib: “Tehran Suriyadakı rejimi sadəcə ona görə müdafiə edir ki, Əsəd ailəsi ələvidir. Belə çıxır ki, Əsəd Suriyadakı çoxluqdan, sünilərdən olsaydı Tehran onu müdafiə etməyəcəkdi. Tehran sözdə İslam həmrəyliyindən danışır, ancaq Suriyada günahsız insanların qətliamına göz yumur. Halbuki, Tehran Tunis, Misir və Liviyadakı olayları təqdir etdiyini bildirir, bununla avtoritar rejimlərin çökdüyünü vurğulayır. Ancaq elə ki, söhbət Suriyadakı qarşıdurmaya çatdıqda, Tehran bunun arxasında Qərbdəki imperialist qüvvələrin, süni əhalisi olan dövlətlərin – Qətər, Türkiyə və digərlərinin dayandığını iddia edir. İran İraqda da eyni siyasəti yürüdür. Baş nazir Əl Malikini sadəcə şiələrin təmsilçisi olduğu üçün müdafiə edir, onu tənqid edənləri isə görməzlikdən gəlir. İranın bu siyasəti bircə Azərbaycana münasibətdə fərqlidir. Tehran torpaqları işğal altında olan Azərbaycan dövlətini müdafiə etməkdənsə, işğalçı Ermənistana dəstəyini əsirgəmir. Yəni işinə yaradığı təqdirdə, Tehran “şiə təəssübkeşliyindən” kənara çıxaraq müsəlman torpaqlarını işğal edən xristian dövlətə qucaq açmağa da hazırdır”.

İraq və Suriyadakı proseslərin şiə-süni qarşıdurmasını bir az daha dərinləşdirdiyini deyən analitik təhlükənin miqyasının getdikcə atdığına diqqət çəkib: “İraqın şiə baş naziri ölkə prezidentinin müavini, süni məzhəbinə bağlı Tarık Haşiminin həbsinə qərar verməsi ilə vəziyyəti bir az daha qəlizləşdirdi. Doğrudur, Haşimi həbs olunmayıb, ancaq onun ölkənin şimalında, kürdlərin nəzarəti altındakı Süyemaniyyədə qərar tutması da İraqa yaxşı heç nə vəd etmir. Tarık Haşimini Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan da müdafiə edir. Haşimi Bağdaddın ona qarşı terrora dəstək verməsi ittihamını rədd edərək, Kərkükdə mühakimə olunmasını istəyir. Suriyada ələvi rejimin ölkənin əsas narazı vətəndaşları olan süniləri hədəf alması və qətliamların miqyasını getdikcə artırması bölgədə məzhəb üzrə ayrı-seçkiliyi daha da dərinləşdirir. Aydındır ki, Suriyadakı sünilərin qətliamına nə Türkiyə, nə də ərəb ölkələri seyrçi qala bilər”.

Elxan Şahinoğlu məzhəb mənsubiyyətinə görə bəzən yanlış nəticələrin verildiyini də söyləyib: “Türkiyədə nəşr olunan “Habertürk” qəzetinin yazarı Fateh Altaylı son yazılarının birində qeyd edib ki, Azərbaycan şiə dövləti olduğuna və İranda dini liderin və onun ətrafını azərbaycanlılar təşkil etdiyinə görə, Azərbaycan məzhəb savaşında Türkiyəyə qarşı İranın yanında olacaq. Müəllif Türkiyədə peşəkar köşə yazarı və televizyonçu kimi tanınsa da, görünür, Azərbaycanı, Azərbaycan-İran münasibətlərini və İrandakı mövcud durumu yaxından izləmir. Yazar gerçək vəziyyətlə tanış olsaydı, Azərbaycanın Türkiyənin yanında yer almayacağını yazmazdı. Fransanın Türkiyəyə qarşı siyasətində rəsmi Bakının Ankaraya gözlənilən dəstək vermədiyini biz də tənqid edirik, ancaq bu amil iki strateji müttəfiqin fərqli cəbhələrdə yer almasına da dəlalət etmir. Rəsmi Bakı Ankara ilə münasibətlərdə məsafə saxlaya bilər və bu yanlış siyasətdir. Ancaq bu o demək deyil ki, rəsmi Bakının alternativ seçimi İrandır. Azərbaycan prezidenti hansı məzhəbdən olursa, olsun onun İrandakı indiki rejimi və onun planlarını dəstəkləməsi nə obyektiv, nə də subyektiv səbəblərdən mümkündür. Türk millətinin sünisi, şiəsi və xristianı da var. Ancaq bu o anlama gəlmir ki, sünni türklər ərəblərə, şiə türklər İrana, xristian türklər isə mütləq Qərb dünyasına bağlı olmalıdırlar. Bu gün Azərbaycanın tək müttəfiqi var, o da Türkiyədir və o bunu əməli ilə sübut edib. Azərbaycan xalqı da Türkiyənin əleyhinə formalaşan və ya formalaşa biləcək heç bir qrupda, ittifaqda yer almaz. Əks halda Azərbaycan dövlətinin varlığı sual altında qalar. Azərbaycan orta əsrlərə qayıdası deyil ki, kiminləsə ittifaq və ya strateji müttəfiqliyi məzhəb əsasında seçsin”.